Ailə kiçik dövlətdir. Cəmiyyətimizin kiçik parçasıdır. Müqəddəsdir. İllərdir bu psixologiya ilə, bu dəyərlərlə böyüdüldük. Ana-atanın və digər böyüklərin sözü evdə qanun sayılır.
Bütün münasibətlər hörmətə və sevgiyə əsaslanır əsl Azərbaycan ailələrində. Söyüş və digər etikadan kənar söz və hərəkətlərə yer verilmir ailələrimizdə. Bu dəyərləri və prinsipləri hələ çox uzatmaq olar. Amma məqsədim Azərbaycan ailəsinin tərifini verib onun müqəddəsliyi haqqında uzun-uzadı danışmaq olmadığından siyahını burada tamamlayıram.
Məqsədim bu gün bu dəyərləri köhnənin qalığı kimi qələmə verib televiziya və radiolarda onları gülüş obyektinə çevirənlərə diqqət çəkməkdir. Bu gün ailə arasındakı münasibətlərin hörmətə, bəzən isə rəsmiyyətə əsaslanmalı olduğunu təbliğ edən keçmiş filmlərimiz pafosludur - deyilərək, ələ salınır.
Sən demə ailədə rəsmilik gülməli imiş. Əgər sən valideynlərinə “anacan” və “atacan” deyə müraciət edib, “zəhmət olmasa” deyirsənsə, bunun nəyi pisdir ki?
Ötən gün işə gələndə radiolardan birində aparıcı qızın səsləndirdiyi bir fikir məni çox düşündürdü: “Niyə bizim əvvəlki filmlərimzidə “Anacan zəhmət olmasa mənə çay gətir” - deyilir? Bəyəm biz ailəmizdə elə rəsmi danışırıq?”
Ardından aparıcı qızın gülməsi sadəcə filimlərimizi deyil, həm də itməkdə olan dəyərlərimizi də gülünş obyektinə çevirdi. Bəli, bəlkə də bu gün bəzi ailələrdə bu cür rəsmi və mehriban münasibət yoxdur. Amma gəlin həmin pafoslu filmlərin çəkildiyi illərə nəzər yetirək. O zaman yazılan, çap edilən kitab və qəzetlərdə, televiziyada yayımlanan filmlərdə və verilişlərdə nələr təbliğ olunurdu? İstər ailədə, istərsə də cəmiyyətdə münasibətlərin hörmətə, səmimiyyətə əsaslanması... Bəzən isə həddindən artıq rəsmi olmaq...
Mədəni tədbirlər, hər hansı alimin ixtirası, yazıçıların yeni nəşrləri və ya onların örnək həyatı isə “tamaşaçıya maraqlı deyil” adı ilə, demək olar ki, işıqlandırılmır. Əslində isə tamaşaçını Kütləvi İnformasiya Vasitələri yönləndirməli və yetişdirməlidir.
Bu cür təbliğatla böyüyən uşaqların, yeniyetmələrin, gənclərin aqibəti necə olacaq?
Yavaş-yavaş ailədə, ictimaiyyət arasında söyüşlə danışmaq adi hal alacaq. Mənəviyyatı zəif, dil bilgiləri qıt, bayağı, şit və cılızlaşmış nəsil yetişəcək. Necə ki, yetişməkdədir.
Qısası, bu gün yuxarıda sadaladığım müqəddəs ailə dəyərlərimiz yavaş-yavaş aşınır, yox olma təhlükəsi ilə üz-üzə qalır. Bayağılaşmış televiziya və radiolarımız ailələrimizə daxil olub onları da bayağılaşdırır. Hörmət və sevgiyə əsaslanan ailədaxili münasibətlərə “pafosludur” adı qoyularaq, xaricdən gələn, qeyri-etik münasibət növləri aşılanır bizə, şüuraltı olaraq.