“Master və Marqarita” ilə qız tutmaq

“Master və Marqarita” ilə qız tutmaq
12 fevral 2015
# 12:47

Seymur Baycana ithaf

2008-ci il idi. Tez-tez Seymur Baycanla görüşüb söhbət edirdik. Bir gün Bulqakovun “Master və Marqarita” əsərinin ruscasını verdi oxumağa. Onun belə xasiyyəti vardı. Hər görüşəndə bir-iki kitab verirdi ki, bunları mütləq oxumalısan. Bu dəfə də Buqakovu verib əlavə elədi: “Ruslar deyir ki, “Master və Marqarita”nı üç dəfə oxuyan adamın başına mistik hadisələr gəlir. Mən artıq iki dəfə oxumuşam”.

Kitabı apardım rayona. Onda bankların birinin rayon filialında işləyirdim. Filial təzə açılmışdı. Sən deyən müştəri olmurdu. Ayti mütəxəssislərimiz kompüterlərə nə barmaq eləmişdilərsə, bankın rəsmi saytından başqa yerə girmək mümkün deyildi. Odur ki, kompüterdə qurdalanmağa bir şey olmurdu. Mən də bekar qalanda kitab oxuyurdum.

Bankda yaşlı bir iş yoldaşım da vardı. Təhlükəsizlik məsələlərinə baxırdı. Uzun müddət polisdə yüksək vəzifələrdə işləmişdi. Rəis müavini-filan olub. Sovet vaxtı hər il dincəlməyə Truskavets şəhərinə gedirmiş. Məlumatı olmayanlar üçün deyim ki, Ukraynada yerləşən bu şəhər sanatoriyaları ilə məşhur olduğuna görə Sovet dövründə çox adam dincəlməyə bura gedirdi.

Aydın məsələdi. Balaca rayondu. Hərəkət eləmək olmurdu. Rayonun bir başında asqırmamış o başında “sağlam ol” deyirdilər. Ona görə də özünü Truskavetsə saxlayırmış. Kimdi onu orda tanıyan. Həm sanatoriyada müalicə alırmış, həm də o məsələ...

Sovet dövründə ciddi vəzifədə olmuşdu deyə heç vaxt zarafat etmək, deyib-gülmək imkanı olmurmuş. Baxma, rəis müavinidi, harda gəldi, nəyə gəldi gülə bilməz. Vəzifə ciddiyyət tələb edir. Pensiyaya çıxandan sonra isə xeyli rahatlanmışdı. Buna indiki cavanlar “özünü açıb buraxmaq” deyir. O, isə sərhədi hardasa qorumaq şərtilə bizimlə çox şən deyib-gülür, zarafatlaşır, arada cavanlığından, Truskavets macəralarından danışırdı.

Bu iş yoldaşımız-şərti olaraq adı K. olsun-bir gün əlimdə Bulqakovun həmin bu kitabını gördü. Başı ilə işarə elədi ki, oxuyursan, dedim, hə. Kitabı məndən alıb ora-burasına baxdı. Sonra dərindən bir ah çəkdi. Bu vaxt sanki ürəyimdən bir tikan çıxdı. Axır ki, burda kitabdan, ədəbiyyatdan danışmağa bir adam tapmışdım. Dedim noldu, K. müəllim. Qolumdan ehmalca yapışıb məni divana sarı dartdı, oturduq.

Dedi:

- Bu kitab bilirsən də Sovet vaxtı qadağan idi. - Başımla işarə elədim ki, “hə”. - 80-ci illərdə ilk dəfə Moskvada nəşr olundu. Onda öhdəlik vardı. Müttəfiq ölkələrin hər birində də eyni kitabdan müəyyən sayda çıxmalı idi. Təbii ki, rus dilində. O tərəflərdə hamısı satılıb qurtarmışdı. Tapılmırdı. Bizdə kim idi oxuyan. Kitablar yığılıb qalmışdı mağazalarda. Mən eşitmişdim ki, “Master i Marqartia”dan oralarda tapılmır. Ona görə Truskavetsə gedəndə özümlə 30 dənə alıb apardım ki, orda kiməsə hədiyyə edərəm.

Eh, nə başını ağrıdım, qardaşoğlu, bir gün uzanmışam sanatoriyadakı otağımda. Bu kitabın da birini qoymuşam tumbuçkanın üstünə. Bir sarışın qız da medsestraydı, məni massaj edir. Birdən gözü “Master i Marqarita”ya satışdı. Zalım qızı, dəli oldu. Aaaa, Bulqakov! Sevindiyindən bilmirdi nə eləsin. Kitabı götürüb vərəqlədi. İylədi, qoxladı. Az qalır yesin kitabı. Qucaqlayıb döşlərinə sıxdı. Əvvəlindən, ortasından, axırından hissə-hissə oxudu. Sonra xahiş elədi ki, kitabı verim ona oxusun. Qaytaracaq. Mən də dedim ki, kitab ona qurbandır. Hədiyyə edirəm. Qız o qədər sevindi. Məni qucaqlayıb öpdü.

K. yenə qolumdan yapışıb mənə tərəf əyildi. Astadan dedi:

- Qardaşoğlu, onu belə qoyarammı? Elə həmin gün işini bitirdim.

- Necə?- Söhbət məndə şok effekti yaratmışdı deyə bu axmaq sualı verdim.

- Axşam restorana dəvət etdim. Rəis müavini idim, pul saman kimi. Restorandan çıxandan sonra da...

- Bəs qalan 29 kitabı neylədin?- Mən yenə sual verdim.

- Qalan kitabları da o cür. Bu Bulqakovun şotuna xeyli qız buldum orda. Hahaha. - Söz oynatmağı özünün də xoşuna gəldi deyə qəşş eləyib getdi.

Yeniyetməlik idealistliyimdən hələ bir qırıq qalmışdı. Odur ki, həm kitaba qarşı bu cür münasibətə görə üzülür, həm təəccüblənir, həm də konuda seks olduğuna görə özümə də ləzzət edirdi.

K. sonra əlavə elədi:

- Orda bu kitabı əl-əl gəzirdilər. Bizimkilərə baxma.

- K. əmi, özün necə oxudun?

- Yox a bala. O kitabdan neçə dəfə Truskavetsə apardım, onunla neçə-neçə işlər aşırtdım. Kimə göstərirdim dəli olurdu. Kitabı hədiyyə elə, ondan sonra lap min çap. Hə, onu deyirəm, “Master i Marqarita” ilə neçə-neçə iş aşırtdım, amma bir dəfə də ağlıma gəlmədi ki, oxuyum. Hələ də evdə biri qalmalıdır.

Mən daha heç nə demədim. K. ayağa qalxıb dikəldi. Pencəyinin ətəyini çəkib düzəltdi. Sonra bir-iki addım atıb dayandı. Başını qaldırıb divardakı saata baxdı. Sanki əqrəbləri geri fırladaraq o illərə qayıtmağın mümkün olmayacağını anlayırmış kimi ağır-ağır köks ötürdü:

- Altı olsaydı gedərdik evə.

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #