Liftdə sevişən azərbaycanlı kişilər

Liftdə sevişən azərbaycanlı kişilər
31 may 2018
# 11:00

Günel Natiq

“Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”- belə bir tələb lap ölüm hökmünə bənzəyir. Xüsusilə Şərq düşüncəsində özünü olduğun kimi göstərmək “təhlükəli” sayılır. Bunun mütləq bir “əmması” çıxar. Ona görə insanlar həqiqətə inanmırlar. Hər məsum simanın arxasında bir yırtıcının olduğunu və onun hər an üzə çıxacağını gözləyirlər.

Fikirlərini gizləmək üçün ən yaxşı yol danışmaqdır. Ədalətdən danışmaq daha yaxşıdır. Milli dəyərlərdən danışmaq isə artıq müəllifinə daha yüksək status- “vətənpərvərik” statusu qazandırır.

İnsanlar belə pafoslu sözləri sevirlər, həvəslə alqışlayır və təqdir edirlər.

Mümkün qədər az olduğun kimi görünə bilmək-əsas olan da budur.

Bu günlərdə belə bir xəbər oxudum; Londonun moda sənayesində işləyən cavan oğlan bildirib ki, İngiltərənin futbol liqasının komandalarından birində oynayan evli futbolçu ilə dörd il gizli eşq yaşayıb. Qəzet futbolçunun adını sürpriz saxlayıb. Modaçı bildirib ki, komanda yoldaşları da həmin futbolçunun biseksual olduğundan xəbərdardır. “Həmin futbolçu qalmaqallardan çox qorxur. Ona görə mənimlə münasibətini məxfi saxlayırdı”, - modaçı bildirib.

Münasibətlərinin bitdiyini deyən modaçı oğlan onu da əlavə edib ki, gecələrin birində futbolçu barışmaq üçün ona zəng edib, ancaq o, telefona cavab verməyib.

İndi diqqətlər ingilis komandalarının oyunçularına yönəlib. Görəsən söhbət kimdən gedir?

Hətta hemoseksuallara azadlıq verən Qərb dünyasında da fərqli orientasiya sahibləri öz kimliklərinin aşkara çıxmasından ehtiyat edirlər. Mütəxəssislər izah edir ki, onlar işlərini itirəcəyindən, karyeralarının məhv olacağından qorxurlar. Ona görə nəyin bahasına olursa-olsun ört-basdır etməyə çalışırlar.

Məsələn, aktyor qorxur ki, filmlərə dəvət almaz. Kişilərə meylini bilən tamaşaçı belə aktyorun ekranda yaratdığı sevgi səhnələrini ciddi qəbul edərmi? Türkiyədə aktyorlardan birinin karyerası beləcə məhv olmuşdu. Baş rollara çəkilən aktyorun gizli münasibəti üzə çıxandan sonra hər şey dəyişdi. Çəkildiyi seriallar gözdən düşdü, özü ictimaiyyətin sərt reaksiyası ilə üzləşdi və sonda ölkəni tərk etdi.

Qadınlara meyli üzə çıxan aktrisanı da yəqin ki, belə aqibət gözləyir. Düzdür, aktrisa öz “həqiqəti” uğrunda dişi-dırnağıyla mübarizə etdi, ifşa edəni məhkəmələrdə süründərəcəyi ilə hədələdi. Deyəsən az-çox müsbət nəticəyə nail oldu. Şahidlər deyirdilər ki, o, seriallarda bir daha rol ala bilməyəcəyindən qorxur.

Aktrisa az-çox bəraət alsa da, hələ ki, filmə çəkilə bilmir. Görünür, zamana ehtiyac var.

Zaman belə məsələlərdə də məlhəm rolunu oynayır. Amma heç də həmişə deyil.

Müşahidələr göstərir ki, belə məsələlərdə susub kənara çəkilmək effekt vermir. Yəqin bu səbəbdən orientasiyaları fərqli olan tanınmışlar əks-hücuma üstünlük verirlər. Əks-hücum futbolda olduğu kimi, burda da səmərəli ola bilir.

Avropa əksər hallarda bu münasibətləri normal qəbul edir, bildiyiniz kimi, eynicinslilərin nikahı da normal sayılır. O adamların ki, itirəcək heç nələri yoxdur, özlərini olduğu kimi göstərməkdən çəkinmirlər.

Eynicinsli cütlük hətta uşaq da tərbiyə edir. Cəmiyyəti alışdığımız dərəcədə normal görən biri kimi mən də eynicinslilərin övladlığa uşaq götürmələrini qəbul edə bilmirəm. Ata ilə ananı ayırd edə bilməyən uşaq gələcək həyat streotiplərini necə müəyyən edəcək? Bu dərəcədə təbiətə zidd getmək olarmı?

Amma bəzən düşünürsən ki, bəlkə də bu, cəmiyyəti, ətrafdakı insanları aldatmaqdan yaxşıdır.

Təsəvvür edin ki, həmin futbolçunun ailəsi birdən-birə ailə başçısının kişilərə meylindən xəbər tutur. Bu ölümcül zərbə deyilmi? Bu adamın övladlarının vəziyyətini təsəvvür edin. Belə bir travmayla yaşamaq intihara bərabərdir.

Ya da bir neçə il əvvəl izlədiyim və təsirindən hələ çıxa bilmədiyim iki bığlı kişinin görüntüsünü götürək (Hadisə bizim ölkəmizdə cərəyan edirdi). Bu “kişilər” liftdə quraşdırılmış kameradan xəbərsiz idilər və özlərini təhlükəsiz yerdə zənn edib bir-birlərinə nəvaziş göstərməyə başladılar. Bu ikrahdoğuran bir görüntü idi.

İki bığlı kişinin sevgi macərasının seyrçisinə çevrilən insanlar üçün çox dəyərlər öz əhəmiyyətini itirir. Belə görüntülərdən sonra bığ-saqqalın mahiyyətindən də əsər qalmır.

Belə mənzərədən sonra Qərb hemoseksuallarını lənətləyən mentalitet daşıyıcılarını ciddi qəbul etmək olmur. Nümayişə çıxıb öz hüquqlarını tələb edən hemoseksuallar mənəviyyatca liftdə bir-birlərinə gizli nəvaziş göstərən bığlı kişilərdən daha üstündürlər.

Onlar heç olmasa ətrafdakıları aldatmırlar, özlərini olduğu kimi göstərirlər, hətta öz həqiqətlərini tələb edirlər.

Belələri daha keyfiyyətli insan tərbiyə edər, nəinki cəmiyyət arasında bir cür, gizlində isə başqa cür görünənlər.

Bilmirəm, modaçı oğlanla eşq yaşadığı deyilən həmin futbolçu üzə çıxacaq, ya yox. Amma üzə çıxsa da gecikmiş həqiqət özündən çox ətrafdakı insanlara zərbə vuracaq.

# 2098 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #