Bildiyiniz kimi, Kulis.az yazarları bu günlərdə Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Axırıncı dayanacaq” filmi haqda fikirlərini yazdılar. Həmin fikirlərdəki bəzi maraqlı məqamlarla bağlı filmin ssenari müəllifi İlqar Fəhmiyə suallar ünvanladıq. Qısa müsahibəni təqdim edirik.
- Belə bir fikir qeyd olundu ki, mühafizəkar mövqe tutan müvafiq nazirliyin və “Azərbaycanfilm”in sifarişi ilə bundan daha yüksək nəsə çəkmək çox çətindir. Bununla razısımı?
- Əsas məsələ yüksək sözü altında nəyi nəzərdə tutduğumuzu dəqiqləşdirməkdir. Çünki bunun özü o qədər şərti şeydir ki, fikirlər yüz yerə şaxələnir.
- Daha bir mübahisəli məqam filmin janrıyla bağlıdır...
- Detektivə və melodrama parodiya üzərində qurulmuş komediya... Postmodern komediya da demək olar...
- Filmə tutulan əsas iradlardan biri budur ki, melodrama ilə komediya qarışıb. Bir-birini sevən yaşlıların görüş səhnəsi öz həllini tapmır.
- Elə bu da parodiyanın bir hissəsidir... Nə itki əsl itkidir, nə axtarış əsl axtarışdır, nə ölüm əsl ölümdür, nə də vüsal əsl vüsaldır. Hər şey geydirmədir... Mənim bu rədiflə şeirim de vardı. Hətta kapitan da heç vaxt dəniz görməyib. Gopa basır ki, dəniz belə gəmi elə... Amma bunu açıq verməmişəm, bircə yerdə sezdirmişəm.
- Komediya üçün qocalar evi məkan olaraq doğru seçilməyib. Özünüzü çətinə salmısınız bir növü...
- Bu da dediyim yanaşmadı. Əslində demək istəmişik ki, insanı cavabsız suallardan xilas edən ancaq ironiyadır. Sualın özünə ironiya! Bu isə ən ağır yerdə, hətta qocalar evində də mümkündür.
- Film çox lirik səhnələrlə başlayıb, lirik səhnələrlə də başa çatır.
- Bu isə artıq ideyaya-filana fikir verməyən sıravi tamaşaçı üçündür.
- Filmin sonunda “Vağzalı”nın səslənməsinin anlamı nədir? Bir kişi niyə “Vağzalı” oynamalıdır?
- Yəni bu bədbəxt insanın “Vağzalı”sı da sünidi... Nəsə əldə edəndə yox, əldən çıxanda oynayır.
- “Son istasyon” adlı türk filmi var. İki film arasında ad oxşarlığı barədə nə deyərdiniz?
- Bütün dünya güzgülər üzərində qurulub, hər şey bir- birinə oxşayır...