Zooparkda “kabab” qonaqlığı

Zooparkda “kabab” qonaqlığı
15 aprel 2013
# 11:00

Bakı Zooloji Parkının kassalarında biletlərin qiyməti yazılmış vərəqi görəndə xeyli təəccübləndim; böyüklər üçün 1 manat, 2 yaşından 10 yaşına qədər uşaqlar üçün 60 qəpik. Yəqin qiymətlərin ucuzluğundandır, parkda xeyli adam var. Təbii ki, gələnlərin çoxu da uşaqlardır.

Doğrusunu desəm Bakıda heç bir istirahət müəssisəsində belə ucuz qiymətlər tapa bilməzsən. Parkın girişi də dəyişməyib. Uşaq olanda ilk dəfə gəldiyim kimi, necə varsa elə də qalıb. Bakıda gedən dəyişikliyin, tikinti bumunun küləyi buralarda əsməyib.

Sovetdən qalma infrastruktur heç dəyişməyib. Bu, bir tərəfdən baxanda yaxşıdır. Boy-boy uzanan şam ağacları, ağacların gövdələrini, divarları sarmış sarmaşıqlar, inzibati binanın, sürünənlərin, quşların saxlandığı binanın fasadı necə var elə də qalıb. Yəqin yeni zooparkın tikintisi ilə əlaqədar buralara əl gəzdirməyi hədər hesab edirlər. Odur ki, köhnə mənzərələrə baxa-baxa uşaqlığımızı xatırlamağa xeyli imkan var.

Heyvanlara tamaşaya elə girişdə sağdan başlayırıq. Birinci kenqurunun qəfəsidir. Qəfəsin içindəki damın qabağında bir kenquru yayxanıb günəşlənir. Elə bil bildiyimiz, cizgi filmlərini bəzəyən şən kenquru deyil. Tamaşaçılara heç bir reaksiyası yoxdu. Bir azdan damdan tayı da çıxır. Mən uşaqlara kenquruları göstərirəm. Balaca oğlum heyrətlə “kenququ, kenquru” deyə qışqırır, amma xəbəri yoxdur ki, onu Avstraliya adlanan uzaq bir qitədən gətirib salıblar bu dar qəfəsə.

Yadıma gəlir, əvvəllər bu qəfəsdə canavar saxlayırdılar. İlk dəfə canavar görəndə heyrətlə baxmışdım. Qəfəsdə o tərəf bu tərəfə vurnuxan canavara tamaşa edə-edə canavarlar haqqında oxuduğum bir kitab haqqında dostuma danışırdım. Türklərin müqəddəs hesab elədiyi bu heyvanı ilk dəfə görəndə məndə də ona qarşı xüsusi bir rəğbət oyanmışdı.

Sonralar bir neçə dəfə canlı canavar görmüşdüm, hətta əsgərlikdə olanda çobanların tutduğu canavar balalarından birini də saxlamağa çalışmışdıq. Amma bir neçə gün sonra o qara, gücsüz, toppuş balalar bir-birinin ardınca tələf olmuşdular.

Bir neçə qəfəs sonra yenə canavarları görəcəkdik. Kiçik bir qəfəsdə üç canavar. Arada üstlərinə qonan qara milçəkləri qovmaq üçün quyruqlarını yellədirlər. Bir az aralıda atılmış bir parça iylənmiş ətə çoxlu milçək darışıb. Bu daş döşəməli qəfəsin önündə izləyicilər çox da dayanmırlar, üfunət iyindən burun tutulur. Eynən it damından gələn qoxuya bənzəyir. Elə bu qoxu ilə canavarlarla itlərin qohum olduğunu sübut etmək olardı.

Qayıdaq gəzintimizin əvvəlinə. Tükü tökülmüş, toz-torpaq içində ağnayan nəcib maraldan (zorla təbiətdən qoparılmış, bu dar qəfəsə salınmış binəva heyvana indi bu ad heç yaraşmır) sonra aslanların olduğu qəfəsə yaxınlaşarıq. Xeyli aralıda, qəfəsin ortasında bir aslan sərələnib. “National Geographic”in videolarındakı aslanlara heç bənzəmir. Min ilin yorğunu kimi halsız vəziyyətdə uzanıb özünü günə verir. Tezcə qəfəsin qarşısında şəkil çəkdiririk. Bundan əvvəl də leopardın qarşısında şəkil çəkdirmişdik.

Bilmək olmaz getdikcə daha sürətlə korlanan ekoloji vəziyyət, kontrabandistlərin acgöz rəftarı, sürətlə artan insan nəslinin dünyamızın yaşıllıqlarını zəbt etməsi bizə nə vəd edir. Bəlkə mənim oğlum böyüyənə nə şir olacaq bu dünyada, nə leopard, nə də pələng... Bax, onda bu şəkilləri göstərib inandırar ki, bəli nə vaxtsa dünyada bu cür heyvanlar da olub, onda mən uşaq idim, üç yaşında...

Sonra ayıların qəfəsləri, pələngin, yenotun, canavarların, dəvələrin, zubrların, maralların qəfəsləri gəlir. Ardınca isə sıra-sıra qırqovulların, tovuz quşlarının, qartalların qəfəsləri düzülüb.

Ərinmirsinizsə zirzəmiyə baş çəkib akvariumlar olan bölməni də görə bilərsiniz. Amma inandırım sizi, əgər azca da olsa balıqlardan anlayışınız varsa, burda sizin üçün maraqlı heç nə olmayacaq. Əksinə çirkli akvariumlardan, onların zövqsüz dizaynlarından, məhdud balıq çeşidindən hirslənib narazı halda akvarium bölməsini tərk edəcəksiniz.

Amma akvariumlardan sonra qarşıdakı binaya doğru getsəniz sürünənlərin nümayəndələrini görəcəksiz; ilanları və timsahı. Həyatında ilk dəfə timsah görmək olduqca həyəcan vericidir, heyf ki, onların yaşayış şəraitlərini görəndə bu qorxunc sürünənin halına acımaya bilmirsən. Görəsən, bulanıq çayda bir kötük kimi saatlarla tərpənməz qalıb sonra qəfildən su içməyə gələn antilopun başını ağzına alaraq çayın dərinliklərinə çəkilən o qorxunc vəhşi budurmu, beton hovuzun kənarında tərpənməz qalıb.

Bacım oğluyla sevinə-sevinə timsaha tamaşa edirik. Oğluma da timsahı göstəririk. O isə üzünü hovuzun başqa səmtinə tutub gördüm deyir. Uşaq hələ timsah bilmir nədi, ona görə “timsah”ı hovuzun başqa səmtində axtarır.

Heyvanların çoxundan pintilik, baxımsızlıq yağır. Ola bilsin ki, fəsil dəyişikliyi ilə əlaqədar heyvanlar tüklərini tökür. Amma elə təəssürat yaranır ki, sanki bütün bunlar hamısı baxımsızlıqdandı. Təkcə dəvələr mehribandırlar. Dəmir barmaqlıqlara yaxınlaşıb izləyicilərin verdikləri kökləri, alma qabıqlarını, simit tikələrini bir dəfəyə içəri ötürürlər. Dəvələrin də tükləri tökülür, yunları şaqqanaq bağlayıb, açığı adam əl vurmağa üşənir. Qalan heyvanlarsa halsızlıqdan tərpənə bilmirlər. Adamın meşələrə, savannalara hökmdarlıq edən, indi şəraitsiz, beton

dar qəfəsin döşəməsində uzanmış aslana, milçəklərlə belə savaşmağa taqəti olmayan o məğrur canavara (oxu qurd!), dəmir barmaqlıqlar ardında çarəsiz bağıran güc, hegemonluq, simvolu sayılan ayıya yazığı gəlir.

Gəzintimizi qurtarsaq da hələ evə getməyə tələsmirik. Hava günəşlidir. Üstəlik, parkda hər yaşdan xeyli adam var. Ara-sıra başqa millətlərin nümayəndələrinə də rast gəlinir. Zooparkın girişindəki açıq çayxanada bir çaynik çay sifariş veririk. Heyf özümlə kitab götürməmişəm. Burada, xoş havada kitab oxumaqla əntiqə vaxt keçirmək olardı.

Uşaqlar isə olduqca rahatdır. Onlara necə izah edəsən ki, burda gördüyün heyvanların çoxu “Qırmızı kitab”a düşüb və onlar böyüyənə bəlkə bu heyvanların heç biri yer üzündə olmadı. Yox, onlar bunu anlamazlar. Desəm də elə biləcəklər növbəti nağıldır, onlarla oynayıram.

Yaxşısı budur, biz çayımız içək, qoy onlar bizimlə oynasınlar. Budur, uşaqlar yığdıqları şam qozalarını “şiş” kimi istifadə etdikləri ağac budaqlarına çəkib “kabab” bişirirlər. İntizarla “kabab”ın bişməsini gözləyirik. Bir azdan burda şirli-pələngli, ayılı-canavarlı böyük bir məclis qurulacaq.

# 4972 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #