İsa, İsa, oyan, Fərid gəlib

İsa, İsa, oyan, Fərid gəlib
7 aprel 2014
# 09:32

İsa Muğannayla “Kaspi” qəzetinin ədəbiyyat əlavəsi üçün müsahibə etmək barədəki fikrimi yazıçının qızı Sevinc xanıma demişdim, atasından razılıq almışdı. Bir gün axşam saatlarında telefonuna zəng gəldi, İsa müəllim idi, salamlaşandan sonra sual elədi:


– Fərid, nə haqqında söhbətləşəcəyik?

– Sizin əsərləriniz haqqında.

...Vədələşdiyimiz vaxtda ustad sənətkarın evinə böyük həvəslə gedirəm. Qapını Firuzə xanım açır, salamlaşıb içəri keçirəm. İsa müəllimi divanda yuxu tutub. Firuzə xanım çağırır:

– İsa, ay İsa, oyan, Fərid gəlib. – İsa müəllim oyanmır, mən də Firuzə xanımdan xahiş edirəm ki, oyatmasın, gözləyəcəm. Diktofonu çantamdan çıxardıram, qeyd dəftərimə yazdığım suallara baxıram, sonra piroqla çay içirəm. Firuzə xanımın hövsələsi daralır:

– İsa, İsa, Fərid gəlib, oyan.

İsa müəllim oyanır və soruşur:

– Kim gəlib?

Firuzə xanım:

– Fərid gəlib, Fərid bala.

– Hə, xoş gəlib, elə mən də onu gözləyirdim də.

Xəstəliklə bağlı İsa müəllim oyanandan sonra yarım saata qədər görmür, sonra aram-aram işıq gəlir gözlərinə. İsa müəllimin gözünə işıq gələn kimi üzümdən öpür, xoş gəldin eləyir və yarım saat sonra deyir:

– Hə, indi ver suallarını.

Bir saat yarım söhbət edirik, yaradıcılığına bələd olmağım, xoşuna gəlir, ancaq dönə-dönə deyir:

– Müsahibəni çapa gətməmişdən əvvəl gətir bir dəfə oxuyum. – Razılaşıram. Sonra yenə deyir:

– İmzamı “İsa Muğanna” yaz ha birdən sən də bəziləri kimi “İsa Hüseynov” yazarsan. Narahat olmaması üçün İsa müəllimi əmin edirəm.

Müsahibədən sonra hazırda hansı əsər üstündə işlədiyimi və nə haqda yazdığımı soruşur. Yazdığım romanın süjetindən danışıram. Ustad sənətkar deyir:

– İstedadlı oğlansan, sənə inanıram, ancaq bircə məsləhətim var: Həmişə elə yaz ki, əsərində baş qəhrəman olsun. Baş qəhrəman yarada bilmək bacarığı nəsrdə böyük işdir.

...xeyli söhbət edirik, bu dəm yemək gətirirlər: ayağa qalxıb getmək istəyəndə Firuzə xanım etiraz edir:

– İşdən gəlmisən, yemək yeməmiş səni heç yerə buraxan deyiləm. – Yalandan deyirəm ki, gözləyirlər, getməliyəm. Firuzə xanım razılaşmır:

– Kim gözləyir gözləsin, yemək yeməmiş getdi yoxdur.

Yemək yeyirəm. İsa müəllim divanda oturub üzünü mənə sarı tutub deyir:

– Yaxşı söhbət elədik amma, görək ortalığa nə çıxacaq...

Bir az sonra sağollaşıb gedəndə, qapının ağzında Firuzə xanım yenə çağırır:

– Dayan görüm, gözlə gəlirəm. – Mətbəxtə keçir: bir az sonra əlində soyulmuş meyvəni mənə uzadır: – Pilləkənlərdən düşə-düşə yeyərsən, bu piroqları da apar, evdə çayla içərsən – götürmək istəmirəm, amma Firuzə xanımla razılaşmamaq müşkül işdir deyil, üzümdən öpüb yola salır məni.

4-5 gün sonra müsahibəni hazır şəkildə kağıza çıxarıb gətirirəm, qapını Firuzə xanım açır. Vərəqləri verib getmək istəyirəm, buraxmır, yenə İsa müəllimlə söhbət edir, yemək yeyir, çay içirəm, bu dəm Sevinc xanım da gəlir. O qədər incəqəlbli, həlim insandır ki...

Bir neçə gün də keçir. İsa müəllim zəng edir:

– Fərid bala, necəsən? Müsahibəni oxudum, gözəl alınıb, sabah gəl apar.

Sabah gedirəm. İsa müəllim müsahibəyə baxıb və bir-iki cümlə əlavə edib, ciddi dəyişikliklər yoxdu. Yenə Firuzə xanım süfrə açır, doğrusu, utandığımdan az qalıram yerə girəm. Firuzə xanımsa deyir: “Subay oğlansan, evdə hazırlayanın yoxdu, belə yerlərə gedəndə ye, cavanlıqda hamının çətinliyi olur, həm də Fərid bala, səni çox istəyirik, bu evin qapısı üzünə açıqdı, nə vaxt istəyirsən gəl-get”. İsa müəllimlə söhbətləşirik, onu yuxu tutur. Mən gedəndə İsa müəllimi Firuzə xanım çağırır:

– İsa, İsa, Fərid gedir, oyan. – İsa müəllim oyanır, gözlərinə işıq gələnəcən gözləmir, Firuzə xanımdan xahiş edir ki, qalxıb məni ötürməsinə kömək etsin.

– Qapının ağzında Firuzə xanım deyir: “Allah mənim kimi bir həyat yoldaşı qismət eləsin sənə, mən İsanın qulluğunda durduğum kimi, o da sənin qulluğunda olsun həmişə. İsayla biz çox mehriban olmuşuq, o hələ mənə bircə kəlmə acı söz də deməyib”.

İsa müəllim gülə-gülə:


– Firuzə mənim yazılarımın həmişə oxucusu olub, bütün yaradıcılığım boyu yanımda olub. Yaxşı həyat yoldaşı böyük nemətdi. Yazıçını gərək məişət yormaya. Məişət nədir, qadının istəkləri, evin tələbatları. Firuzə məni həmişə yazıb-yaratmağa sövq edib, başqa işlərə baş qatmağa qoymayıb. Allah onun ölümünü mənə göstərməsin – Firuzə xanım səsində əsəb hiss olunur:

– Elə demə, ay İsa. Allah sənə ömür versin əsərlərini yazasan. Ancaq mənə sənin ölümünü göstərməsin. – Ürəyimdən bu sözlər keçir: “Kaş bütün ər-arvadların mübahisəsi bu zəmində ola”.

Beş ay əvvəl olub danışdıqlarım. Ancaq 1 apreldə isə İsa Muğanna dünyasını dəyişdi. Bu ilki aprel pis zarafatla başladı. Dünən Akademik Milli Dram Teatrında İsa Muğannayla vida mərasimi idi, İsa müəllim yenə də uyuyurdu. Birdən ürəyimdən bu arzu keçdi kaş, Firuzə xanım həlim səslə yenə çağıra:

– İsa, İsa, oyan, Fərid gəlib – bir az sonra İsa müəllim gözlərini aça və başlaya şirin-şirin söhbət eləməyə...

# 4423 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #