Kilsə zəngi kimin üçün çalınır

Kilsə zəngi kimin üçün çalınır
21 avqust 2014
# 10:36

(Uşaqlar üçün)

Harda gizlənəsən, hara gedəsən,

Hansı qaranlıqda gözdən itəsən?

Taqor

Bazar günü səhər istər-istəməz uşaqlığımı xatırlamalı oluram. Altıncı gün dərslərimi hazırlayıb nənəmgilə gedirdim. Birinci günün dərslərini altıncı gün hazırlayanda bazar günü daha uzun görünürdü. Özümü daha rahat hiss edirdim. Bu dəfələrlə sınaqdan keçirilmiş bir metod idi. Hər bazar günü səhər yuxudan oyananda qəribə bir hala düşürdüm. Yuxudan oyananda əvvəlcə elə bilirdim öz evimizdəyəm. Yuxunun dumanı başımdan çəkiləndə öz evimizdə deyil, nənəmgildə gecələdiyimi anlayırdım. Dünənki gün yavaş-yavaş yadıma düşürdü. O qədər rahat və bərk yatırdım ki, biz dərmanlarsız, iynələrsiz yalnız uşaqlıq vaxtı elə rahat və bərk yata bilərik. Yuxudan oyanan kimi ayağa qalxmırdım. Bir müddət yerimin içində uzanıb başımın üstündəki, divara vurulmuş xalçaya baxırdım. Xalçanın üstündə atla qız qaçıran oğlan təsvir olunmuşdu. Qız oğlanın tərkində oturmuşdu. Arxadan oğlanı bərk-bərk qucaqlamışdı. At bacardığı qədər bərk qaçmağa çalışırdı. Onları bir dəstə qəzəbli, silahlı kişi təqib edirdi. Təqib edənlərin sifətləri qəzəbdən eybəcər hala düşmüşdü. Aşiqləri yaxalasaydılar yəqin ki, hər ikisini öldürəcəkdilər. Bəzən həyatımızda heç bir rol oynamayan mənzərələr, sifətlər, sözlər yaddaşımızda özünə əbədi yer tutur. Bu mənzərələr daha dəqiqliklə, xırda detallarına qədər yaddaşımızda qalır. Biz ən müxtəlif məkanlarda, yeri gəldi-gəlmədi, aidiyyəti oldu-olmadı bu mənzərələri xatırlayırıq. Bir dəfə bir nəfər öz rayonlarındakı ziyarətgahlar haqqında söhbət edirdi. Bir ziyarətgahın tarixi haqqında danışdı. Oğlan qız qaçırırmış. Qızın qohumları onları yaxalayıb hər ikisini öldürüblər. Dəqiq bilmirəm, ya bu aşiqlərin öldürüldüyü , ya da onların basdırıldığı yer sonradan ziyarətgaha çevrilib. Bu söhbəti eşidərkən hər bazar günü yerimin içində uzanıb baxdığım mənzərəni, divara vurulmuş xalçanı xatırladım.

Şukşinin “Qırmızı Kalina” əsərində məhbuslara dərs deyən adam rəisə şikayət edir. Şikayətin səbəbi odur ki, məhbuslar Oneginin Tatyana ile evlənib-evlənməyəcəyini dəqiq bilmək istəyirlər. Əsərdə bu suala cavab yoxdu. Məhbuslar isə suala cavab verilməsini tələb edirlər. Bax, mən də təxminən bu vəziyyətə düşmüşdüm. Xalçanın üstündə təsvir olunmuş rəsmdə cavabı olmayan suallara cavab axtarırdım illərlə. Görəsən onlar qaçıb qurtula biləcəklərmi? Görəsən onları tutacaqlarmı? Ziyarətin tarixi haqqında əhvalatı eşidəndə suallarıma cavab tapdım. Deməli tutublar və öldürüblər. Rəsmdəki süjet çox pis sonluqla tamamlandı. Yalnız aşiqlərin öldürüldüyü, ya da basdırıldığı yerin sonradan ziyarətgaha çevrilməsindən təsəlli ala bildim.

Bazar günü, bax, belə bir qarışıq ovqatda bir suala cavab tapmaq istəyirdim. Əvvəlcə hara gedim? Kilsəyə, yoxsa kafeyə? Dua edib yemək yeyim, yoxsa yemək yeyib dua edim? Əvvəlcə kilsəyə getsəydim, acqarına siqaret çəkməli olacaqdım. Hər gün səhər acqarına siqaret çəkməmək üçün bütün iradəmi səfərbər etməli oluram. Bədən, yoxsa ruh? Vəziyyət əvvəlcə bədəni, sonra ruhu yemlə dedi. Bir neçə yerdə səhər yeməyi yeyə bilərdim. Amma mən Rustaveli metrosunun yaxınlığındakı kafeni seçdim. Bir az gəzib hava alaram, həm də Rustaveli metrosunun yaxınlığındakı kafedə işləyən ofisiant qız xarçonu ətsiz yediyimi, tortun kremindən xoşum gəlmədiyini bilir. Üstəlik fincanı masanın üstünə lap yavaşca qoyur. Deməli, ora getsəm “tortun kremsiz hissəsindən kəsin, xarçonu da ətsiz verin” deməyə ehtiyac yaranmayacaq. Ofisiantlarla danışmağa həvəs yoxdu. Əvvəllər yemək üçün yaşayırdım, indi yaşamaq üçün yeyirəm. Kaş elə bir kafe olaydı ki, orda yemək sifariş verməyə ehtiyac olmayaydı. Sən kafeyə girən kimi bir aparatmı, ya ofisiantın özü nə yeyəcəyini müəyyən edəydi, səssiz-səmirsiz istədiklərini gətirib qoyaydı qarşına. Deməli, əvvəlcə gedib yemək yeyirəm, sonra kilsəyə gedirəm. Günün duasını da müəyyən etmişdim: “İlahi, bu biçarə bəndən bilərəkdən, ya bilməyərəkdən günah iş tutubsa, keç günahından”.

Körpüyə çatanda iki yanğınsöndürən maşının çığır-bağır salaraq sürətlə Leselidze küçəsiylə üzü yuxarı qalxdığını gördüm. Yanğınsöndürən maşınların arxasınca qırmızı rəngli bir cip-də şütüyürdü. Cip-in üstünə 112 rəqəmi yazılmışdı. Bazar günü görəsən hara yanır belə? Özü də iki maşını birdən göndərirlər. Küçənin başına çatanda daha bir yanğınsöndürən maşın gördüm. Hadisə yerinə bir dəstə adam yığışmışdı. Bəs bu adamlar nə əcəb belə sakit səssiz-səmirsiz dayanıblar. Hadisə baş verə, gürcülər də beləcə sakit, səmirsiz dayanalar. Mümkün olan iş deyil. Adamlara yaxınlaşanda onların niyə belə sakit dayandıqları məlum oldu.

Dini mallar satılan mağaza yanmışdı. Mağazadakı yanğın artıq söndürülsə də, yanğınsöndürmə idarəsindən daha iki maşını hadisə yerinə göndərmişdilər. Görünür yanğının dini motivli olması yanğınsöndürmə idarəsindəkiləri bərk həyəcanlandırmışdı. Adətən bir hadisə baş verəndə gürcülər bərk səs-küy salırlar. Biri hadisənin necə baş verməsini uca səslə deklamasiya edərək başqasını danışır, biri məsləhət verir, biri başqasını danlayır... Aləm qarışır... Burda isə hamı sakit dayanmışdı. Gürcülər yatmağı sevən, yuxudan gec qalxmağa adət etmiş adamlardı. Bir çex dostum demişdi: “Səhər tezdən Azərbaycan kəndlərindən keçəndə adamları sahədə, həyətlərdə işləyən görürsən, gürcü kəndlərində isə səhər tezdən demək olar hamı yatır. İns-cins gözə görünmür”.

Bazar günü tezdən Tiflis küçələrində adam görürsənsə, böyük ehtimalla adam ya kilsəyə ibadət etmək, ya da “poxmel”ini açmağa mağazadan bir şey almaq üçün evdən çıxıb.

Yanmış mağazanın qarşısında dayanmış, çoxu yaşlı olan qadınlar xaç çəkirdilər. Kişilər isə sakitcə yarıyanmış ikonaları, müqəddəs kitabları, dua kitabçalarını mağazadan çıxarıb səliqə ilə asfaltın üstünə yığırdılar. Nə qədər dəhşətli mənzərə. Sən səhər tezdən evdən çıxıb dua etmək, ürəyini boşaltmaq, kömək istəmək üçün kilsəyə gedirsən. Kömək istəyəcəklərini, imdad umacaqlarını isə kilsəyə gedən yolun üstündə yanmış vəziyyətdə görürsən. Kim bilir, bu adamların, bu yaşlı qadınların hər birinin hansı problemi, hansı dərdi var? Bəs bu adamlar hara getsinlər, kimdən kömək istəsinlər, dərdlərini kimə danışsınlar? Belə də iş olarmı? İkonalar, müqəddəs kitablar yanır... Astroloqlar aldadır, meteoroloqlar aldadır. Kimə inanasan bu dünyada? !

# 4820 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #