Türkiyədə və Azərbaycanda pulsuzlar

Türkiyədə və Azərbaycanda pulsuzlar
29 may 2015
# 08:00

Başa çırpılan 40 qəpik

Təxminən iki ayın söhbətidir. Bəlkə bir az da çox keçib üstündən. “Əcəmi” metrosunun yanındakı bərbərxanaya, bir tanışıma dəyməyə getmişdim. Bir az da dəqiqləşdirim, tanışımdan borc istəməyə getmişdim. Söhbəti çox uzatmayım, bəri başdan deyim ki, tanışım borc verməkdən mədəni şəkildə imtina elədi. Yəni, nə qəlbimi qırdı, nə də incitdi. Başını aşağı salıb, güclə eşidiləcək səslə mızıldandı: “Üzrlü say şair, kreditimin vaxtıdır. Vəziyyət çox çətindir.”

Bir tərəfdən pərt oldum, bir tərəfdən də sevindim ki, borcumun miqdarı artmadı. Əgər tanışım borc versə bir az da “yüklənəcəkdim”. Əlimi cibimə salıb 40 qəpiyi bərk-bərk sıxdım.

Bərbərxanada uzun və mənasız susqunluq hökm sürürdü.

Bu susqunluğu bəlağətli bir səs pozmağa cəhd edirdi. Tanıdım, Hacı Şahinin səsinə bənzəyirdi. İçəridəki ağsaqqal bərbər telefonunda Hacı Şahinin hansısa moizəsinə qulaq asırdı.

Söhbətin şirin yerində içəri bir nəfər daxil oldu. Görkəmindən bizim yerlərin adamına bənzəmirdi. Danışmağa başlayanda Türkiyə vətəndaşı olduğunu anladım. Həyalı, mədəni bir gəncə bənzəyirdi. “Neftçilər” metrosuna piyada necə gedə biləcəyini soruşdu. İçəridəki ağsaqqal xütbəni dinləyə ədəb-ərkanla yolu başa saldı və sonda izah elədi ki, piyada gedib çıxmağın çətin olacaq, çalış metroyla get.

Qardaş heç nə başda düşməsə də, "Gecəyə çox var" deyib, təşəkkür edib çıxdı. Təxminən 15 dəqiqə sonra bərbərxanadan çıxdım və 50 metr uzaqlaşmışdım ki, yenə həmin gənci bu dəfə taksi sürücülərindən yolu soruşduğunu gördüm. Taksi sürücüləri də gənclə məzələnə-məzələnə, "abi, peşkom gidemmiyceysen" şəklində yolu izah edirdi. Dayanıb qardaşın sürücülərdən ayrılmağını gözləyib, ona yaxınlaşdım. Başa düşdüm ki, hələ də “Neftçilər”ə necə gedəcəyini anlamayıb.

Məlum oldu ki, qardaşın pul kisəsini avtobusda çırpışdırıblar. Neftçilərə piyada gedə bilməyəcəyini izah edib, cibimdəki sonuncu 40 qəpiyi xahiş-minnətlə, yalvar-yapışla ovcuna basdım. Qardaş elə nəzakətlə, gözləri dola-dola etiraz elədi ki, duyğulandım. Bu dəfə çox səlis Türkiyə türkcəsində piyada gedə bilməyəcəyini izah elədim. Heyrətlə üzümə baxdı, türkiyəli olub-olmadığımı öyrənmək istədiyi gözündən oxunurdu. İzah elədim ki, oralardan deyiləm, sadəcə az-çox türkcəni anlayıram. Qardaş bu dəfə etiraz eləmədi. Pulu götürüb, təşəkkür etdi və uzaqlaşdı. Artıq gedəcəyim yerə özüm piyada getməli olduğum üçün bir siqaret yandırıb asta addımlarla yoluma davam elədim.

200 metr getmişdim ki, arxaya dönəndə qardaşın arxamca qaçdığını gördüm. Təəccübləndim. Sözün düzü bir az da narahat oldum. Özümü toparlayana qədər türkiyəli qardaşımız yaxınlaşıb nəzakətlə məni qucaqladı, 40 qəpiyi geri qaytarıb dəfələrlə təşəkkür edəndən sonra arxasınca taksi gəldiyini, pula ehtiyacı olmadığını söylədi. Heç nə demədim. 40 qəpiyi yenidən ovcumun içində bərk-bərk sıxdım. Sağollaşıb yollandım dayanacağa. Avtobus gözləyə-gözləyə yenidən bir siqaret yandırmışdım ki, bu dəfə həmvətənlərimizdən biri yaxınlaşdı: “Ataş, Sumqayıta gedəcəm, bir manatun olmaz?”

“Qaqaş”a cibimdəki sonuncu 40 qəpiyi uzatdım və sonuncu pulum olduğunu, bir manat verə bilməyəcəyimi kifayət qədər anlaşıqlı tərzdə izah etdim. “Qaqaş” əvvəlcə tərs-tərs üzümə baxdı, sonra əlinin arxasıyla ona uzatdığım əlimi itələdi: “Yer get ala, mən dilənçi-zad dögüləm.”

"Yer get ala" söhbəti məni necə əsəbiləşdirdisə, özümü saxlaya bilməyib əlimdəki qəpikləri mənasız “qaqaş”ın başına çırpdım. “Qaqaş”, mənim üzümün çöndüyünü görüb sakitcə yerdəki qəpikləri götürüb, arxasında baxmadan aradan çıxdı. Bir anda məni gic gülmək tutdu. Harda olduğumu unudub ucadan gülməyə başladım. Hər şeyə rəğmən rastlaşdığım təzadlı hadisədən gözəl dərs çıxarmışdım. Yekə çıxmasın, insanı tanımaq fürsətim olmuşdu….

Artıq planım da pozulduğuna görə, əlimdəki siqareti zibil qabına atıb yellənə-yellənə evə qayıtdım. Bu dəfə boş ovcumu bərk-bərk sıxırdım ki, birdən əlimdəki kasıbçılıq, yoxluq küçəyə səpələnər.

…Hadisənin üstündən iki aydan bir az çox keçib. Daha çox nadir hallarda evdən çıxıram və həftənin əksər günləri boş ovcumu sıxıb, sabaha ümidlə baxıram…

# 1234 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #