Cəlil Cavanşir yazır...
Sabun qədim Misirdə kəşf edilsə də, ərəblər həmin sabuna bitki yağı əlavə etməklə müasir dövrdə istifadə edilən sabunu kəşf ediblər. Şampun da ərəblərin kəşfidir və İngiltərəyə ilk dəfə 1759-cu ildə gedib çıxıb. Bir sözlə məişətimizin vazkeçilməz yuyucu vasitələri olan sabun və şampun müsəlman aləminin kəşfidir.
Fağır müsəlman deyir ki, təmizlik imandandır. Yəni gigiyenanı-zadı boş ver, islam deyir ki, təmizlənməlisən, paklanmalısan, sabunlanmalısan. Dolayısıyla sabunlanmaq imandandır.
Sabunu məişətimizdən çıxarsaq və ya sabundan imtina etsək həyatımız əməlli-başlı məşəqqətə çevrilər. Xüsusən də, elə sabunlar var ki, təkcə sabun deyil, həm də kremdir. Bəs sabun başqa hansı işə yarayır? Bax, onu mən burda yaza bilmərəm, camaatın anası-bacısı var, ağsaqqalı, ağbirçəyi var. Siz Ətağa, ağlınıza başqa şey gəlməsin. Məni seksdən-zaddan yazan həmkarlarımla qarışdırmayın. Mən seksə bilmərrə qarşıyam. Normal tərbiyə almış adam, heç olmasa bir qoşma, iki-üç bayatı, dörd-beş gəraylı, beş-on atalar sözü bilən adam seksdən yazmaz. Ümumiyyətlə, milli dəyərləri olan adam yazısına erotik başlıq qoymaz. Ona görə də mənim yazılarımda əxlaqa və milli mentalitetə zidd olan cümlələr, fikirlər axtarmayın! Əgər axtarıb tapsanız gətirin vurun başıma!
***
Yazının bu yerində qəribə bir keçid eləmək istəyirəm. İnandırım sizi, sadiq oxucularımın, dostlarımın çoxusu çaş-baş qalacaq, şoka düşəcək ki, bu nə keçiddir?
İzahlı lüğətimizdə yaltaqlıq sözünün maraqlı izahı var.
“Öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, riyakarcasına onu tərifləmə. Yaltaqlıq etmək. Yaltaqlıq insanı alçaldan hərəkətdir.”
Hə vallah, beləcə də yazılıb: “Yaltaqlıq insanı alçaldan hərəkətdir”.
Siz artıq şokdasınız.
Öz aramızdır, hələ də çoxunuz başa düşmədiniz ki, mən niyə sabun söhbətindən, yaltaqlıq söhbətinə keçdim. Deyim biləsiniz ki, el arasında yaltaqlara həm də “sabun” deyirlər. Yəqin çox eşitmiş olarsınız, “Filankəs sabundur”, “Filankəs sabunlanır”, “Zalım balası “Dove”dur”, “”Dove” təkcə sabun deyil” və s.
İndi bilən bilir ki, sabunun yaltaqlıqla əlaqəsi nədir. Mən durub bu barədə ətraflı izahat versəm qınayacaqsınız, hətta danlayacaqsınız. Amma and ola yeri-göyü yaradan kişiyə, bu söhbəti gündəmə mən gətirməmişəm. Elə gözümü açandan sağda, solda bu cür atmacalar eşidirəm.
Yaltaqlığın tarixini araşdıranda maraqlı faktla qarşılaşdım. Faktı tam dəqiqləşdirmədiyim üçün yaza bilmərəm. Amma əmin olun ki, tapdığım fakt ciddi faktdır.
***
Siz heç yaltaq görmüsünüz? Məncə görməmisiniz. Ölkəmizdə qurd qoyunla kinoteatra getdiyi üçün yaltaqlığa ehtiyac-zad yoxdur.
Uzağa getməyək, elə götürək bütün günü göz qabağında olan ədəbi cameəni.
İndiyəcən bir dənə yaltaq şair, yazıçı görmüsünüz ki, yaltaqlanıb təqaüd, mənzil, fəxri ad alsın? Qəti mümkün deyil. Bizim sarsılmaz cərgələrimizdə yaltaqlara yer yoxdur.
Şəxsən mən görməmişəm ki, hansısa yazıçı içki məclisində söyüb-suvadığı sayt rəhbərinin feysbukdakı statusunu layk eləyib, şəkillərinə düşük-düşük şərhlər yazsın. Bizim mühitdə belə şeyə pis baxırlar.
Bunu oxucuların çoxu bilməz, amma qələm adamları bilir ki, bizim heç bir yazıçımız yalandan başqasının üzünə gülmür, yalandan tərifləmir. Hər şey mərdi-mərdanə, möhtəşəm və şahanədir.
Bəs bu sabun və yaltaqlıq söhbəti hardan gəlib düşdü yadıma? Bu nə axmaqlıqdır? Qınayın məni dostlar, qınayın. Yazmağa mövzu qəhətdir?
Mənim indi AYO-nu söyən, AYB-ni tərifləyən yaşımdır. Mən indi içənləri qınamalı, bizdən olmayanları aşağılamalı, zəifləri dolamalı, gənc həmkarlarımı yamanlamalıyam. Mən indi şanlı baş redaktoruma xoş gəlmək üçün, onun sevdiyi adamlardan uzun-uzun müsahibələr almalıyam.
Nə isə, çərənçilik edib sizi yormaq istəmirəm. Yadınızda saxlayın ki, “dəxilsiz köşə” janrını publisistikamıza indilərdə özüm gətirdim. Məndən əvvəl heç kəs bu mövzuda yazmayıb, yazıbsa da mən oxumamışam. Ümumiyyətlə, mən oxumuram, yazıram. Çünki yazar oxumaz, yazar. Siz indiyəcən Van Qoqun rəsmlərinə baxdığı ilə öyünən rəssam görmüsünüz?
Sözüm onda deyil, bu mənasız və məzmunsuz köşənin içərisində üç ciddi mətləb gizlənir. Eyni zamanda 4 nəfəri də tənqid etmişəm. Tapa bilmədinizsə, bu sizin probleminizdir.