Allahsızla keşişin birgə mübarizəsi

Allahsızla keşişin birgə mübarizəsi
13 aprel 2013
# 07:30

Dəyərli dostum Seymur Baycan yazılarında ara-sıra xristianlığın islamdan daha proqressiv olduğunu deyir, keşişləri, rahibləri axundlardan, mollalardan önə qoyur.

Vaxtaşırı müasir Qərb rejissorlarının müsahibələrini tərcümə edirəm. Onların əksəriyyətinə dinlə bağlı sual verəndə cavabları kəskin olur, dözümsüz münasibət göstərirlər.

Filmlərində hələ də kilsə institutuna, İsa Məsihə, keşişlərə ironik münasibət ifadə edilir.

Dinin dövlətdən ayrı olmasına rəğmən, yenə də onun həyatlarına hər hansı şəkildə müdaxiləsinə qarşıdırlar. Sanki keçmişin təhtəlşüura ötürdüyü fobiya, hələ də dini məbədlərin arxasında baş verənlər (məsələn, indiyədək kilsələrdə, xüsusən, katolik kilsələrində baş verən seksual zorakılıqlar) onları dinlə ehtiyatlı davranmağa məcbur edir.

Qısası, müasir Qərb cəmiyyətinin özünün də dinlə bağlı hansısa yaraları yox deyil.

Hərçənd, Seymurun yazılarında inkar edilməsi mümkün olmayan nüanslar da var: məsələn, Qərb gerçəkliyində və ədəbiyyatında mənfi din xadimi obrazları ilə yanaşı müsbət personajların da mövcudluğu.

Bizim təfəkkürümüzdə isə uzun illərdi ədəbiyyatın formalaşdırdığı mənfi molla obrazı kök salıb və çox təəssüf ki, həmin obraz reallıqla hələ də üst-üstə düşür.

Din xadimlərinin əksəriyyətini dinləyəndə adam özünü Sabirin, Mirzə Cəlilin dövründə, cəhalətin mərkəzində hiss edir.

...İtalyan neorealizminin nümayəndəsi Roberto Rosselininin “Roma açıq şəhərdir” filmində faşizmə qarşı mübarizə aparanlardan biri keşiş Don Pietrodur. Faşizmə qarşı vuruşanları satmayan keşişin Gestapo zabiti ilə çox sərt dialoqu var:

“- Sizin müdafiə etdiyiniz adam qiyamçıdır, Allahsızıdır, o sizin düşməninizdir.

- Mən katolik keşişi kimi güman edirəm ki, kim ədalət və azadlıq uğrunda mübarizə aparırsa, Tanrının yolu ilə gedir”.

Dialoqu dinləyəndə cidd-cəhdlə yadıma salmağa çalışıram ki, müsəlman ölkələrində hansı din xadimi Don Pietro kimi şərin diktaturasına (şər deyəndə dini kitablardakı hansısa mücərrəd şeytan obrazını nəzərdə tutmuram) qarşı mübarizə aparıb.

Onların leksikonunda “azadlıq”, ”ədalət”, “humanizm” kimi anlayışlar insan haqları, sosial bərabərlik, repressiv siyasi rejimlərə qarşı mübarizə kontekstində səslənibmi?

Yoxsa onların təsəvvüründəki şər qüvvələri Amerika imperializmi, hicab taxmayanlar, saqqal saxlamayanlar deməkdir və “insan haqqı” deyəndə də azyaşlı qızlarını məktəbə hicabla yollamaq istəyənlərin hüququnu nəzərdə tuturlar?

Yaxud onlar üçün Tanrı yoluna gəlmək qapalı geyinmək, telinin ucunun belə görünməməyi, dua etmək, ildə bir dəfə ziyarətə getmək və sairədir?

Tanrıya tapınmağı, ona yaxın olmağı, dinə-imana gəlməyi mən belə anlayıram: dini, irqi, cinsi mənsubiyyətindən asılı olmayaraq bütün insanların haqlarının qorunması, hər fərdin azad seçim hüququnun tanınması, sosial bərabərliyin dəstəklənməsi, din, əqidə fərqliliyini qəbul etmək, öz dini dəyərlərini və yaşam tərzini başqalarına zor gücünə qəbul etdirməmək və s.

... Danimarka rejissoru Karl Dreyerin, hələ 1955-ci ildə ekranlaşdırdığı “Söz” filmi var.

Film Danimarkalı keşiş Kay Munkun eyni adlı dramı əsasında lentə alınıb. Munk faşizmə qarşı mübarizə aparıb və 1944-cü ildə Danimarkanın Silkeborg yaxınlığındakı faşist həbs düşərgəsində həlak olub.

Dreyer göstərir: dini qaydalara əməl, dua etmək, İncili oxumaq, oruc tutmaq hələ Tanrıya yaxın, yaxşı insan olmaq anlamına gəlmir. Dindarların çoxu üçün bu ruh, inam məsələsi yox, sadəcə formallıqdır. Tanrının yoluyla getmək səmimi, təmənnasız inamdır, dini qanunları özünə sərf şəkildə yozub başqalarına sırımamaqdır, sənin kimi düşünməyənləri ittiham etmək yox, anlayış göstərməkdir, dualarında deyil, gerçəkdə mərhəmətli olmaqdır.

# 3981 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #