#

Yox e, sürdüyümüz ömür-gün deyil...

Yox e, sürdüyümüz ömür-gün deyil...
10 avqust 2015
# 09:13

Bu gün tanınmış şair Salam Sarvanın 49 yaşı tamam olur. Kulis bu münasibətlə yazıçı Fəxri Uğurlunun Salam Sarvana həsr etdiyi esseni təqdim edir.

Dağlara çatan kimi bizə şərt qoyurdular: buraların havasını götürənəcən çayda çimmək, bulaqdan su içmək olmaz – arandan gəlmisiniz, qızdırarsınız. Bir neçə gün çayda çimən uşaqlara yanıqlı-yanıqlı baxırdıq, bulaq suyuna tamarzı qalırdıq. Su istəyəndə samovara od atırdılar, bir az da bərk dirəşəndə başımızı belə aldadırdılar: suyu sel aparıb.

Suyu seldən ayırmağa başlayandan sonra bu poetik el deyimi mənim də dilimdən düşmədi. Məndən bir içim su istəyənin sözünü ağzında qoyurdum: suyu sel aparıb.

Bir gün də sel suyu gerçəkdən apardı – bu səfər zarafatsız-zadsız. Bir göy atım vardı, səhər-səhər dağa hörükləməyə aparmışdım. Hələ sabah samovarı qaynanmamışdı, çılpaq qollarım, yuxulu üzüm, qırışığı açılmamış boynum-boğazım kəklikotu, qantəpər, zirə qoxuyan sərin yellə dəstəmaz alırdı. Göyün üzünə hələ xal düşməmişdi, günün işığı hələ toz-torpağa bulaşmamışdı. Dağda çobanlarla çənə-çənəyə verdim, dedim o gözəl səhər bir az da uzansın.

Ancaq səhərin gözündən şeh-duman tam çəkilməmiş dağların o tayından axıb gələn qara bulud göyün üzünü sel kimi aldı. Yerlə göyün arası açıldı, nə açıldı! Üç-dörd saat dayanmadan yağış dolunu, dolu yağışı qovdu. Çoban bürüncəyinin altında bu seldən daldalanmaq pencəyini başına atmaqla gülləbarandan qorunmağa bənzəyirdi. Yer üzündə bir quru sap qalmadı, malların gönü, qoyunların dərisi su keçirdi, atlar ağzını otdan çəkib qulaqlarını salladı, dağların içi, qayaların sümüyü də islandı. Çayların, dərələrin suyu neçə gün durulmadı. Neçə gün bulaqların gözündən palçıq gəldi. Suyu sel aparmışdı!..

...Ondan sonra belə müsibət görmədim. Selin suyu aparması bir də Salamın şeirində ürcahıma çıxdı – bu dəfə materiyanın yox, ruhun dəliliyi, təbiətin yox, qəlbin tufanı kimi:

Lələk göndərim gəl, qanadım yanır,

Sel göndər aparsın bu suyu, Allah.

Salam dağlarda qurulan o tamaşanı harda görmüşdü, hardan bilərdi sel suyu necə aparır? Aran uşağıdı, bilməzdi. Ancaq qəlbin möcüzəsi də elə bundadı: görməyə-görməyə GÖRMƏK, tanımaya-tanımaya TANIMAQ, bilməyə-bilməyə BİLMƏK.

Hələ gör o biri misralarda nə deyir:

Özünü ölümdən qoruyur hamı,

Hamı özün səndən qoruyur, Allah.

Kainat adlı soyuq, qaranlıq daxmanın təməlinə qoyulmuş, bir üzünə yaşamaq həvəsi, o biri üzünə ölüm qorxusu yazılmış özünüqoruma instinktini bəlkə də hələ heç kim bu qədər açıq, sadə mətnlə, bu qədər sərt məntiqlə ifşa eləməyib.

Qəddar fələyin çarxına ilişmiş insanın təkliyini, köməksizliyini, əlacsızlığını Salam qədər dərindən duyan şair artıq kosmik hissiyatını itirib məişət girdabına düşmüş ədəbiyyatımızda bir də çətin tapıla. Böyük-böyük dəyərləri məişət sularına axıtmaqdan meşədə azmış bəni-insana təzəyi çörək yerinə yedirdən cin kimi zövq alan qələmxorlardan, sözbazlardan fərqli olaraq o, adicə məişət faktını da böyüdüb universal gerçəkliyin mənzərəsinə çevirə bilir. Məsələn, belə:

Sənin tənhalığın nədi ki, guya?!

Kirayə qaldığın evdəki

özgə əşyalar əhatəsində

insan təkliyidi.

Bizim nəslin içində yalnız onun ədəbiyyata gəlişi hadisə oldu. Yaşı çatan 90-cı illəri yada salsın: it yiyəsini, yiyəsi də itini tanımırdı; şər evlərə, küçələrə, könüllərə sunami gücüylə girirdi; kimsə kimsənin nəinki kitabını, heç fatihəsini də oxumurdu. Belə bir vaxtda şair kimi ortaya çıxıb oxucu toplamaq hünər istəyir. O vaxtacan bizim yaşıdlar yalnız Ramiz Rövşənin oxucu ordusu olduğunu görmüşdü. Onun şəriksiz liderlik elədiyi, irili-xırdalı neçə-neçə şairin malına müştəri tapmadığı bir bazara girib özünə köşk açmaq, matahını satmaq üçün adamda – nə əsgər, nə dalğıc, nə kosmonavt – məhz şair cəsarəti olmalıydı.

Mənim sənət adamında ən çox bəyəndiyim cəhət onun sistemli düşüncəsinin olmasıdı. Salamın da bütün şeirləri, bəlkə bütün misraları bir qədim, həm də sadə gerçəyin başına dolanır: ömür – fani, ölüm – qaçılmaz, insan – çarəsiz. Poeziyanın gücü də elə min illərin bəlli həqiqətinə insanı heyrətləndirəndə, insanı bildiyinə inandıranda, gördüyünə sevindirəndə üzə çıxır. Məsələn, bu şəhərdə bir cavan oğlanın bir qoca qarının qoluna girib yolu adlatmasını min dəfə görmüşük. Ancaq kim bu mənzərəyə Salamın baxdığı gözlə baxıb:

Yox e, sürdüyümüz ömür-gün deyil,

baxma ki, bir azca uzun çəkdi bu...

Bir qoca, kor baxtın əlindən tutub

yolun o üzünə keçirtməkdi bu.

Min illərin gerçəyinə adamları heyrətləndirmək üçün şair o həqiqətə öz yoluyla gəlib çıxmalıdı; tutalım, həyatın ölümlü olduğuna oxucunu inandırmaq üçün yer üzündə ilk dəfə adam ölümü görən insanın heyrətindən üzübəri yol gəlməlidi. Yoxsa şair özgənin həqiqətini mənimsəmiş sayılacaq.

Öz həqiqətinə yetişən adamın o həqiqəti danışdırmaq üçün öz vasitələri də yaranır. Salamda olduğu kimi. Onun şeirlərinin vəzni əruzla hecanın qarışığından yaranıb, di gəl, nə əruz kimi əruzdu, nə heca kimi heca. Onun bir çox şeiri qoşma ölçülərində yazılıb, ancaq Ramiz Rövşənin gəraylı qəlibində yazdığı şeirlər klassik gəraylıya nə qədər oxşayırsa, Salamın qoşmalarının da özündən əvvəlki qoşmalara bir o qədər bənzəri var. Bütün bunlar ədəbiyyatda formanın, qəlibin nə qədər şərti xarakter daşıdığından xəbər verir. Petrarkadan tutmuş Rilkeyəcən neçə-neçə böyük Avropa şairi sonet yazıb. Ancaq Şekspirlə Qonqoranın, Kevedoyla Bodlerin yazdığı sonetlər formaca eyni olsa da, bu şeirlərin məzmununda dağlarca fərq var.

Sonradan Salam özü üçün yaratdığı qəlibi öz əliylə də söküb atdı. Şeirlərinin məzmunu dəyişmədisə də, forması dəyişdi. Doğrusu, bu dəyişikliyin hansı zərurətdən ortaya çıxdığını mən hələ tam anlamamışam. Görünür, əski qəlib artıq ona mane olurmuş. Özü bilər.

Mən bir gerçəyə möhkəm inanıram: durğunluq varsa, bütün qəlibləri dağıtmaq, bütün bəndləri açmaq lazımdı. Qoy su bütün gücüylə gəlib selə dönsün, harda bulanmış, iylənmiş su varsa, qoy hamısını sel aparsın.

Sonra o sel də suya dönəcək. O su da durulacaq.

O suyun dibində selin yeri-göyü süpürüb gətirdiyi incilər sayrışıb göz qamaşdıracaq.

Sel aparsın bu suyu...

13 iyul 2011

# 2408 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #