Sevgilimin oğurladığı 135 balın hekayəsi

Sevgilimin oğurladığı 135 balın hekayəsi
12 avqust 2016
# 12:37

Ayxan Ayvaz

İmtahanlardan uğurla keçmiş və tələbə adını qazanmış hər kəsi təbrik edib növbəti abzasdan öz tələbə olmaq xatirəmi paylaşıram.

Əsas imtahandan əvvəl həmişə sınaq imtahanları olurdu. Mən sonuncu sınaq imtahanından 500 bal toplamışdım. Həmin gün atam elə sevindi, elə sevindi ki, dostlarını da evimizə dəvət edib yaxşı bir süfrə açdırdı. Yeyib-içmə, gətir-götür, sağlıqlar... Bu mənzərəni pozmaq istəmirdim. Əslində gülməli bir şey baş vermişdi: atam elə bilmişdi ki, artıq mən tələbə adı qazanmışam. Dostları da içkili ağızları ilə məni öpüb tərifləyirdilər. Həmin gün qonaqlıq başa çatandan sonra atama tələbə olmadığımı, sınaq imtahanı olduğunu deyəndə bir az da içkinin təsirindən kövrəldi: “Sənə inanıram ki, əsas imtahandan uğurla keçəcəksən”.

İmtahan günü anam “Ayətül-kürsü" duasını qoymuşdu cibimə, nəzarətçi almışdı ki, bu sənə lazım olmayacaq. Mən imtahanda sualları yazmaqda olum siz isə başqa əhvalat dinləyin.

Həmin il, yəni 11-ci sinifdə, hamının əlindən test kitabları düşməyən ağır il mən iki sinif aşağıda oxuyan bir qızı sevirdim. Üstəlik, hekayələr yazmağa başlamışdım. Hələ bunun bədii kitablar oxumağı, axşam atamla intellektual söhbətlər etməyi, gecələr hüznlü mahnılar dinləməyi vardı. Ağlayıb eləmirdim, artistlik eləməyim. Ancaq bütün günü qızı düşünürdüm. Hazırlıqlara gedəndə o qızdan danışırdım, kitabı açanda gözümə onun yerişi, saçları ilə oynamağı gəlirdi. Müəllimlər, dostlarım, hazırlıq yoldaşlarım əlimdən bezmişdi. O qızdan danışacaq adam axtarırdım...

Qız da “yox” dedi bir gün, imtahana az qalmış. Sındı qol-qanadım yanıma düşdü. İndi özünüz təsəvvür eləyin: bütün günü hekayə yazmaq üçün çalışıb-vuruşan, bədii kitabları acgözlüklə oxuyan, gecələr hüznlü mahnılar dinləyən, hələ üstəlik sevdiyi qızdan yox alan biri necə imtahan verə bilərdi?

Cəmi-cümlətanı 365 bal topladım. Sınaqdan 135 bal az. Ədəbiyyat mənə burda da kömək elədi. 25 sualın hamısını düz yazmışdım. İngilis dili və riyaziyyat sevdiyim qız kimi məni yenə çətinə salmışdı...

2009-cu il, yəni mənim imtahan verdiyim il çox çətin olmuşdu. Suallar üstündə dava-qırğın düşmüş, o vaxtkı TQDK-nın binasının qabağında valideynlər yığışıb etiraz etmişdi. Alimlər suallara verilən beş cavabdan ikisini düzgün hesab edirdilər.

Üstəlik imtahan verdiyim gün də cavab kartları əlindən alınan qızın göz yaşları gözümün qabağından getmirdi. Yaman həssas olmuşdum, ən adi şeydən kövrəlirdim.

Ballarım az çıxanda atamla anam çox pis oldular. Evdə ən güvənilən adam mən idim. İndi mən də onların inamını laxlatmışdım. Atam dedi ki, hazırlaş əsgərliyə. İncimişdi məndən, hiss edirdim. Ancaq axşam ona sevdiyim qız haqqında danışanda mənə təsəlli verdi: “Həmişə bir qızı sevirsən, ona çatanda isə sənin üçün maraqsız gəlir. İndi o qız sənə əlçatmaz gəlir. Ancaq düşün ki, o da əlçatmaz deyil, bütün insanlar kimi...”

Kədərli gün idi, nə yalan deyim. Hamı sus-pus oturmuşdu, heç kimin ağzı açılmırdı. Evimiz sanki əli qoynunda bizə baxırdı.

Dostlarla görüşüb içmişdik səhərisi gün. Onlar zəng eləyib sevdiyi qızlara əsgər gedəcəklərini dedilər. Mən isə zəng edəcək birini tapmadım. Dostlarımın da balları yetərli deyildi. Həmin gün içkidən, bir az söhbətdən sonra dərdli-dərdli ayrıldıq.

Növbəti gün isə şok edəcək bir xəbər aldıq: ballar aşağı düşüb və biz artıq tələbəyik.

Atamla hansı universitetə düşdüyümə baxdıq. Məni maraqlı illər gözləyəcək Slavyan universitetini görəndə çox sevinmişdik. Birinci onu yazmışdıq çünki.

Həmin gün yenə dostlarını çağırdı atam, gözəl bir süfrə açdıq. Bu dəfə sağlıqlar da, deyilən arzularda hədəfə dəyirdi. Çünki tələbə olmuşdum. Sevdiyim qız nə oldu? Onu soruşursunuz? Boş verin, belə gündə qanımızı qaraltmayaq.

Atamın tələbəliyimin ilk günündə universitetin həyətində siqaret çəkə-çəkə dediyi sözlər yazımın son cümləsi olsun: “Bütün pis xəbərləri alt-üst edəcək gözəl xəbərin gələcəyinə həmişə inan”.

# 1917 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #