İnteqrasiya boyunduruğun sivil növüdü

İnteqrasiya boyunduruğun sivil növüdü
30 yanvar 2013
# 08:15

İnteqrasiya , “Sarı gəlin” və dolma...

... Çox unikal, hərtərəfli, universal, çox şaxəli millətik, daha doğrusu CAMAATIQ. Yarı xristianıq, yarı atəşpərəst, yarı bütpərəstik, yarı müsəlman. Hər şeydən bir az, bir azca. “Milad”ı da, “Sevgililər günü”nü də, “Novruz”u da, “8 Mart”ı da, “Ramazan”ı da, “Qurban”ı da fərq qoymadan, eyni coşğuyla, atəşfəşanlıqla, çox rahat və gözəl şəkildə qeyd eləyirik.

Hələ təqvimdəki qırmızılanmış o biri uydurma, qondarma günləri sadalamıram, yazmıram. O qədər gərgin “işləyirik” ki, bayramlarımız, istirahət saatlarımız da həftəyə sığmır, sığışmır. Özgələrin, yabançıların bayramına, uğurlarına sevinməkdən, qol götürüb oynamaqdan ötrü “sino” gedirik.

Demirəm, bayram eləməyək. Eləyək, ancaq öz bayramımızı. Bircə yol da öz qələbəmizə sevinək, öz tikib qurduğumuzdan ləzzət alaq, bir yolun, bir məzhəbin qulluqçusu olaq, min yolun yox. Belə getsə, hindliləri də ötüb keçəcəyik, 365 günün 367-ni bayram eləyəcəyik.

Deyə bilərsiz, burda pis nə var axı ? Heç nə. Sadəcə, öz sevincimiz, öz kədərimiz çatışmır, gəlmə sevinclər aşiqiyik. Təki, bayram bayrama qarışsın, fərqi yoxdu, özümüzünkü, ya özgəninki, təki, zurna-qaval dınqıldasın, dəf-dumbul çalınsın, nisyə olsa da qazanımız qaynasın, boş-boş sağlıqlar deyilsin... Neyləyək, biz də Qərbə belə inteqrasiya olunuruq, bu şəkildə qloballaşırıq, bu cür kürəsəlləşirik.

Hər millət özünə uyğun, özünə xas qaydalarla yaşayanda gözəl görünür, təbii ki, inkişaf eləyə-eləyə. Qıraqdan gələn qayda-qanunlar, dəyərlər gəldi-gedərdi. Qisası, hər bir millət öz dəyərlərini özü yaratmalıdı. Fransız adət-ənənələrini imitasiya eləməklə fransız olmaq mümkün deyil. Əli bəy Hüseynzadə “avropalaşaq” yazanda onları yamsılamağı nəzərdə tutmurdu. “Biz istəriz ki, ölkəmiz onların (avropalıların-M.M.) beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın...”- deyirdi.

Qulağımızın dibində olan Avropa ölkələri neçə illərdi bir araya gələ bilmirlər. Biz onlara inteqrasiya olunub nə qazanacağıq, hansı ağ günə çıxacağıq axı ? Qazancımız onsuz da göz qabağındadı: çılpaq bədənlər, saxta, yabancı sənət, qondarma adətlər, yalançı vədlər və s. və i.a. Qazax şairi Şaxanov demiş, biz Qərbə kanalizasiyadan inteqrasiya olunuruq. Pis şeyləri götürürük, təbliğ edirik, məişətimizə gətiririk. Əslində, inteqrasiya da (onsuz da bu mümkün olan şey deyil) bir oyundu, əsarətin, köləliyin, boyunduruğun daha sivil, mədəni, qansız yoludu.

Bəlkə də deməyə ehtiyac yoxdu. Gerçək söz adamları bütün bunları çox gözəl bilirlər. Və bilə-bilə belə oyunların təbliğatçısına çevrilirlər, fəxri ad almağın, vəzifə sahibi olmağın, ya da övladına ev qoparmağın xatirinə. Dünya məsələlərindən yorulandasa, danışmağa söz tapmayandasa keçirlər özümüzə, daxili problemlərə: məsələn dolmaya, “Sarı gəlin”ə.

TV-lərdə, qəzet səhifələrində onların bizim olmasını ciddi-cəhdlə sübut eləməyə. Kimə, nəyi sübut eləmək istəyirlər baş açmaq olmur. Deyən lazımdı ki, qardaşlar, sizin dolmanız, “Sarı gəlin”iniz bizə lazım deyil. 20 faiz torpaq itkisinin yanında onlar çox xırda şeylərdi, gözə görünmürlər və sizin yalançı vətənpərvərliyiniz, yurdsevərlik oyunbazlığınız heç kəsə lazım deyil, artistlik eləməyin. Torpaq olmayandan sonra dolmanı harda bişirib yeyəcəksiz, “Sarı gəlin”ə harda qulaq asacaqsız, ay... 20 faizi geri alandan sonra bilin ki, dolma da, “Sarı gəlin” də sübutsuz-zadsız, öz ayağıyla qayıdıb gələcək. Onda istədiyiniz qədər yeyərsiz, qulaq asarsız, doyarsız, doydurarsız özünüzü, sonra hara istəsəz... inteqrasiya olunarsız...

***

Məni rahatsız eləyən şeylərə həmişə çox ciddi qarşılıq verirəm. Sonra baxıram, ehtiyac yoxuymuş, dəyməzmiş. Bunu gülə-gülə, elə oynamaqla da yola verə bilərmişəm. Özümü, hirsimi, əsəblərimi, ələ salmaqla, dolamaqla. Onsuz da çevrəmizdə ciddiyə alınacaq heç nə qalmayıb daha. Bütün bu olanlar, başımıza gələnlər kiminsə bizimlə oyunudu, zarafatıdı. Gəlin, zarafatlaşaq, əsl dəf-dumbul, bayramlar hələ qabaqdadı...

# 3160 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #