İnternet çəkdirib dahi olanlar

İnternet çəkdirib dahi olanlar
28 avqust 2015
# 16:33

Bir daha şeir və şairlər haqqında

Belə bir latın deyimi var: “Poeta nascitur, non fit”. Təxminən belə izah edə bilərik: sonradan şair olmaq olmaz, anadan şair doğulmasan.

Yəni, anadangəlmə genetik xüsusiyyətlərin arasında şeir yazmaq bacarığı yoxdursa, özünü boş yerə yormağa və əziyyət çəkməyə dəyməz. Təbii ki, sonradan bu bacarığı inkişaf etdirmək, cild-cild şeir kitabları, şeir haqqında yazılan kitablar oxuyaraq anadangəlmə istedadı zəhmətlə birləşdirmək lazımdır. Seyid cəddinə güvəndiyi kimi anadangəlmə bacarıqlara güvənib bir nöqtədə vurnuxmaq cahillikdir. Şeir kitablarını oxuyub həzm etmədən, şeirlə digər sənət növləri arasındakı üzvi əlaqəni anlamadan, öz üslubunuzu, öz yolunuzu tapmağınız çox çətindir. Öz yolunuzu, “özünüzü” tapmadan şair olmaq da mümkünsüz.

Sadəcə şeir və sənət tarixini oxumaqla, anlamaqla da nəticə əldə edə bilməzsiniz. Şairin humanitar və sosial elmlərdən bixəbər olması onun yarımçıqlığıdır. Eyni zamanda şairin siyasi mövqeyi konkret olmalıdır. Sürüşkən siyasi mövqe şair şəxsiyyəti üçün böyük təhlükədir. Əgər siz şairsinizsə ilk şeirinizi yazdığınız andan sizin özünəməxsusluğunuzun rüşeymləri müşahidə olunmağa başlayacaq və bu zamanla inkişaf edərək sadəcə sizə aid üslubu formalaşdıracaq. Sonra isə bir ömürlük əzablı marafon qaçışı başlayır və şair şeirdən vaz keçənə qədər bu qaçış davam edir. Demək şair olmaq, çoxlarının düşündüyü kimi qafiyə uydurub, sosial şəbəkələrdə, saytlarda şeir adıyla paylaşmaq deyil. Bir qədər pafoslu səslənsə də, şairlik uzun və zəhmətli bir yoldur.

İnternet, sənaye inqilabından sonra ən böyük sosial dəyişikliklərə nail olan faktordur. İnternet fərdlərin azad şəkildə özlərini ifadə etdikləri ən rahat vasitədir. Təbii ki, bütün kəşflər kimi internetin də mənfi tərəfləri qaçılmazdır. Məsələn, əlinə klaviatura keçən şair olur və şeir yazır. Şeirin nə olduğu haqqında iki cümlə akademik məlumat oxumadan qafiyələri alt-alta düzən, yazdığı mənzum söz yığınını asanlıqla başqalarıyla paylaşmaq imkanı əldə edən özünü şair elan edib, şeirə cumur.

Sosial şəbəkələrdə “Şair filankəsin şeir dünyası”, “Şair bəhmənkəsin yaradıcılığından incilər” kimi düşük və mənasız səhifələr onsuz da şeirdən küsmüş oxucunun zövqünü zorlamaqdadır. Sonra bu “ünlü”, “sevilən”, “nəğməkar” şairlər ciddi şeir kluarlarında özlərini təsdiq etmədən təngnəfəs şeir kitabları nəşr etdirir.

Kitab mağazalarında adı və müəllifi heç nə ifadə etməyən yüzlərlə şeir kitabı var. Tez-tez hansısa üçüncü, dördüncü dərəcəli saytlarda “Gənc şair Filankəs Qəmlinin şeir kitabı təqdim olundu” başlıqlı xəbərlərə, hadisə yerindən çəkilmiş fotolara rast gəlirik. Üç-dörd tanışını başına yığıb “kitabına toy eləyən” şeirdən bixəbərlərin təşəxxüsü, ədası, pafosu yeri-göyü lərzəyə gətirir. Hətta bu şüəraların prezident təqaüdü aldığını, hansısa diplomlarla təltif olunduğunu eşidirik. Şeir bəzən sentimental və duyğusal qadınları yoldan çıxarma vasitəsinə çevrilir. Qısacası, naşıların əlində şeir gözdən düşür, ucuzlaşır. Şair şəxsiyyəti lağ obyektinə çevrilir.

Siz indiyə qədər hansısa həvəskarın beyin əməliyyatı etdiyini, hansısa həvəskarın yol çəkdiyini, hansısa həvəskarın universitetdə dərs dediyini görmüsünüzmü? Əgər görməmisinizsə şeirdə həvəskarların at oynatmağına niyə göz yummalı?

Ədəbiyyat tarixinə düşməyi bacaran şairlərin əksəriyyəti ya iyirmi yaşına qədər, ya da iyirmi yaş civarında şair kimi parlamağı bacaranlardır. Qırx yaşından sonra şair olan bir nəfər də şair göstərə bilməzsiniz. Bizdə isə vəziyyət acınacaqlıdır. Təqaüdə çıxan ədəbiyyat müəllimləri, ərindən boşanmış sentimental qadınlar, asan yolla məşhurlaşmağa çalışan gənclər lövbərlərini şeir limanlarında atırlar. Evinə internet çəkdirən dahilik iddiasına düşür. Neruda, Lorka, Nazim Hikmət, Əli Kərim kimi şairlərin yaddaqalan, sevilən şeirlərinin sayı yüzü keçmədiyi halda bu qrafomanlar bir-birinin ardınca şeir kitabları çap etdirir. Hardandır bu özgüvən, hardandır bu həvəs?

Füzulinin əsrlər öncə dediyi: “Bir dövrdəyəm ki, nəzm olub xar,/ Əşar bulub kəsadi-əsar” fikri bu gün də öz aktuallığını qoruyur. Və çağımızda şeir həvəskarların, qeyri-peşəkarların, boş-bekar adamların əyləncəsidir.

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #