Kulis.az Şərif Ağayarın yazıçı Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanından bəhs edən “Sarı” məqaləsini təqdim edir.
“Kino+” qəzetində işlədiyim vaxt bir rejissor redaksiyaya zəng eləmişdi. Adını unutmuşam. Elə tanınan adam deyildi. Telefonda xeyli danışdıq.
Dedi, Azərbaycanda kino yoxdur! Dedim, bəy, hər il dövlət sifarişi ilə ən azı 3 tammetrajlı bədii, 5-6 sənədli film çəkilir. Bunların hansına baxıbsan? Məlum oldu ki, qardaş son 10 ildə çəkilən heç bir filmə baxmayıb. Axırıncı dəfə kinoteatrda nə vaxt olduğunu unudub.
Heyrət elədim!
Dedim, əminəvəsi, kinoteatra getmirsən getmə, filmlərə baxmırsan baxma, amma əgər kinoteatra getmir və filmlərə baxmırsansa kino haqqında belə qəti hökm vermə. Əslində, həqiqətən də, Azərbaycanda kino olmaya bilər, amma sən bunu dilə gətirəcək ən sonuncu adamsan!
Ədəbiyyatda da vəziyyət oxşardır.
Bir də görürsən, il boyu yeyib-içib səmriyən, bütün günü ona-buna kəf gəlib pul qazanmaqla məşğul olan qatıq bir adam hardasa yazdı və dedi: “İndi yazan yoxdu!”, “İndi ədəbiyyat var?” Təəssüf, belə anlarda adamın imkanı olmur ki, tutasan bu sözləri deyənin qulağından, gətirib göstərəsən bəzi-bəzi yazıları. O adamları ki, ağır-yüngül çətinliklərə mərdi-mərdana sinə gərərək, ədəbiyyatla fədakarcasına məşğuldurlar və məlum-məşhur dəyərləri öz çiyinlərində sabaha daşıyırlar.
Zahid Sarıtorpaq belə fədakarlardandır!
Onu tanıdığımdan eləcə sözün yanında görmüşəm. İstedadından başqa inandığı olsa-olsa o qurbanoğlduğumdur ki, o da yazıçı-zad fırlamır. Bizim Allahın Azərbaycanı “kurirovat” edən mələkləri ədəbiyyat oxumur, müğənniyə qulaq asır və futbola baxır.
Şeirlərindən sevdiyim Zahid Sarıtorpağın “Azərbaycan” jurnalında (2014, 9) oxuduğum “Dərdin sarı çəpkəni” romanını oxuyanda sevincimdən az qala uçacaqdım. İlin-günün belə qurumsaq vaxtı ədəbiyyatın, sözün elə bir təntənəsi idi ki, mənim kimi realist adamı da xoşbəxt eləməyi bacardı.
Roman qəfil hər yanı sarı görməyə başlayan bir ziyalının həyat faciəsindən bəhs edir. Geniş təhlil verməyəcəm. Sanki, sözün ülviliyinə ucalan məqamlardan boylanan ümid işartıları – kimi zayı çıxmış ifadələrlə tərif-təbliğ dəstgahı açmağa ehtiyac görmürəm. Sadəcə, sizi bu əsəri oxumağa dəvət edirəm. “Ədəbiyyat yoxdur!” kimi nadürüst qənaəti məhvərindən oynatmaq, “80-cilər itib getdi” ehkamını darmadağın etmək üçün! Dilin, üslubun, mətnin, havanın, ağrının, halallığın, gözəlliyin, eybəcərliyin bir sözlə ciddi istedadın nə olduğunu bir daha görmək, onun varlığına, ölmədiyinə, yaşadığına və yaşayacağına şahid olmaq, inanmaq üçün.
...Adam hər yanı sarı görür. Və bu sarı rəngə boyanmış dünya müəllifin gözüylə elə heyrətamiz təsvir olunur ki, oxuya-oxuya balaca dilini udursan. Dünyada nəcisdən tutmuş qızılacan sarı rəngdə nə qədər əşya varmış? Sarı rəng insan ovqatının dürlü-dürlü halında necə də dəqiq ifadə edə bilərmiş. Hələ bir əvvəl yaşıl, qara, ağ, narıncı və s. olan dünyaların sarı variantı var! Anlayacağınız, sarının min çaları...
Bu məsələnin estetik tərəfi...
Dil-üslub məsələsinə gəlincə, bu abzas kifayət edər məncə: “Sarvanın (oğlu – Ş.A.) pıçıltısıydı. Qulağım çaldı. Nə qədər yavaş danışsa da, kobud və boğuq səsi sanki quyunun dibindən gəlsə də, aydın eşidilirdi. Deyəsən, qardaşıyla canlı kompüter bağlantısındaydı. Maraq içimi bürüdü. Yataqdan qalxdım. Barmaqlarım ucunda eyvana çıxdım. Yağış səsinin dəlik-deşik elədiyi sükutun içiylə yeriyib Sarvan olan otağın eyvana açılan pəncərəsinə tərəf gəldim. Nəfəslik açığıydı”.
Bu da sosial məzmun: Adamın xəstəliyi nadirdir... O qədər nadir ki, eyni bəlaya mübtəla olmuş bir milyarderin vəsiyyəti ilə ona Moskvada bir milyon dollar veriləcək. Və ən dramatik an: oğlanları atalarının xəstəliyini bazara çıxarır! Bu pul kapitalizm cəmiyyətinin praqmatik qəhrəmanlarını xoşbəxt edərmi sizcə? Mən “Əsla!” deyirəm. Müəllif də mən deyəni deyir!
2014-cü ildə oxuduğun ən gözəl mətnlərdən olan “Dərdin sarı çəpkəni”, yaltaq tənqidçilər demiş, nöqsanlardan da xali deyildir. Bu nöqsanların üçünə dəqiq əmin olduğuma görə, onları qeyd edirəm. Qalanları, subyektiv görünə bilər deyin, müəlliflə şəxsi söhbətə saxlayıram.
Birinci,
Romanın adı uğursuzdur; bilirəm söz oynadıb. Dərd və dərmək məsələsi... Amma, məncə, bu mətni yaza bilən kişinin Mirşahinvari söz oynatmasına bilmərrə ehtiyac yoxdur! Əsərində ən qəliz mətləbləri sadə verməyi bacaran yazıçı niyə söz oynatsın ki? Söz onun sözünə baxırsa ona niyə barmaq eləsin? Sadəcə, “Sarı” ola bilərdi, məsələn.
İkinci,
Yazıçı dindarlığını oxucudan gizləyə bilmir və ya gizlətmək istəmir. Gizləyə bilmirsə üslub, gizləmək istəmirsə düşüncə xətasıdır. Yazar oxucunu ona dəxli olmayan mətbəxə buraxmasın gərək. Yoxsa burnu fərqli qoxular alar və o ağzının dadını itirər. Müəllifin dini mənsubiyyətini bilmək, əsərə kölgə salır. Hansısa maraqların ədəbi-estetik planı üstələmə ehtimalı yaranır. Necə ki,
Üçüncü,
iradımız da bununla bağlıdır. Əsərin maraqlılıq dərəcəsini artırmaq qayğısı, sosial mesaj ötürmək və bu günlə yox ee... bu saatla ayaqlaşmaq istəyi o qədər qabarıq görünür ki, bayaqdan səni heyrətləndirən yazarın özünə axıracan inanmadığını və yazdığının dəyərini bilmədiyi şübhəsinə düşürsən. Gündəlik mətbuatda ən yüngül jurnalistin belə iki vur iki deyə hədəfə aldığı “Öz vətənini unudub, Suriyada ölmək” tendensiyası Zahid Sarıtorpağı niyə bu qədər rəncidə edib ki, gözəl bir mətnin ruhuna müncər eləməyə çalışıb. Atasının xəstəliyindən pul güdəcək qədər “kayb etmiş” düdəmə oxucunu başqa nə cür heyrətləndirə bilər? Suriyaya getmək bunun yanında toya getmək deyilmi?
Son olaraq,
Günü-gündən çiçəklənən şanlı Azərbaycanımızın mənə inanan qədirşünas və tərəqqipərvər övladlarını Zahid SARItorpağın “Dərdin SARI çəpkəni” romanını oxumağa dəvət edirəm. Bir daha təkrar edirəm: “Azərbaycan” jurnalının 9-cu (2014) nömrəsi. Uzaq-uzaq ellərdə yaşayanlar üçün elektron variant da göndərə bilərəm.
“Karoçi” bizdə hərdən film çəkilir, deyicisi olmayın!