Dili yaxşıdır, ideya da olar, inşallah

Dili yaxşıdır, ideya da olar, inşallah
17 fevral 2014
# 14:22

Birinci cümləni yazmaq həmişə müşkülə çevrilir.

Mən də hardan başlayacağımı bilmirəm. Daha doğrusu kimdən: Mövlud Süleymanlıdanmı, Əhməd Şahidovdanmı?

Əslində məqsəd Cavid Zeynallı haqqında yazmaqdır. Daha dəqiqi “Leyla” haqqında.

Yaxşısı budur, Əhməd Şahidovla başlayaq, Mövlud Süleymanlı ilə bitirər, arada Cavid Zeynallıdan da danışarıq.

Əhməd Şahidovdan danışmaq ona görə lazımdır ki, onun müəllifi olduğu “Samir” əsəri şou-biznes haqqında yazılmış ilk romandır.

Əsərin fakturası çox güclüdür. Biz bu romanda stilist Samirin həyatı ilə bağlı lazım olandan da çox şey görürük: atası ilə anası necə tanış olub, evlənəndən sonra niyə Moskvaya köçüblər, SSRİ Xarici İşlər Nazirliyində işləyən anası qüsurlu doğulmuş Samirdən niyə rəsmi ərizə ilə imtina edib, Samir uşaq evində necə böyüyüb, mədəniyyət naziri ilə hansı şəraitdə tanış olub, bu tanışlıq onun həyatında necə dönüş yaradıb... Bunlar yadımda qalanlardır, yadıma qalmayan faktlar da “N” qədərdir.

Görünən odur ki, Əhməd Şahidov bildiyi şeydən yazıb. Və daha vacibi əsəri yazmamışdan qabaq dəfələrlə stilist Samirlə görüşüb.

Bilmədiyi məsələdə isə ilişib, faktlarla dolu materialı bədii mətn səviyyəsinə çatdıra bilməyib. Bədii həll məsələsində ciddi uğursuzluqla üzləşib. Buna baxmayaraq əsərdə stilist Samirlə bağlı bəzi məsələlər açıq qalır və bu, oxucunu romanının ikinci hissəsini gözləməyə həvəsləndirir.

“Samir”dən sonra “Leyla”nı yazan Cavid Zeynallı isə Əhməd Şahidovdan fərqli olaraq bilmədiyi məsələdən yazıb. Cavid bizim dostumuz, qardaşımız olduğuna görə dəqiq bilirəm ki, o indiyədək hər hansı şou-biznes nümayəndəsi ilə söhbətləşməyib, hansısa müğənnidən müsahibə götürməyib. Və bu məsələ “Leyla”da özünü açıq-aşkar büruzə verir. “Leyla”nın fakturası çox zəifdir, həddindən artıq zəif. Cavidin əlində olan faktlarla ancaq hekayə, uzaqbaşı povest-uzun hekayə yazmaq olardı. Amma bizim qismətimizə 350 səhifəlik roman oxumaq yazılıbmış.

Dayan, dayan... Uşaqda fərasətə bax. Hamını aldadıb. Axı biz bu süjeti hardasa görmüşük... Aha, xatırladım, köhnə türk filmlərində. Hə, bu filmlər bizim uşaqlığımızın xatirəsidir.

Müxtəlif müğənnilərin həyatından bəhs edən bu filmlərdə təxminən eyni süjeti görərdik: beş-altı nəfərlik kasıb ailə, ata xəstədir, gündəlik çörək pulunu məşəqqətlə qazanır, ailədə çox gözəl qız da var, özü gözəl, sözü gözəl, səsi gözəl olan bir qız.

Və o qız bir gün öz səsi ilə milyonların qəlbini fəth edir. Bundan əvvəl isə viski şüşəsinə dərman atmaqla onun özündən getməsinə nail olmuş, bəkarətini pozmuşdular. Atası bu dərdə dözə bilməmişdi, ürəyi partlamışdı. Qohumlar qızdan imtina etmişdilər.

Şöhrətin zirvəsinə çatmış bu qız uğursuz anlar da yaşayır. Və mutlu son...

Əminəm ki, siz bu filmlərdən heç olmasa iki-üçünə baxmısınız.

Əslində Cavidin hamını aldatması müşkül məsələdir, yəqin kimlərsə aldadılmış kimi görsənmək istəyiblər sadəcə...

***

Mətndə təkrarçılıq yolverilməzdir, yəqin ki, Cavid də bunu bilir. Ancaq biz Maestro ilə bağlı eyni əhvalatları həm Rəcəbin, həm də Leylanın dilindən eşidirik. Və burada müəllif qeyri-peşəkar təsir bağışlayır. Halbuki, müəllif, Leylanın danışdıqlarını bir neçə səhifə əvvələ atsaydı, Rəcəbin danışdıqlarına ümumiyyətlə ehtiyac qalmayacaqdı.

***

Təsəvvür edin ki, iki saat ərzində pul tapmalısınız. Tapdığınız pul bir can qurtaracaq. Və qarşınıza brilyant sırğa çıxır. Təsəvvür edirsinizmi? Vallah, billah, Tanrıverdi (İsi Məlikzadə “Qırmızı yağış”) demişkən, belə təsadüf heç Amerikada da olmur.

Həyatda bir adamın bəxti, vallah, bu qədər gətirməz. “Leyla” romanında belə bir epizod var, mənə çox saxta gəldi bu yer.

Rəcəb işdən qovulmuş, amma maaşını almamış adamdır. Bir müddət sonra isə Rəcəbi rəhbərlik işə bərpa etmək istəyəcəklər. Bunun üçün ciddi israr edəcəklər. Olmazdı ki, pul axtaran Rəcəbi yola gətirmək üçün rəhbərlik ona almadığı maaşını versin? Bu yolla pul əldə etmək daha təbii olmazdımı?

***

Yası düşmüş adama, ağı deyən qadına “küçük kimi zingildəyirdi” demək, yumşaq desək etik deyil. Bir az sərt desək, ayıbdır.

***

Kənan Hacının “Çəhrayı qan” əsərində 44-cü səhifəsində qəflətən Aqil Abbas peyda olur. “Leyla”nın 232-ci səhifəsində isə qəflətən Kulis.az-ın səhər materiallarında biri peyda olur. Müvəffəqiyyətin 10 prinsipi...

***

Başına adammı qəhətdir? Başına atmı təpib? Mən demirəm, amma biri durub desə ki, “Leyla”dakı Klara “Qara Volqa”dakı Klaranın surətidir, nə deyəcəksən? Deyəcəksən ki, oğrudan oğruya halaldır?

***

Cavid “Leyla” romanında bildiyi şeylərdən də yazıb-hərşeyşünas jurnalistlərdən, içkidən ilham almaq istəyən şairlərdən... Romanın bu yerləri uğurludur. Və bu bir daha təsdiqləyir ki, adamdan bildiklərindən, gördüklərindən yazmalıdır.

***

Bu günlərdə Mövlud Süleymanlı ilə görüşdük. Mövlud müəllimin yaradıcılığı ilə bağlı xeyli söhbət etdik. Söhbətin şirin yerində dedim, gənclərə pis örnək olursuz, bəy. Təəccübləndi. Dedim, siz bədii mətni dillə çox yükləyirsiz, bu, mətnin oxumasına çətinlik yaradır, bu bir yana, sizin yaradıcılığınızla yaxşı bələd olan istedadlı gənclərin bir çoxu elə bilir ki, bədii mətn üçün ən vacibi dildir, ideya olmasa da olar. Mövlud müəllim dedi ki, bu barədə gərək yaxşı düşünüm, sənə cavabı gələn görüşdə deyəcəyəm.

***

Cavid Zeynallının iki romanını, bir neçə hekayəsini oxumuşam və məndə belə təəssürat yaranıb ki, onun üçün əsas olan dildir, fərqli struktur, ideya olmasa da olar. Caviddə dili yaxşıdır, ümid edirəm ki, maraqlı struktur və ideya da olacaq.

***

Kulis.az-ın “Azərbaycanın üç ən yaxşı romanı” sorğusu ilə bağlı Mövlud Süleymanlıya da müraciət etdik. Mövlud müəllim sorğuya cavab vermədi, əvəzində bizə “Üç roman” kitabını hədiyyə etdi.

İndi həmin kitabdakı “Köç” romanını oxuyur və pis tələbə kimi Cavidin yerinə xəcalət təri tökürəm.

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #