Alçaldılmışlar və sındırılmışlar

Alçaldılmışlar və sındırılmışlar
22 may 2019
# 17:01

...İnsanların çoxu öz kasıblığını birtəhər həzm eləyə bilir, qüruruna nə gəldi yedirmir, adamlığını və mərifətini, can boğaza yığıldığı ana kimi qoruyur, ruhi qidanın və mənəvi məmnuniyyətin arxasınca düşür. Bəzilərinə isə tamah güc gəlir, gözlərdən oğurlanıb qoruğa dalmaq istəyirlər, nəticədə qol-qıç sınır, sınıqçıların müştərisi çoxalır.

"Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən!"

Ü.Hacıbəyli

Mentalitetimizi ifadə eləyən alleqorik, gözəl atalar sözləri var, onlardan birində deyilir: "Arığın nə işi var qoruqda ki, vurub qıçını sındırırlar".

Burdan o məna çıxmır ki, kökün qıçındakı piy qatı zərbəni yumşaldır deyə o, daha dayanıqlıdır. Mentalitet şeytan xislətlidir - təfərrüatlarda gizlənir. Atalarımız demək istəyir ki, qoruq kök-gombul adamların oylağıdır, arıqların yeri deyil. Arıqlar Allaha təvəkkül bəslənməli, adət-ənənədən və mental dəyərlərdən muğayat olmalı, köklərin daha da yağlanması və piylənməsi məsələsinə xor baxmamalıdır.

Əksərən xor baxmırlar da.

Bibliyada Musa peyğəmbər aclıqdan və səfalətdən əziyyət çəkən camaatın könlünü belə alır: "İnsan təkcə çörəklə doymaz, onu söz doyurar". Yəni xoşbəxt olmaq üçün maddi rifah onsuz da kifayət eləmir, siz daha çox ruhi qidanın və mənəvi məmnuniyyətin qeydinə qalın.

Zəruri qeyd: mən burada bizim bəzi zənginlər haqqında danışmayacağam. Çünki öz mütləq çoxluğu etibarilə bu, elə bir zümrədir ki, onu yalnız faunanın bir hissəsi kimi nəzərdən keçirmək olar.

Bəli, insanların çoxu öz kasıblığını birtəhər həzm eləyə bilir, qüruruna nə gəldi yedirmir, adamlığını və mərifətini, can boğaza yığıldığı ana kimi qoruyur, ruhi qidanın və mənəvi məmnuniyyətin arxasınca düşür. Bəzilərinə isə tamah güc gəlir, gözlərdən oğurlanıb qoruğa dalmaq istəyirlər, qol-qıç sınır, sınıqçıların müştərisi çoxalır.

Ancaq bir var, adamın qolu-qıçı sına, bir də var özü.

Bəziləri sınanda səsi məmləkəti başına götürür, yüzillik palıd ağacı kimi inilti-nərilti ilə yıxılır, bəziləri qrafit kimi kirimişcə ovxalanır.

"Sınmış insan" ifadəsi sadəcə, metafora deyil - sınmış adam - gözünün odu alınmış, sanki somnambula vəziyyətində gəzib-dolaşan, bütün həyat impulslarını Qara dəlik kimi yoxa çıxaran bir məxluqdur. Ən maraqlı yaltaqlar, qabiliyyətli kombinatorlar, istedadlı "işverən"lər və üzəduranlar bu məxluqların sırasından çıxır. Puşkin ("Stansiya gözətçisi"), Qoqol ("Şinel") kimi sənətkarlar sözügedən obrazlar barədə ürəyi yana-yana, şəfqətlə söz açırdılarsa, Çexov ("Məmurun ölümü") və ondan sonrakı yazıçılar onlara ironiyayla yanaşırdı. Çexov belə adamlar barədə boş yerə: "Mənasız yaşayırsınız, cənablar" - demirdi...

Şöhrətli abxaz yazıçısı Fazil İskəndərin "Kazım dayının atı" adlı gözəl bir hekayəsi var. Hekayədə oyur-oyur oynayan, bütün qaçışların mükafatını alan yaraşıqlı bir atdan söhbət açılır. Müharibə vaxtı imiş, bu atı cəbhənin ehtiyacları üçün müsadirə edir və iki aydan sonra geri qaytarırlar. Lakin bu, artıq həmin at deyil. Onun, nəinki cıdıra çıxmağa, heç öz milçəklərini qovmağa belə həvəsi yoxdur. Məlum olur ki, cəbhədə ata yük daşıtdırıblar, arabaya qoşublar, onun yüyrək təbiətinə uyğun olmayan digər işlər gördürüblər. Uşağın "Bu ata nə olub axı?" sualını Kazım dayı belə cavablandırır:

- Onun qürurunu sındırıblar.

- Hansı qürurunu?

- Aydın məsələdir, at qürurunu...

Artıq qonum-qonşu atı eşşək yerinə işlədir, əvəzində bir qarın ot-ələf verirlər... At da, könüllü-könülsüz, beş eşşəyin işini görür.

Qeyd edək ki, bu, sadəcə, alleqorik hekayə deyil, atlar da sınırlar.

Dostoyevskinin "Alçaldılmışlar və təhqir olunmuşlar" romanındakı Makar Devuşkin obrazı Kazım dayının atından çox da fərqlənmir. Özünün təhqiramiz vəziyyətini yaxşı başa düşən Devuşkin bununla barışmaq istəmir, gəl ki, etiraz üçün canında təpər yoxdur...

Ancaq ədalət naminə, sınmışların hamısını bir gözdə görmək də düz olmaz.

Məsələn, ötən əsrin 40-cı illərində ABŞ-da "Sındırılmış nəsil" adlanan güclü ədəbi cərəyan formalaşmışdı. Berrouz, Ginzberq, Keruak kimi məşhur təmsilçiləri olan bu ədəbi nəsli əvvəl-əvvəl "əxlaqsız, romantik, cəmiyyətin tör-töküntüsü" adlandırmaqdan çəkinmirdilər. Onları köşəyə sıxışdırmış hakim qaydalara qarşı çıxdıqlarına, özlərini insan saydıqlarına görə nonkomformist damğası vurulan bu yazarlar sonradan Amerika ədəbiyyatının klassiklərinə çevrildilər.

Sındırılmışların belə özəlliyi də var. /525.az/

# 3550 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #