Azərbaycanlı qadının Freydə məktubu

Azərbaycanlı qadının Freydə məktubu
7 may 2015
# 10:31

Hörmətli, izzətli Freyd müəllim!

Soyadına müəllim dediyim üçün gərək məni bağışlayasan, çünki, adını tələffüz edə bilmirəm, dilimə yatmır. Ona görə də, Freyd müəllim deyəcəm.

Mənim sənə o qədər sualım var ki, desəm, inan ki, altından çıxa bilməzsən, heç bir nəzəriyyən, kompleksin dadına çatammaz.

Bəri başdan nəzərinə çatdırım ki, Azərbaycan qadını necə lazımdı eləcənə də yaşayır - əri, uşaqları, evi-eşiyi öz yerində, üstəlik ərinin maşını da var. Yəni bu dünyada kadına (qadına yox ha, məhz kadına) nə lazımdırsa, onun hamısı bizim kadında var. İmkanı olanda boğazından kəsib uşaqlarını ingilis dili kursuna da göndədir. Ayıb olmasın, pastel məsələsi də öz yerindədi, heç kimin narazılığı yoxdu. Düzdü hərdən bir, xırda dava-şava, qırr-bırr olur, o da ki, olmalıdır da, baxma da, evdi, ailədi, iş olan yerdə problem də olar.

Freyd müəllim, sənə məktub yazmaqda əsas məqsədim odur ki, nə təhər deyim, sənin o nəzəriyyəndi, filanındı hamısı boş şeylərdi. Öz payıma deyirəm, o kompleksdi, mompleksdi nədirsə, heç biri bizim kadınlar üçün keçərli deyil. Sənə inananın ağlı yoxdu, hər şeyi, ayıb olmasın, aparıb seksə bağlamaq əlbət də ki, başı xarablıqdı. Heç elə də şey olar – ayıb olmasın ərin saa yaxın durmursa, bunun günahı qadında deyil ki, durmur, cəhənnəmə dursun. Guya ər arvadından aralı duranda beyni pozulacaq, əsəbi olacaq, nə bilim nə olacaq. Səydəş oğlu səydəş, heç dəxli var?! Malı mala niyə qatırsan, hər şeyin öz yeri var. Sənə yalandan sən öl deyənin əri ölsün, bizim o Gülverdi arvadın kişisi düz yeddi ildir ki, ona yaxın durmur. Bəyəm Gülverdi dəli olub, heç vecinə də deyil. Orasını da deyim ki, Gülverdi əxlaqlı zənən xeylağıdı, oturub-durduğu yoxdu. Dünya dağılmayıb ki, əvvəl necə yaşayırdılar, indi də elə yaşayırlar, yazıq arvadın heç cınqırı da çıxmır.

Özün psix olubsan, ağıldan “voyenni” olubsan, səydərəşin yekəsi olubsan kadınlar neyləsəin?! Hıy!!!

Sən nə təhər kişisən ki, toy gecəsinə qədər bakirə (bakir) qalıbsan, özün də gəlib bizə ağıl öyrədirsən ki, ayıb olmasın, seks ordan gəldi, ehtiras burdan getdi. Heç ayıb-əcəb döyülmü?! Sən deyəsən, kadın nədir, düz-əməlli bilmirsən?! Bilsəydin, ağzına gələn səfeh-səveh səyilləmələri yazmazdın.

Allahın altında nə olaydı, bizim bu qızmış dana kimi ər deyib nərildiyən qızlardan birini sənə sırıyaydım, onda görərdin kadın nə deməkdi. Sənə həyatı başa salardı, dünyaya gəlməyinə, o gic-gic nəzəriyyələri yaratmağına it peşmanı olardın.

Eşit gör nə deyirəm, o düzdürmü ki, arvadın Marta ayrı kişilərnən gəzirmiş? Sən canı, day keçib e, pis başa düşmə, mən də heylə eşitmişəm. Sən bir dənə arvada öhd eləyə bilmirsən, amma kadınlara ağıl öyrədirsən. Belə dərd olar, belə iş olar? Kişi boyunu yerə quyuluyum! Əvvəl evin içi, sonra çölü. Duxun varıydı o nəzəriyyəni elə öz arvadına tətbiq eləyəydin də?! Niyə eləyə bilmədin???

Dörd il o yazıq Marta ilə nişanlı oldun, 1500 məktub yazdın, adam da öz qonşusuna 1500 məktub yazar. Xətrinə dəyməsin, sən əmməli-başlı başdan xarab olubsan, indi də avara cavanların başını xarab eləyirsən.

Tək mən yox ha, bizim kadınlar belə qərara gəlib ki, bu kadın məsələsində problem sənin özündədi, bir də sənin bu səfeh ideyalarına, mənasız nəzəriyyələrinə inananlardadı. Qalan hər şey öz yerindədi.

Sən elə deyirsən ki, ayıb olmasın, kadın hökmən kimnənsə pastelə girməlidi. Nədi-nədi əsəbləri yerində olmaz, psixoloji problemləri yaranar, ayrı həngamələr də qopar. Ay səni öləsən! Pastel halva-zaddır ki, hər gələnə pay verəsən?! Adət var, ənənə var, toy var, gəlinlik var. Hələ bunun dəvətnaməsini, şadlıq evini demirəm, gəlinin padruqalarına yandı-qındı verməsini demirəm?!

Seksual problemlərdən əziyyət çəkəsən, amma camaata “Seksual azğınlıq”dan dərs öyrədəsən. Ay qardaş, ay başına dönüm, kimə gəlirsən, get özünə sənət tap, bu nədi, boş-boş əsərlər, gərəksiz kitablar yazıb başımızı təlliyirsən. Kitab demişkən, 9 ilə cəmi-cümlətanı 257 kitabın satılıbsa hansı uğurdan, hansı alimlikdən danışırsan?!

Deyirsən ki, kadınlar bioloji cəhətdən natamam və keyfiyyətsizdi. Boyunu yerə soxum, heç olmasa öz anandan, öz bacından utan, onlar kadın deyil? Səni 9 ay qarnında gəzdirib, dünyaya gətirən o anaya nə deyirsən?! Heç nə demirəm, bir onu deyirəm ki, ayıb olsun!

Müalicə adı altında xəstələrə narkotik çəkdirib, narkoman eləyibsən, sonra da deyirsən camaatın ağlı-başı yerində deyil. Day elə olandan sonra hansı köpəyoğluda ağıl qalar?!

İşim-gücüm tökülüb qalır, sənə vaxtımı sərf eləyə bilmərəm. Axırda onu da deyirəm ki, sən o qədər axmaq və pozğun olubsan ki, öz arvadının bacısına sataşıbsan, üzr istəyirəm oğraşlıq eləyibsən. Ta sənə ayrı sözüm yoxdu. Ağlını yığ başına, bizim kadınlarla işin olmasın, əlimizə keçsən səni kişilikdən məhrum eləyib, o söz eləyərik.

Hörmətlə, Antineofreydizm Milli İctimai Birliyinin sədri, Gülnarə Verdiyeva

# 1962 dəfə oxunub

Oxşar xəbərlər

Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
Taksi kasıbın harasına yaraşır?

Taksi kasıbın harasına yaraşır?

16:00 8 iyul 2024
Ətirlər ehtiraslandıra bilərmi?

Ətirlər ehtiraslandıra bilərmi?

12:00 4 iyul 2024
# # #