Tirajla vicdan arasında sıxışmaq

Tirajla vicdan arasında sıxışmaq
10 dekabr 2013
# 12:30

İbrahim Nəbioğlu yazır…

“Yeni Şafak” iqtidara yaxın islamçı-mühafizəkar qəzetdir. Murat Menteş bu qəzetdə ən parlaq köşə yazarlarından biri idi. Fərqli düşündüyü üçün işdən atdılar. Gezi parkı olaylarına onlar kimi baxmadığı üçün.

Tirajı ilə vicdanı arasında sıxışıb qalmış qəzetinə son köşəsini yazıb ayrıldı. Həm də necə ayrıldı. Ən böyük qəzetlərin ən önəmli imzaları onun haqda məqalələr yazır, reportaj üçün “quyruğa girirlər”. 3 kitabı var, üçünü də zorla tapmışam. Sonuncu kitabı “Ruhi Mücərrət”-dən başlamışam onu kəşf etməyə. Türkçə belə bir əsər oxuduğumu yada sala bilmirəm. M. Menteş kimi hiperaktiv beyinə sahib ad çək desələr, ya Çak Palanik, ya da Kventin Tarantinonun adlarını çəkərəm. Palanikin “Döyüş klubu” (“Fight Club”) romanı ilə Tarantinonun “Əsas instinkt” (“Pulp Fiction”) filmindəki kimi Menteş əngin xəyal gücü ilə gerçək həyatı flört etdirir, ehtimallar ilə çarpışan, vuruşan detallara əsir-yesir edir oxucusunu.

Ölüm döşəyində olan biri İstiqlal savaşının son Qazisi, 100 yaşlı Ruhi Mücerretə Masum Cici adlı psixopatı öldürməyi vəsiyyət edir. Bu vəsiyyətin necə icra olunacağını öyrənmək 2 günümü aldı. Kəlmələrinin və xəyal gücünün sürətinə çatması mümkün olmayan, mizahı möhtəşəm bir kitab. Qiraətin ləzzətini uzatmaq istəyirsən, bitməsin deyirsən bu axıcılıq, bu fərqli üslub. Amma mümkün deyil, yaya bilmirsən günlərə mütaliə şölənini, buraxmır səni roman, həbs edir səni səhifələrinə. Kitabı oxuyarkən üzündən sıra ilə təbəssüm, təəccüb və heyrət heç əksik olmur, bütün mimikaların sanki tarıma çəkilir.

37 yaşı var Murat Menteşin. Atası şairdir, mahnı sözləri yazır. Kefinə düşəndə onlara musiqi də bəstələyir. Üç oğlu var, ikisi ekizdir. Ekizlərin 13 yaşı və hərəsinin bitmiş 2 çoçuk romanı var. Amma onların yazar olmasını istəmir. Bir-neçə kult olmuş əsərlərin müəllifi Alen de Botonun

“Evlatların mutlu olmadıqlarını yazar olmaq istəmələrindən anlamaq olar” sözlərini xatırladır.

Velosiped təmirçisi işləyib əvvəllər. Qarnını doyurmaq üçün sehrbazlıq da edib, boks döyüşlərinə də qatılıb. Ta ki Jorje Amadonun romanının adını verdiyi “Möcüzələr dükanı” adlı kitab mağazasını açana qədər. Yazarlığa başlamağa orada qərar verib, o əsrarəngiz qoxulu kitabların əhatəsində.

İlk kitabı “Dublyorun dilemması” romanıdır. Kitabı oxuyanlar bunu yazanın narkoman olduğunu, bu sətirləri ancaq kokain və ekstazi altında yazıldığını iddia edirdilər. Çünki o qədər başgicəlləndirici sürəti var ilk romanının. Halbuki, mühafizəkardır, Allaha inanır, amma modern insandır, intellektualdır. Saçı-saqqalı solçulara bənzəsə də əlləm-qəlləm adama oxşayır, enerjisi zirvəyə vurur.

Deyir İslam tarixi, İslam mədəniyyəti, İslam sənəti çox sirayət etmiş Türkiyəyə. Hətta ateistlərə belə. Henni Yangmanın sözlərini təkrarlayır – Bir insan ateist ola bilər, amma əsas məsələ onun katolik ateistmi, ortodoks ateistmi, yoxsa müsəlman ateistmi olmasıdır”. Türkiyədəki problemlərin əslini isə qardaş qovğasında görür. Əl sıxarkən kimsənin bir-birinin gözünün içinə baxmadığını, insanların qarşısındakıları mağara adamı, manyak, xain, gavur, hiyləgər kimi gördüyündən dərd yanır. Nifrət dolu insanları dindar saymır.

İkinci romanı “Korkma ben varım” adlanır. Məharətlə istifadə etdiyi qroteksli dilini burada daha da inkişaf etdirib. Bəzi tənqidçilər bu romanın digərlərindən daha sərrast və uğurlu olduğunu qeyd edirlər. Hələ son romanının, “Ruhi Mücerret”-in sehri və tilsimindən çıxmadığım üçün bu romanına başlaya bilmirəm.

Stanislav Lex “Bir yanlış addım atın, o andaca birilərinin atəş hədəfinə çevriləcəksiniz” yazmışdı. Murat Menteş qəzetə bir yazı yazdı, həmrəy oldu Geziyə toplananlarla və işdən qovuldu. “Qadasını aldığım” türk mediası o saat başladı qaralama kompaniyasına – “Yox, bu Menteş deyilən adam əslində bir layihənin parçasıdır”, “Yox, bu yayın evlərinin, mətbəələrin bir reklam oyunudur” və daha nələr, nələr. Halbuki, qatar çoooxdaaan tərpənib. Və mən də bir kəhanətdə bulunacam – “Murat Menteş önümüzdəki illərin ən çox oxunan, müzakirə edilən, ekranlaşdırılan, söyülən, döyülən romançısı olacaq”.

Şöhrətdən “göynən gedir” bu aralar. Twitter-də 4.6 milyon (!) izləyicisi olan Cem Yılmazın atdığı 2 tvitdən biri ona ünvanlanıb. “Dublyorun dilemması”nın ekranlaşdırılacağı, filmin Yavuz Turgul tərəfindən çəkiləcəyi, baş rolu isə Cem Yılmazın oynayacağı haqda söyləntilər Murat Menteş ətrafında gizəmli bir sirr pərdəsi yaradır. Və o, yavaş-yavaş bir kulta çevrilir.

Yazını bitirdiyimdə gözüm çalışma masamın üstündəki qeydimə sataşdı. Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) son raportuna görə Gezi parkı olayları ilə bağlı yazılarına görə işdən atılan jurnalistlərin sayı 59 nəfərdir. IFJ –nin Başqanı Jim Boumelha türk hökumətlərinin azad mətbuata tolerans göstərməməyini xroniki problem adlandırır. Kübar və nəzakətlidir, Boumelha, xəstəliyə problem deyir.....

“Yaşınız 100-dən azdırsa mütləq Murat Menteş oxuyun”.

“Yaşamaq ölülərin də haqqıdır”.

Ömrünüz uzun olsun.....

(“Ayna” qəzeti)

# 3748 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #