Ədəbiyyata “çerez-yataq” gələnlər...

Ədəbiyyata “çerez-yataq” gələnlər...
4 iyul 2014
# 14:03

Şəhriyar del Gerani

“Sirr nə vaxtsa açılacaq sirdirsə, deməli, heç əvvəlcədən sirr kimi yaradılmayıb”. Bu frazanı “Gizli Dədə Qorqud”dan götürmüşəm. Yaxşı da eləmişəm. İndi gözünüzü döyəcəksiz ki, “Gizli Dədə Qorqud” nədi? Müəllifi kimdi? Mən də naşıyam axı, bu dəqiqə hamısını açıb danışacam. Ay-hay...


Deməli belə, niyə sirdən danışdım? Əslində hazırkı “ədəbi mühit” deyə ortada olan bir neçə adam təpə-dırnaq sirdi. Özü də əksəriyyəti açılmış sirlərdi. Yəni, əvvəlcədən Tanrı bu sirləri yaradanda “mırta” yaradıb, elə-belə. Mən ölüm sözümü qəribçiliyə salmayın. İndi sizə Smolenskdə tanış olduğum Lyubov adlı bir nəfərlə söhbətimi təqdim edəcəm. Smolensk – Rusiyada şəhər adıdı. Əmim orda yaşayır, gəzməyə getmişdim. Əmimin yaşamaq üçün oranı seçməsinin də bir səbəbi var – Smolensk “Qəhrəman şəhər”di. 1985-ci ildə bu fəxri adı oraya veribdilər. Yaxşı da eləyibdilər. İkinci dünya müharibəsinin qanlı izlərini hələ də küçələrdə tapmaq olar. Döyüşən şəhər olub. Dəhşət!
Lyubov da qız adıdı, sonluğun “ov”la bitməsinə baxmayın. Yeganə qız adıdır ki, “a”, “ya”sızdı. Nə isə. Bunları sizə izah elədim ki, söhbət haqqında bir az da olsa təsəvvürünüz yaransın.


Lyubov yazıçıdı. Azərbaycana tez-tez gəlib-gedir. (baxın, bu son cümlədə sizə bir xırda yazıçı sirri açım. “Azərbaycana tez-tez gəlib-gedir” cümləsi yanlış cümlədi. Amma, bunu siz bilməzsiz. Seyfəddin Hüseynli isə göydə tutub bu səhvi. “Tez-tez gəlir” yazırsansa, tamam, aydındı. Deməli bu birləşmənin içində “getmək” feli də var. Zatən getməsəydi yenidən gələ bilməzdi. Çox incə detaldı. Başa düşmədizsə eybi yoxdu).


Onu deyirdim axı. Lyubov Azərbaycana tez-tez gəlir. ( vicdan haqqı, sizi yaxşı tanıyıram. Ona görə bir də müdaxilə eləyirəm. İndi düşünürsüz ki, “görəsən niyə gəlir”? Eləmi? Kefsiniz özüm-ölüm. Məzəniz olsun...)


Lyubov bizim ədəbi mühiti yaxşı tanıyır. Keçən dəfələrdə bir balaca məclisdə toplaşmışdıq. Başladı bizi ittiham eləməyə. Ki, niyə bu qədər “kuxna xala”nı aranıza buraxmısız?! (Kuxna xala – ifadəsini mənim yazılarımdan götürüb. Ciddi oxucumdu). Məclisdə bir neçə tanıdığınız imzalar da vardı. Adlarını çəkmirəm, təxmin edirsiz yəqin. Heç biri cavab verə bilmədi. Dedim bi özüm dialoqa girim görüm nə demək istəyir. Yaxşı döyül, adımız-sanımız var, əgibdü. Soruşdum ki, “ay Lyubov, qadan alım, açıq danış görüm nə deməy issersən”?


Qayıtdı ki, filankəs-bəhmənkəslər var, yaxşı tanıyıram, 10 ilə yaxındı sizin aranızdayam. Bilirəm ki, onlar “verə-verə” gəliblər. (Lyubovun tərbiyəsizliyinə görə hamınızdan üzr istəyirəm, rusdu dənə, yola verin getsin. “Verməy”i – “əl vermək, salamlaşmaq” kimi başa düşün) Dedim, yenə qanmadım, bir az da açıq danış. Təzədən qayıtdı ki, “bilirsən nəyi deyirəm, özünü artistliyə vurma! Bu dediyim adamlar həmişə verib çap olunublar. Kalxoz sədrinə verib “komsamol” qəzetində, icra başçısının qardaşına verib “baldız.com”-a üzv olublar, “yengə.az” saytının redaktoruna verib “yengə.az”-da çap olunublar”.


Düzü, bir az könlümə toxundu. Həssas adamam axı, o dəqiqə könlümə toxunur. Mən də bir-iki bacının ondan-bundan xahiş eləyib şeir-şüürünü çap elətdirmişəm. İndi adları şair kimi, yazıçı kimi çıxıb. Adamlar ciddiyə alıb fikir-zad öyrənirlər həmin bacılardan. Dözmədim, qayıtdım ki, nolsun salam verib çap olunurlar? Əsas olan mətndi. Onların kimə salam verməklərinin heç kəsə dəxli yoxdu. Lyubov görün nə dedi. Kaş ki, saz olaydı, o, bu dediklərini saz üstündə deyəydi. İnanın yekə bi dənə dastan bağlamaq olardı. Lyubov “si”dən dilləndi: “A kişi, mən nə deyirəm sən nə deyirsən! Versin e, demirəm verməsin. Qandal vurub gəzməyəcək ki?! Amma, məqsədli verməsin. Adam ateistdə də verir dindara da, müxalifətçiyə də verir iqtidara da. Bilmirsən nə istəyir. Fahişə dediyiniz bu adamlardı əslində. Fahişə bədənini yox, ruhunu satandı. Hələ belə xarakterlə də ədəbiyyat yaratmaq istəyirlər. Siz də bunları buraxırsız aranıza. Virus kimi şeydilər bunlar. Rədd eləyin getsinlər də”.


Gördüm yazıq qız əsəbiləşib. Ofisiantdan buz gətirməyini xahiş etdim. Viskiyə bir-iki gilə buz parçası atıb təklif elədim ki, içsin, özünə gəlsin. Yazığın əlləri-ayaqları əsirdi. Bir az sakitləşib yenidən başladı: “Təqaüd dediyiniz bir şey var. Onu ancaq yaradıcı adamlara verməlidilər, Mıxməmmədlərə yox! O pulu verənlərdən yox, alanlardan vicdan tələb eləyin. O adam özü-özünə sual versin – ay balam, bu pulu mən niyə almalıyam, mən ədəbiyyat adına nə etmişəm?! Feysbukda “status” yaza bilməyən adamlar da o pulu alırlar. Namusları “simenlə işləyən”lərə barı siz qarşı çıxın. Mən bundan o yana əxlaqsızlıq tanımıram. Qeyrəti olan adam deyər ki, mən istəmirəm, mən ədəbiyyatda çox “piyadayam”, verin başqalarına – filankəsə, bəhmənkəsə. O adamlara ki, onlar yazmaqdan savayı heç nə bacarmırlar. O adamlara ki, onlar ancaq yazdıqları mətnlərlə dolanırlar, beyinlərini satırlar, bədənlərini, ruhlarını yox. Özü də hər il başqa adamlara yox, dünyanın heç bir yerində ildə 20 istedad istehsal eləmirlər. Belə bir fabrik yoxdu. 20 imzanı seçib 5 illik yüksək qonorar versinlər. Sonra da həmin adamlardan mətn tələb eləsinlər. Əslində prezidentin də, ədəbiyyat adına var olan, yaşayan adamların da amalı bu. Bunu siz təşəbbüs etməlisiz. Siz hər şeyin yuxarıdan tənzimlənməyini istəyirsiz. Bəs o zaman siz nə üçünsüz?


Hiss elədim ki, söhbətin bu yerində bir az bayağılaşdı. Di gəl, bir az da könlümə toxundu. Baxdım ki, yanımızda oturanlar başlarını salıb qıçlarının arasına. Lyubovun danışdıqlarından bircə səhv tutmaq istəyirdim ki, mən də hücuma keçib kişiləşim. Qurban olum allaha, elə bil ürəyimin mızıltısını eşitdi. Lyubov qayıtdı ki, nə qədər ki beləsiz, sizin qədrinizi heç kəs bilməyəcək. Həmişə atılan, tərk edilən, kənarda qalan siz olacaqsız. Nə gündəsiz ki, arvadınız da sizi tərk eləyib gedib hansısa dündülüşə ...” Dedim saxla “köpək qızı”! (köpək qızı-nı ürəyimdə dedim) Dedim, sən hansısa gəncliyindən “xalaşqalıq” eləyən 1-2 nəfərə görə şair, yazıçı arvadlarına sataşa bilməzsən. Bizim dəyərimizi bilən qadınlar var. Nolsun Həmidə xala Mirzə Cəlildən sonra 3 dəfə ərə gedib. Şükriyyə Əhməd Cavaddan sonra nələrə qatlaşdıqlarını bilmirsən. Sürgünə aparıldığı qatarda Şükriyyənin alt paltarını qatarın tualetinə sürtüb əyninə geyindiyini bilmirsən. O bunu ona görə eləyirdi ki, bədəni üfunət qoxusun və heç bir oğraş zabit ona yaxın durmasın. Əhməd Cavadın vicdanına ləkə salmasın. Paltarında sancaq gəzdirib gecələr barmağını deşib öz qanını sovururmuş ki, aclıq hiss eləməsin. Bir tikə çörəyə görə hansısa alçaq “nəçəlnikə” tabe olmasın. Mən bunları danışdıqca gördüm Lyubov ağlayır. Yanımızda oturan dostlar da başlarını qaldırıblar. Lyubov dostları nəmli baxışlarıyla süzərək gözlərini mənim sərtləşmiş və əsəbi üzümdə cəmlədi. Viskidən bir qurtum alıb bircə cümləlik dilləndi: “Bax, ədəbiyyata da bu namus lazımdı, bu xarakter lazımdı. Bayaqdan dostlarının başını aşağı salan “dındığ”ların yazdığı “mamli-matan ədəbiyyatı”ndansa, Şükriyyə kimi qadınların xarakteri lazımdı. Şükriyyənin bir şair kimi öz ərinə verdiyi dəyər bu gün də başqa şairlərin başını dik tutmağa əsas verir”.


Sirr nə vaxtsa açılacaq sirdirsə, deməli, heç əvvəlcədən sirr kimi yaradılmayıb”. Əminəm ki, yaxın zamanlarda bir çox sirlər faş olacaq. O sirlər ki, onlar sirr kimi yaradılmayıblar əslində.

Söhbəti bu yerdə 5:1 Lyubovun xeyrinə yekunlaşdırıram. Yəqin ki, bu söhbətin ardını da yazacam. Özünüzdən muğayat olun. Hələlik...

# 5638 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #