Hardasa bir müəllim var uzaqda

Hardasa bir müəllim var uzaqda
6 fevral 2017
# 15:32

Mirmehdi Ağaoğlu

Müəllimlərə bağlı neqativ xəbərləri mətbuatdan tez-tez oxuyuruq. Məsələn, ötən ilin yanvar ayında belə bir xəbər yayılmışdı: Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə məktəblilərin gözü qarşısında şagirdin başına çoxsaylı zərbələr endirib.

Hətta videosu da vardı!

Ardınca başqa bir xəbər: Şamaxının bir kəndində şagird müəllimindən hamilə qalıb.

Qaradağ rayonun məktəblərindən birinin direktor müavini isə şagirdlə cinsi əlaqədə olduğu üçün həbs edilmişdi.

Yuxarıda sadaladıqlarım ötən il müəllimlərlə bağlı baş vermiş xoşagəlməz xəbərlərin bir neçəsidir. İnternetdə axtarış versəniz daha çox xəbərə rast gələrsiz. Hətta biri bu yaxında baş vermişdi. Şəmkir rayonunda məktəb direktoru ilə müəllimə arasında yaşanmış “seks videosu” qalmaqalını deyirəm...

Bütün bu xəbərlərdən sonra müəllimlərə qarşı olan-qalan ümidlər də puç olub gedir. Uşağını məktəbə göndərməyə qorxursan. Məktəblər təhsil ocağından çox kriminal qruplaşmaları xatırladır. Hətta kriminal qruplarda bəlli əxlaq kodeksi olur...

Və bütün bu naümidlik içində qəfil bir fotoşəkilə rast gəlirsən. Orta yaşlı bir müəllim şagirdlərini qarın içindən ördək balaları kimi ardınca aparır.

Şəkil Yardımlıda çəkilib. İndi oralarda dizdən qar var. Şəkildəki adam Dəlləkli kəndinin ibtidai sinif müəllimi Nəcəf Məhərrəmovdur. Müəllimin evi məktəbin yanında yerləşdiyi üçün hər gün dərsə gələn balaca şagirdlərinin əlindən tutub qarın içindən məktəbə aparır. Çantasına gücü çatmayan şagirdlərin yükünə də kömək edir. Heç bir təmənna güdmədən, sadəcə özünün müəllimlik borcunu yerinə yetirir.

Baxırsan bu mənzərəyə... Üstünə ayağını basdığı qar kimi təmizqəlbli o müəllimə... Bir anlıq bütün o neqativ mənzərələr, şagirdini döyən müəllim də, adı seks qalmaqalında hallanan direktor da unudulur.

Yəqin bu il də ötənilkindən fərqlənməyəcək. Yenə şagirdini döyən, şagirdi ilə cinsi əlaqədə olan, məktəbi valyutadəyişmə məntəqəsinə çevirən müəllimlər barədə xəbərlər oxuyacağıq.

Yenə məktəbə olan inamımız itəcək, müəllimə etibarımız sarsılacaq.

Amma bu xəbərlərin qaramatı içində iynəucu bir işıq da közərəcək, ümidlərimizi məhv olmağa qoymayacaq.

Və xatırlayacağıq...

...Hardasa bir müəllim var uzaqda.

# 1963 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
# # #