Bu gün evdən ürəksiz çıxdı. Ürəyini evdə qoydu, aparmadı. Əslində, buna cəhd etsə də, apara bilmədi. Çünki ürəyini özündə saxlamağa, içində daşımağa nə bir səbəb, nə də bəhanə qalmışdı. Ona elə gəlirdi ki, bundan sonra ürəyi nəinki ona, heç kimsəyə lazım olmayacaq...
Bəlkə də, haqlı idi. Ürəyini çırpındıran, ürəyinin apardığı və ürəyini apardığı ünvan sanki “Katren” sunamisinin dalğalarına tuş gəlmişdi, bu dalğalar hər yanı silib-süpürmüş, bütün bəndləri uçurmuşdu.
Bəzən ona elə gəlirdi ki, ürəyi bütün bunlara görə onu mühakimə edir. Ona görə də bu mühakimədən yaxa qurtarmaq üçün "belə məsləhətdi", - deyə özünü inandırmağa çalışırdı. Artıq ürəyi də onunla razılaşmışdı, bundan sonra ürəksiz keçinəcəkdi.
...Düşünə-düşünə sahilə yan aldı. Bir az qağayıların səsinə qulaq asdı. Diksindi, elə bildi ki, bütün bu səslər dənizdən deyil, içindən gəlir. Bir anda həyat gözündə mənasızlaşdı. Daha gəzməyə səbri çatmadı, gəldiyi kimi də qayıtdı.
Gecəni birtəhər səhər elədi. Ev onu sıxır, divarlar həyula kimi üstünə gəlirdi. Artıq hiss edirdi ki, içində nəsə ölür. Bu onun ürəyi idi. Ürəyinin ölümünə tamaşa etməyə isə cəsarəti çatmadı. Gecənin bir aləmi evdən çıxıb küçəyə qaçdı, sanki bir içim nəfəs alıb içində çapalayan ürəyini xilas etmək istəyirdi. Amma evdən çıxanda ciyərlərini apara bilməmişdi. Evə dönəndə darısqal və qaranlıq otaqda ürəyinə bir udumluq hava çatdırarlar deyə ciyərlərinə gecənin ağır və soyuq havasını qıymamışdı.
Əvvəllər "ürəyim sənin üçün nəfəs alır" deyirdi. İndi isə nəfəsini – ciyərlərini ürəyi üçün saxladı.
Bir az küçədə dolaşdı, amma ürəyini isidən nəfəsi hiss etmədi.
Mənasız olan şəhərin havasını içinə çəkməməyi, gecənin bir aləmi ciyərindən imtina etdiyini ağıllı addım saydı. Fikirləşdi, fikirləşdi, tələsik evə qayıtdı – ürəksiz-ciyərsiz qala bilərdisə, deməli, böyrək də ona lazım olmayacaqdı.
Səliqə ilə böyrəklərini, mədəsini dondurub qoydu evin bir küncündə: “Demişdimmi, məni incitmə, ürəyim!”
İndi onu incidən ürəyinə incitdiklərinin ölümünü nümayiş etdirirdi.
Ürək ciyərlə savaşdaydı. Ürək dayanmaq istəyirdi, ciyər yaşatmaq!
Yenə evdən çıxdı. Yenə gəzdi, gəzdi... Bu dəfə qərara gəldi ki, ayaqlarını evdə qoysun. O, uzun-uzadı bağırsaqlara, zəhər yığan ödə, doymayan dalağa, nə şişə, nə kababa gəlməyən ət parçasına tuluq olmaq istəmirdi. Bu an bədəni ürpəşdi, tükləri biz-biz oldu... Deyəsən, həyat anlamını itirirdi. Axı o, son beş gündə sevən ürəkdən tuluğa dönmüşdü.
Bu qədərmi zəif, aciz idi!?
Yox!
Sadəcə, sərt idi, qəddar idi və qərarı qətiydi.
Yalnız Məcnun iki dəfə sevməmişdi, sevmək imkanı olmamışdı, ağlı başından getmişdi. Onun isə ağlı başındaydı.
Gülümsədi. O, Məcnun deyildi...
O, doğrudan da, ruha çevrilən adam idi indi. Bundan sonra ruha çevrilən canı sevdiyinin ruhuyla bir dolanacaqdı. Ruhlar bir-birinə etiraz etmir, bir-birini sınağa çəkmir, mühakimə etmir. Heç bir-birinə xəyanət etməyi də bacarmır, biri o birisinə mane olmur...
Hə, növbə gözün idi.
Gözünü də evdə qoydu və o gedən getdi.
***
Göylərdə atəşfəşanlıq vardı. Adamların içində adam kimi yaşayıb adam kimi ölənin biri azalmışdı. Ruh kimi qayıtmışdı. İtkin ruhların daha biri dirilmişdi.
***
Dərgahdan uzaq düşəndə dərindən bir qıyyə çəkmişdi. Razılaşmamışdı. Artıq ona əyan olmuşdu ki, yer üzü onun üçün qürbətdir. Beləcə qərib olduğunu anlayır və yaşadıqlarından imtina etməyə can atırdı...
O, yer üzünə nəfsiylə bağlanmamışdı, heç həyata dördəlli də yapışmaq niyyətində deyildi. O, yaşadığı müddətdə yer üzündə nə gördüsə sevdi, amma ehtirasla yox, ehtiramla, Allahın qüdrəti kimi...
Məqamı gələndə anladı ki, onu heyran edən gözəl onu məhrum edə bilməz, sınağa çəkməz.
Daha böyük və daha gözəl aləmlərə məxsus sevgisini sevdiyi üçün pak saxladı.
İndi sevdiyinin başı üstündə ruhu hakim idi, sevdiyini göylərdən qoruyurdu.
Hər addımında sevdiyinin - sevgisinin şahidiydi.
Sevdiyini hər dəfə qoruduğunda “lənət şeytana” deyir, şeytana daş atdığından həzz alırdı.
Özü də anlayırdı ki, bəzən insanı sevən ruhlar belə şeytanın köməyindən yararlanır.
***
Göylər hamilə idi, ruhlar müntəzir. Ruha çevriləndən sonra bircə şeyi anlamışdı: əgər sən özünü xilas etmisənsə, artıq sevdiyini də xilas etmiş olubsan göylər üçün.
Var gücüylə yerə səslənmək istəyirdi: sevəndə kişi kimi yox, ruh kimi sevin... Çünki özünüzü xilas etməklə sevdiyinizi cismən və ruhən əbədiyyətə qovuşduracaqsınız.
Amma ruhlar bildiklərini bəyan etməkdə səlahiyyətli olmadığından yerə səsi çatmırdı.
***
...göylərdə şimşək çaxırdı.
Göylər lərzəyə gəlirdi.
Göylər onun ruhunun vəsfindən heyrətdə idi.
...sevdiyini qarşılayırdı.
“Göylərdə görüşənədək”, - dediyinin fərqindəydi.
Hər kəsin ruhunun sevgisini ifadə etdiyi fikrindəydi.
Bax bunu da yerə çatdıra bilmədiyindən narahat olur, əzab çəkirdi. Ancaq sevinci kədərindən qədərsiz artıq idi. Hamı göylərə layiq deyil axı...
***
O, daha başqa bir aləmdə idi, onun göylərdə görüşü, sevgisi, hətta qovuşmaq ehtirası belə möhtəşəm idi. Çünki onu ruhlar, mələklər müşayiət edirdi. Yer haqqında təsəvvürləri isə silinmişdi, sanki yerlə bağlı bütün yaddaşı pozulmuşdu. Amma o, nəyisə xatırlamağa çalışırdı. Göydən isə yer görünmürdü. Nə qədər boylansa da, boşluqdan başqa bir şey görmür, elə hey xatırlamağa çalışırdı...
"Ürək"
4 yanvar 2014
17:12
4153 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024