Çoxbilmiş quşun radara düşməsi

Çoxbilmiş quşun radara düşməsi
28 yanvar 2014
# 12:17

Araz müəllim məsələni qəti qoydu: “Ya o, ya da mən…”. Qumru seçim qarşısında qaldı. O, bu məsələyə bir az sonra yenidən qayıtmağı vəd edərək, Gülçöhrənin otağına keçdi. Gülçöhrə də prinsipial mövqedəydi: “O qonaqlıqda ya o qudurmuş olacaq, ya da mən. Seç”.

Qumru ad gününü qeyd edirdi, “Paradiz” restoranının bağçasında 20 nəfərlik banket süfrəsi sifariş etmiş, qonaqlarının hamısını çağırmış, di gəl idarə rəisinin müavini Araz müəllimlə kadrlar şöbəsinin müdiri Gülçöhrə xanımın arasında qalmışdı. Onlar düşmən idilər, heç vaxt bu cür məclislərdə bir arada olmurdular.

Uzun debatlardan sonra, nəhayət, Gülçöhrə özü seçim etdi, onsuz da başqa yerə gedəcəyini bildirərək, ziyafətdə iştirak etmək şansını “can düşməni”nə buraxdı. Bu zaman o, düşmənini qiyabi olaraq təhqir etməyi də unutmadı: “Eybi yox, qoy bu dəfə o, zəhləmgetmiş arvadsifət kef eləsin”.

Qumru bu xəbəri, yəni Gülçöhrənin qərarını idarə rəisinin müavininə “zəhləmgetmiş arvadsifət” ifadəsini redaktə edərək çatdıranda o da öz növbəsində qəvi düşməninə qarşı ənənəvi epiteti yapışdırmağı unutmadı: “Yaxşı oldu. Onun kimi ləçərlərin sənin məclisində işi yoxdur”.

Təxminən saat 10 radələrində Araz müəllim Qumrudan üzr istəyərək ayağa qalxdı, aradan çıxmaq istəyənlərin tez-tez yararlandığı bəhanəyə əl atdı, “vacib işi çıxdığını” əsas gətirərək məclisdən getməyə icazə istədi. Qumru xanım da belə situasiyalarda ənənəvi olaraq deyilən “bir az da qalsaydın”ı nazlı-nazlı təkrar etdi. Araz “çox istərdim, amma vacibdir” dedi, Qumrunu bir daha təbrik etdi və məclis əhliylə sağollaşaraq küçəyə çıxdı.

Gülçöhrə, həmin ləçər, onun qatı düşməni onu, “arvadsifət” Arazı öz evində gözləyirdi. Onlar bir neçə il idi ki sevgiliydilər.

Ancaq bu sirri dünyada üçüncü adam bilmirdi, yalnız ikisi bilirdi ki, aralarında belə bir haqq-hesab var. Cütlük öz aralarındakı məhrəm münasibətləri elə məharətlə gizlədir, pərdələyirdi ki, nə işdə, nə də dost-tanışlar arasında bir adam belə heç nə başa düşə bilməzdi. Mümkün deyildi. Heç kəsin ağlına gəlməzdi.

Sevgililər iki il idi ki, düşmən hesab olunurdular, işdə küsülü idilər, danışmırdılar və vaxtaşırı bir-birinin dalınca söyürdülər.

Münasibətlərin bu cür formalaşdırılması Arazın iti beyninin ideyası idi. O, barələrində qulağına çatan ilk eyhamlı sözün axşamı Gülçöhrəyə işdə camaatın yanında dalaşmağın, söyüşməyin lazım gələcəyini demiş, bunun nəyə görə lazım olduğunu bittə-bittə izah etmişdi.

Ondan bir az əvvəl onların arası yeni düzəlmişdi, Araz müəllimin bir neçə ay davam edən ikibaşlı eyhamlarını eyzən gülümsər işvəkarlıqla qarşılayan Gülçöhrə bir gün təklifə müsbət reaksiya vermişdi, sonra cütlük serial görüşlərə başlamışdı. Ancaq Araz görürdü ki, onların tez-tez və mehribancasına söhbətləşməsi, bir-birinə qılıq göstərməsi ətrafdakıların nəzərindən yayınmır.

Bu gedişlə bir gün söz-söhbət böyüyəcək və Arazın ailəsinin qulağına çatacaqdı. Ev telefonunun və ailə üzvlərinin mobil telefonlarının nömrəsini tülüngü kəşfiyyatçılar kimi gizli saxlayan Araz bilirdi ki, bir gün onun arvadının nömrəsini əldə edən “anonim xeyirxah” Gülçöhrə ilə onun sevgi macərasını xəbərləyəcək. Satılmış informasiyadan sonra ola bilərdi ki, arvadı gəlib onları bir yerdə tutsun. Ondan sonra ha təkzib ver, “biz sadəcə iş yoldaşıyıq” de, Gülçöhrə kimi gözəl xanımla pullu kişinin sadəcə iş yoldaşı olmasına dünyada heç bir arvad inanmazdı. Üstəlik, o, bu vəzifəni arvadının daha böyük vəzifəli qardaşının hesabına əldə etmişdi, işin üstü açılsaydı, karyerası üçün fəlakət olardı.

Ona görə də rəis müavini nə etmək lazım olduğunu tapdı. Gülçöhrə ilə sözləşdikdən sonra o, bir-iki gün özünü ondan incimiş kimi apardı. Bu birinci mərhələ idi. Yoxsa əməkdaşlar dünənə qədər bir-birinə məhəbbət dolu nəzərlərlə baxan cütlüyün bu gün dalaşmasından şübhələnə bilərdilər. Sevgililər arasında “soyuqluq” mərhələsi bir neçə gün davam etdi və nəhayət, onların arasında qalmaqal baş verdi. Bir gün nahardan bir az əvvəl Araz hamının yanında incik-incik soruşdu ki, Gülya xanım, o nə sözdür, mənim dalımca demisən. Gülçöhrə “nə söz, harda demişəm” deyə təəccübləndi. Ardınca onların əvvəlcədən razılaşdırdıqları dialoq bu cür getdi:

- Özün yaxşı bilirsən.

- Bilmirəm, yadıma düşmür. Öz aramızda o qədər şey danışırıq ki... Açıq danış.

- Demisən ki, guya mən də əksər kişilər kimi süləngi tipdənəm. Demisən, ya deməmisən?

Gülçöhrə iki gün əvvəl qızların yanında doğrudan da ona oxşar bir söz demiş, bugünkü davaya zəmin hazırlamışdı, amma heç kəs bunu Araza çatdırmamışdı. Qızlar da bilirdilər ki, belə bir söz olub, amma bilmirdilər ki, bunu Araz müəllimə kim deyib.

Gülçöhrə guya ki, qızardı:

- Aaa, mən onu zarafatla, sözgəlişi demişəm. Bunu hansı ləçər sənə çatdırıb? – deyə o, otaqdakıları süzdü.

Araz səsinin tonunu bir az qaldırdı və üzünü bozartdı:

- Sözgəlişi desən də, nahaq yerə demisən, çox səhv eləmisən. Burda ən çox mehriban olduğum adam sənsən, bəlkə məndən bir artıq-əskik hərəkət görmüsən, bəlkə ya sənə, ya başqasına bir eyham eləmişəm?

Gülçöhrə pərt-pərt:

- Yox ey, - dedi. - İndi bir kəlmə, o da qızlararası söhbətdə demişəm ki, Allah bilir, o da başqa kişilər kimi hara gedir, hardan gəlir.

Araz sifətinin turşluğunu qoruyub saxladı:

- Başqalarını bilmirəm, məni heç kəsə qatmayın. Mənim ailəm, uşağım var, sözgəzdirənin birinə görə ailəmdə niyə söz-söhbət yaranmalıdır.

Bu, siqnal idi. Bura qədər nisbətən ədəb çərçivəsində gedən mübahisə bu yerdə qızışmalıydı. Gülçöhrə siqnalı göydə tutdu:

- Bura bax, bura bax, mən bayaqdan sakit danışıram, deyirəm, söz-söhbət çıxmasın, sən mənə sözgəzdirən deyirsən? Sən öl, sənin başına bir oyun açaram ki...

Burdan beləsi bütün dava-dalaşlarda olduğu kimi oldu. Gülçöhrə gözünü yumub ağzını açdı, Arazı söyüb biabır elədi, ona “pederas”, “arvadsifət”, “nakişi” dedi. Araz da onu “ifritə”, “həyasız”, “psix” adlandırdı. Yan otaqdan tökülüb gələn mühafizəçilər Araz müəllimi qucaqlayıb bayıra çıxardılar. Araz öz otağında oturub “fahişənin hərəkətinə, danışığına bax ey” deyərək, butulkanı başına çəkərək su içə-içə özünü sakitləşdirdiyi vaxt Gülçöhrə qonşu otaqda ağlayırdı. Qızlar onu heç cür ovundura bilmirdilər. “Mən onu kişi bilirdim, adam sayırdım, daha nə bilim, eşşəyin, avaranın, arvadağızın biriymiş” deyirdi Gülçöhrə. Rəfiqələri də onun sözlərini təsdiqləyirdilər, Araz müəllimdən belə hərəkət gözləmədiklərini deyirdilər.

Beləcə, onların dostluğu rəsmən pozuldu. Adlı-sanlı nazirliyin mühüm idarələrindən birində baş vermiş bu insident idarə rəisi Təşəkkül müəllimin də qulağına çatdırıldı. O, əvvəlcə dalaşanların ikisini də çağırıb danlamaq və barışdırmaq istədi. Ancaq onların sərt qırımını görüb ziyanın yarısından qayıtdı, dedi, barışmayın, amma başınızı aşağı salıb işinizi işləyin.

Bir-iki dəfə Qumru tərəflər arasında sülh yaratmaq üçün üzərinə barışdırıcılıq missiyası götürdü, amma onun cəhdləri də uğursuz alındı. Araz onu çox istədiyini, amma onun kişiliyini təhqir eləmiş bir qadınla heç vaxt barışmayacağını dedi. Öz növbəsində Gülçöhrə də bəyan etdi ki, qoy Qumru bir də onun yanında o arvadsifət gədənin adını tutmasın.

Beləcə, sevgililər arasında qarşılıqlı saxta nifrət rüzgarları əsməyə başladı. O vaxtdan etibarən onlar vaxtaşırı idarədə bir-birinin dalınca danışır, söyürdülər, aralarındakı düşmənçiliyin unudulmasına imkan vermirdilər.

Heç kəsin xəbəri yox idi ki, gündüz işdə bir-birini yamanlayan “düşmənlər” həftədə iki-üç dəfə axşamlar bir neçə saat birlikdə olurlar. Hətta onlar planlaşdırırdılar ki, gələn il yay tətilini Yunanıstanda birlikdə keçirsinlər - ər-arvad kimi. Türkiyənin tətil mərkəzləri təhlükəliyidi. Orda tanış-biliş tez-tez rast ola bilərdi, o üzdən salamatı yunan adalarıydı.

Onlar birlikdə vaxt keçirərkən mütləq kollektivi barmaqlarına necə doladıqlarından da danışır, gülüşürdülər, öz bicliklərinə, artistliklərinə heyran qalırdılar. Artıq işdə kiminlə dost, kiminlə düşmən olması Araz müəllimin evində də bilinirdi. İş yoldaşlarının toyunda bu xüsusatları rəis müavininin xanımına Qumru çatdırmış, məsələni eninə-uzununa müzakirə etmişdilər. Xanım öz ərinin göztoxluğuyla, özünü kollektivdə nümunəvi aparmasıyla qürur duyurdu, onu Vatikan rahibi kimi bir şey sayırdı.

Cütlük elə sanırdı ki, bu qədər diqqətlə, konseptual baxımdan ideal şəkildə işlənib hazırlanmış davranış və münasibətlər sistemi uzun müddət davam edəcək – ta Gülçöhrə arzuladığı kimi halal süd əmmiş bir vəzifəli kişi tapıb ərə gedənəcən.

Amma sən saydığını say, gör, fələk nə sayır, radar nə çəkir.

Məşum olay bir üç günlük tətillərdən biri zamanı baş verdi. Araz müəllim Gülçöhrə ilə razılaşdı ki, gedib bir gün Masallıda dincəlsinlər. Gülçöhrə dərhal razılaşdı. Daha sonra rəis müavini planlaşdırdı ki, bu axşam Gülçöhrə ona zəng eləsin. Təxminən saat 11 radələrində planlaşdırılan zəng gəldi. Zəng o vaxt gəldi ki, Araz müəllim tətil günlərini uşaqlarla birlikdə ya Qubada, ya da Qəbələdə keçirmək barədə xanımıyla müzakirə aparırdı.

Seçimi xanım etməliydi, onun özü üçün o qədər də fərqi yox idi, cipini minib sürəcəkdi. Xanım da seçim qarşısında qalan bütün qadınlar kimi qərar verə bilmirdi. Ərinin telefonuna gələn zəng onun seçim düşüncələrini müvəqqəti olaraq yarıda böldü. Kresloda oturmuş Araz müəllim xanımından xahiş etdi ki, jurnal masasının üstündəki telefonu götürüb ona uzatsın. Xanım deyiləni etdi və gecə vaxtı ərinə zəng gələn bütün qadınlar kimi gözucu zəng edənin kimliyinə baxmağı da unutmadı. Telefonun ekranında “Təşəkkül m.” yazılırdı. Bu, əlbəttə ki, konspirasiya idi. Araz telefonu açaraq qulağına kip sıxdı:

- Bəli, rəis. Eşidirəm.... Eləmi? Nə vaxt?... Pahoo... Yazıq... Dəfn sabah neçədə olacaq?.... Ta gərək gedək də, yaxşı olmaz. Səhər saat 8-də çıxsaq, çatarıq. Oldu, gecikmərəm. Tez çıxsanız, siz sürüb gedin, mən sizə çataram. Oldu. Sağ olun. Hələlik.

Sonra o xanımına tərəf dönüb izahat verdi ki, heç yaxşı olmadı, tətilin bir günü yasa gedəcək. Xanım da ta neynəsin, dilxor olsa da, razılaşdı. Kollektivdə yas düşübsə, qalmaq olmaz. Araz hər ehtimala qarşı izahat verdi ki, yası düşən nazirliyin digər idarəsinin rəisidir, atası ölüb, Yardımlıya getməlidirlər.

Sevgililər rayona birgə getdilər, kottec kirayələdilər, yedilər-içdilər, dincəldilər, ormanların qoynunda romantik söhbətlər etdilər. Araz müəllim axşamüstü evə zəng vurub dağ yolunun pis olduğunu, gecəni qalacaqlarını xəbər verdi. Ertəsi gün günortaya yaxın onlar kefikök, damağı çağ şəkildə, uça-uça paytaxta doğru yola çıxdılar. Yol boyunca Araz müəllim yaddaşındakı biədəb lətifələrdən danışır, Gülçöhrə ürəkdən gülürdü.

Məhz burada onlar konspirativ baxımdan iki yanlışlığa yol verdilər. Birincisi, Gülçöhrə xanım Araz müəllimin on illik arvadıymış kimi keçib qabaqda oturdu, ikincisi, sürücü yolda sürət həddinə riayət etmirdi, yalnız gözünə radar sataşanda sürəti azaldırdı. Sevgili cütlük Sahil qəsəbəsinin yaxınlığındakı yol polisi postuna çatanda və YPX əməkdaşı onu saxlayanda məlum oldu ki, Araz müəllim hər halda radarlardan hansısa birini görməyib və saatda 145 km sürətlə radara düşüb. Nazirliyin idarə rəisinin müavini ona yaxınlaşan polis zabitinin üstünə qışqırdı, özünü müavin kimi də yox, birbaşa rəis kimi təqdim edərək onu acıladı, poqonunu yoldurmaqla hədələdi. (Əslində, bu üçüncü və ən məşum yanlış idi). Polis kapitanı yekə cipdəki bu harın adamın sözünün qabağından söz demədi, “bağışla, rəis, tanımadım” deyə üzr istədi və əlini qulağının dibinə atıb hərbi salam verdi:

- Heç bir problem yoxdur, rəis, yaxşı yol, yaxşı yol.

Araz müəllim xanımın yanında polis zabitini necə “sındırdığı” ilə qürrələnə-qürrələnə qaza basdı, Gülçöhrənin dizinə şappıldadaraq hırıldadı:

- Uçarda turacdır, qaçarda “Nissan”!

Təhqir olunmuş polis zabiti postun iç otağına keçdi, kompüterin arxasında oturmuş və saatda 145 km sürətlə radara düşmüş cip növlü avtomobili təsbit edərək şəklini çəkmiş həmkarına gileyləndi:

- Sən öl, bu vəzifəlilərin əlindən bizə gün-dirrik yoxdur də. Yanında quş gəzdirir, kefdən gəlir, hələ mənə də deyir, tazı kimi nə cumursan.

Kompüter arxasında oturan polis əvvəlcə:

- Nə bilirsən, yanındakı quşdur? – deyə soruşdu, sonra Araz müəllimin avtomobilinin radar tərəfindən çəkilmiş şəklində sürücünün yanında oturmuş gözəl xanımın saçına, üzünə, görünüşünə zəng etdi və öz analitik beyni ilə duruma qiymət verdi:

- Hər halda, arvadı deyil, qadın cavandır. Heç qızı da deyil, 40 yaşlı kişinin 25 yaşlı qızı olmaz. Xalası qızı də ola bilməz. Adı burda, soyadı burda, ev ünvanı burda, şəkli də burda.

YPX əməkdaşları mənalı-mənalı baxışdılar. Qisas almaq fürsəti qalırdı.

Bu radar əhvalatının üstündən bir aya yaxın vaxt keçdi. Aşiq-məşuqlar öz keflərindəydilər. Rəis müavini işdə olduğu zaman, ərini arxiyepiskop hesab edən xanım da öz ev işləri ilə məşğul idi. Bir gün poçtalyon iri zərf gətirdi, xanım imzasını aldı, zərfi təqdim edib getdi. Xanım əvvəlcə zərfin üstünə baxdı, gördü ki, yol polisindəndir. O, zərfi açdı, əvvəlcə bildirişə, sonra onu müşayiət edən şəkilə baxdı və eynilə seriallardakı xəyanətə məruz qalmış qadınlar kimi şoka düşdü. Onun kardinal əri öz qatı düşməniylə, idarədəki “ləçər”lə yan-yanaydı və şəkildə çox mehriban düşmüşdülər, bir-birinə sevgililər kimi baxırdılar.

Konspirativ eşqin sonu çatdı. Həmin gün Araz müəllim öz evində xanımı tərəfindən təcili olaraq çağırılmış böyük qaynı tərəfindən şillələndi. Kiçik qayın isə sadəcə onun üzünə tüpürməklə kifayətləndi. Elə həmin gün o evdən, ertəsi gün isə işdən (böyük qaynının əl bulamasıyla və öz ərizəsiylə) qovuldu. Bu, azmış kimi Gülçöhrə xanım da ondan tezliklə üz döndərdi, vəzifəsi və pulu olmayan kişi onun nəyinə lazım idi.

Bir az işsiz gəzəndən sonra o, yalvar-yaxarla, tanış-bilişlə doğma nazirliyinin başqa bir idarəsində sıradan bir işə düzəldi, ara sakitləşəndən sonra evinə dönəcəyinə dair ümid böyütməyə başladı.

Bir gün o, nazirliyin əsas binasında keçmiş iş yoldaşı Qumruya rast gəldi, keçmiş rəisini, o biri iş yoldaşlarını, söz arası da Gülçöhrə xanımı xəbər aldı.

İdarədə olub bitənlər barədə qadın lakonikliyi çərçivəsində məlumat verən Qumru sözünün sonunda Gülya barədə də danışdı:

- O da yaxşıdır, amma üç-dörd gün əvvəl təzə rəis müavini ilə dalaşdılar, indi küsülüdürlər.

Qumru bunu deyəndən sonra nəyə görəsə sabiq müavinə göz vurdu. Araz müəllimin dilindən ənənəvi epitet səsləndi:

- Ləçər!

Bu dəfə o, səmimiydi.

# 2135 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #