“Əfqanıstan uçurumu”na aparan yol...

“Əfqanıstan uçurumu”na aparan yol...
7 mart 2013
# 11:03

Sovet qoşunları Əfqanıstana girəndə biz hələ məktəb yaşına çatmamışdıq. Atalarımız sadəlövhcəsinə inanırdı ki, Sovet ordusu 1956-cı ildə Macarıstana girəndə də, 1968-ci ilin avqustunda Çexoslovakiyaya soxulanda da bu ölkələrdə sülhü bərqərar etmək istəyir. Amma bu hadisələrdən sonra milyonlarla insanın sosializm ideyasına inamı sarsılmışdı. Bəs 1979-cu ilin dekabrında sovet tankları Əfqanıstan torpağına niyə girmişdi? Əsgərlər nəyin naminə döyüşə atılmışdı? On il davam edən əməliyyatlarda sovet ordusu 15 min itki verdi. Nəyin naminə? Bu suallara cavab tapmaq müşkül məsələdir.

Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib, onlardan 208-i həlak olub, 7 nəfər isə itkin düşüb. Sovet ordusu 1989-cu ilin fevralında tam heyətdə Əfqanıstanı tərk edib. Sovet İttifaqının Əfqanıstandan çıxmasından sonra da bu ölkədə sülh bərpa olunmadı... Əfqanıstan Sovetin işğalından qurtulub bu dəfə Qərbin işğalına məruz qaldı.

Çox qəribədir ki, uzun illər əsgərlərə Əfqanıstan müharibəsi haqda həqiqətləri danışmaq qadağan olunmuşdu. Adamların daxili senzurası o qədər güclü idi ki, hətta Əfqanıstanda həlak olan əsgər anaları itirdikləri oğulları haqda danışmağa cürət etmirdilər. Bəlkə də buna görədir ki, bu müharibə bədii ədəbiyyatda öz əksini tapmayıb.

Bu yaxınlarda dünyasını dəyişmiş dəyərli qələm adamı Zakir Sadatlının ürək qanıyla yazdığı “Əfqanıstan uçurumu” romanı həmin müharibəylə bağlı çox gizlinlərin üzərindən sirr pərdəsini qaldırır, oxucunu çox mətləblərdən agah edir. Roman haqda danışmazdan öncə Zakir Sadatlıyla bağlı son xatirəmi bu yazıya köçürmək istədim.

Onunla ilk və son görüşümüz Kulis.az-ın redaksiyasında oldu. O vaxta qədər Zakir bəyi qiyabi tanıyırdım. Bilirdim ki, Əfqanıstan döyüşlərində iştirak edib, Azərbaycan televiziyasında çalışır, bir də onu bilirdim ki, Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabını dilimizə çevirib nəşr etdirib.

İş belə gətirdi ki, həmin gün Zakir bəydən müsahibə götürməyi mənə həvalə etdilər. Təbii ki, heç bir hazırlıq olmadan, hətta hansı sualları verəcəyimi də bilmədən bir də onu gördüm ki, “Qonaq otağı”nda Zakir bəylə üzbəüz oturmuşam. Çoxillik jurnalist təcrübəm dadıma çatdı, həm də Zakir bəy söhbətə elə başladı ki, sanki biz köhnə tanışlar idik və çoxdandı ki, bir-birimizi görmürdük. Beləcə, çox uğurlu bir müsahibə alındı.

Əlbəttə, Zakir bəyin sağalmaz xəstəliklə çarpışdığını da bilirdim, amma söhbətimiz boyu onun gümrah və ötkəm səsi, qıvraq görünüşü, sərrast fikirləri, rəvan danışığı məndə bir ümid oyatmışdı. İnanırdım ki, Əfqanıstanın odundan-alovundan sağ-salamat çıxmış bu insan xəstəliyə də qalib gələcək.

Müsahibə dərc olunana qədər Zakir bəylə bir neçə dəfə telefonla söhbətlərimiz oldu. Bir dəfə ona zəng edəndə telefonu cavab vermədi. Sözün düzü, bir az narahat oldum. Sən demə, həmin vaxt yatıbmış. Sonra mənə zəng edib gülə-gülə dedi ki, mənim bacanağımın da adı Kənandır, telefonun yaddaşında iki Kənan var, biri sənsən, biri də o. Elə bilmişəm bacanağım zəng edib. Ona zəng vurmuşam, deyir axı mən sənə zəng etməmişəm. Sən Allah, üzrlü say. Gülüşdük.

Sonra “Əfqanıstan uçurumu” kitabı çıxdı. Kitabı alıb oxumağa başladım, bitirən kimi zəng vurub təbrik edəcəkdim. Romanın son səhifələrini oxuyurdum. Səhər işə gələndə qapının ağzında Səbuhi Məmmədli ilə rastlaşdım və o məşum xəbəri eşitdim: Zakir Sadatlı dünyasını dəyişib...

Sən demə, bu, onun sonuncu müsahibəsi imiş. Kimin ağlına gələrdi?...

“Əfqanıstan uçurumu”nun müəllifi və onun mənsub olduğu nəsil ədəbiyyatın sözlə deyə bilmək iqtidarında olmadığı müdhiş hadisələrin şahidi oldu. Hər şey onun gözləri qarşısında baş vermişdi: yandırılıb kül edilmiş kəndlər, küçələrdə çoxlu qavroşlar, balasının bir qarın çörəyi naminə hər şeyini satan fantinalar, günahsız yerə güllələnən sadə əfqan balaları... Onun dövrünün adamları Tolstoydan daha çox Nostradamusu tanıdı. Onun qismətinə hələ də etiraf olunmamış müharibə dövrünün ədəbiyyatını yaratmaq düşdü. Elə buna görə də heç kəs bu nəsildən Kamyu demişkən, “nikbin olmağı tələb edə bilməz”.

Müharibənin yeyə bilmədiyi Zakiri amansız xəstəlik yeyib qurtardı... Bəlkə də onu içindən yeyən elə o böyük Ağrı idi. Həmin Ağrı idi ona “Əfqanıstan uçurumu”nu yazdıran...

“Əfqanıstan uçurumu” heç vaxt səngiməyəcək böyük bir Ağrının bədii ifadəsiydi. Nə yaxşı ki, Zakir bu Ağrını ifadə edə bildi. Və “Əfqanıstan uçurumu”na aparan yolları bizə nişan verdi... Ruhu şad olsun!

# 4000 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #