Sinəni yox, kitabxananı böyüt

Sinəni yox, kitabxananı böyüt
24 yanvar 2015
# 17:00

Kulis.az Can Dündarın “Lolita inqilabı” yazısını Cavid Zeynallının tərcüməsində təqdim edir

“Milliyət”in üçüncü səhifəsindən belə bir xəbər:

“On iki yaşlı qız internetdə tanış olduğu kişiyə qoşulub qaçdı”.

Səhifəni çevirin:

Ədirnədə sevişdiyi yerdə obyektivə tuş gələn qızın fotoları...

Mardindən Sivasa qədər Türkiyənin dörd tərəfindən 12-13 yaşlı qızlara təcavüz xəbərləri...

Medalyonun bir üzündə ağzının suyunu axıdan pedofillər var.

Bəs o biri üzündə?

Altdan-altdan adamın inanmaq istəmədiyi “ərgən inqilabı” yaşadığımızın fərqindəsiniz?

***

Son vaxtlar məzun gecəsində iştirak etmisinizmi? İştirak etsəniz, ifrat dərəcədə makiyaj edən, adama gəl-gəl deyən dekolte, dikdaban ayaqqabı geyinən, cib telefonu gəzdirən qızların 16-17 yaşında olduğuna inan bilərsinizmi?!

Leventdəki estetik klinikasında çalışan həkimlə söhbət eləyəndə eşitdiklərimə inana bilmirdim: “14-15 yaşlı qızlar valideynlərindən xəbərsiz gəlib qaşlarını qaldırmaq, artıq piylərini aldırmaq, selülitdən müalicə qəbul etmək istəyirlər”.

Bir qız Ancelina Colinin şəklini gətirib ki, istəyirəm, dodağım bunun dodağı kimi olsun.

18 yaşlı bir Lolita da döşlərinin şişirdilməsi üçün yalvarırmış.

Ən böyük arzuları bilirsiniz, nədir: Zara, yaxud Diesel firmalarının 34 ölçülü paltarlarını geyinə bilmək.

Bunun üçün bəhsə giriblər.

“Çünki televizorda gördükləri manekenlər 34 ölçülü paltar geyirlər. Onun içinə sığışmaq üçün 44 kiloya qədər arıqlamaq lazımdır. Buna görə sözün həqiqi mənasında ac-acına gəzirlər. Gün ərzində bir qab yoğurt, bir boşqab salat yeyir, siqaret, qəhvə və “Coca-Cola”la ilə başlarını qatır, vur-tut 500 kalori ilə yaşamağa çalışırlar. Elə bu üzdən orqanizmlərində dəmir, natrium çatışmazlığı yaranır, bədənləri get-gedə eybəcərləşir, əməliyyat üçün bizim yanımıza gəlirlər”.

Həkim deyir: bu, tezliklə “partlayış”a gətirib çıxaracaq:

“Mən də anayam, 18 yaşında əməliyyat etdirən qız görəndə dəhşətə gəlirəm. Əlində olan 300-500 lirə ilə gəlir ki, dodağımı şişirin. Qəbul etməyib dala qaytaranda deyirəm: dodağınızı şişirdincə, gedin, başınızı şişirdin”.

***

Xəstələri daha çox zəngin təbəqədən olan bir ginekoloqun dedikləri daha dəhşətlidir. Deyir, yeniyetmələr arasında qorxunc oyanış var. 17-18 yaşlı lisey tələbələri abort üçün müraciət edir. Qərbdə ərgənlik yaşı 16-17 yaşdan 11-12 yaşa düşüb.

Amerikada isə bu rəqəm 10-dur.

Gənc qızlar analarına nisbətən daha erkən yetişirlər.

Bunun iqlimdən həyat tərzinə qədər bir çox səbəbləri ola bilər, ən vacib səbəb “psixoloji-seksual təbliğatın artması”dır.

Yəni məktəbdə, ətrafda və xüsusən mediada “seksual material”ların üstünlük təşkil etməsidir.

Adamı başdan çıxaran kliplər, seksual filmlər, açıq-saçıqlığı təbliğ edən reklamlar yeniyetmələrdə cinsi oyanmanı vaxtından əvvəl sürətləndirir.

Xüsusən zəngin ailədə böyüyən gənclər lisey yaşında böyük və seksual görünməyə can atır, oğlanları yataq yoldaşından savayı təsəvvür edə bilmirlər.

Deyirsiniz, bəs analar, hə?! Onlar da qotazlı corablarını, altıdüz ayaqqabılarını geyib gənc görünməkdən ötrü dəridən-qabıqdan çıxırlar.

Kiçiklər böyük, böyüklər kiçik görünmək üçün bəhsə giriblər.

* * *

Heç kimi qınamağa tələsməyək; bu mənzərəni özümüz yaratmışıq!

Gözəl arxanın ağıllı başdan urvatlı olduğu ölkədə bundan artıq nə gözləyirsiniz ki?! Başını işlədənlərin boğazını üzüb, dalını işlədənləri baş tacı edən cəmiyyətdə uşaqlara necə öyüd-nəsihət verə bilərik ki, sinəni yox, kitabxananı böyüt!

Qadağalar çıxış yolu deyil.

Zehni fəaliyyətə etibar qazandırmağa, necə deyərlər, papağımızı qarşımıza qoyub bu problemlər haqqında ciddi-ciddi düşünməyə ehtiyacımız var!

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #