“Tərk edin yataq otağımı”

“Tərk edin yataq otağımı”
14 mart 2014
# 15:14

Bəlkə də, yeganə ölkəyik ki, yazarların, şairlərin, sənət adamlarının şəxsi seçimlərini, zövqlərini, həyat tərzlərini, cinsi oriyentasiyalarını bu qədər çox müzakirə edirik.

Qadın yazarların çarpayısının altından boylanır, kişi yazarların yataq otaqlarını pusuruq.

Yazarın dekoltesini, şərfini, şortunu, sırğasını, boyunbağısını dodaq boyasını, saqqalını, bığını, saç düzümünü tənqid edirik.

Hansısa yazarın içkidən xəstə düşdüyünü, öləcəyini sevinclə bir-birimizə ötürürük.

Hətta alaqaranlıq kafelərdə hansısa sənət adamının yataqdakı performansı, həyatındakı kişilər və qadınlar müzakirə olunur.

Biz incəsənət adamını sevən adamlara öyüd-nəsihət verib, onu “səhv yoldan” daşındırmağa çalışırıq.

Biz fərqlinin fərqində deyilik.

Biz fərqlini təhqir edirik, bizim kimi olmayana şans tanımırıq.

Biz, bəlkə də yeganə cəmiyyətik ki, yazarın niyə evlənmədiyini, evlənəndən sonra niyə boşandığını müzakirə edirik.

Yazara yazdıqlarından yox, yaşadıqlarından sual veririk.

Yazarı yazdıqlarına görə deyil, yaşadıqlarına görə müzakirə edirik.

Biz o qədər cəsarətliyik ki, yazarı əxlaqsızda, fahişəlikdə, “mavilik”də suçlayırıq. Amma cəsarətimiz çatıb onlarla dost, sirdaş, həmdərd ola bilmirik.

Biz yazardan qəhrəmanlıq, “supermen”lik gözləyirik.

Biz o qədər saxtayıq ki, cəsarətimiz çatıb heç bir siyasətçidən niyə boşandığını, niyə bahalı maşınlarda gəzdiyini, niyə saunalarda dincəldiyini sorğulaya bilmirik.

Hünərimiz çatmır ki, bircə deputatın, komitə sədrinin, partiya fəalının yaxasından yapışıb, şəxsi həyatını sorğulayaq.

Cəhd edənlərin də aqibəti məlumdur.

Səbəb bilirsinizmi nədir?

Çünki maddi imkanları bizdən də aşağı olan yazar bizim yemək yediyimiz, qeybət etdiyimiz kafelərdə qarşımıza çıxır.

Onunla metroda, avtobusda rastlaşırıq.

Bulvarda gəzdiyini, küçədə insanların gur olduğu yerlərdə fikirli-fikirli dolaşdığını görürük.

Amma bir yazar gözümüzün qarşısında acından ölsə, küçədə soyuqdan donsa, ona yardım etmək əvəzinə, sadəcə kədərlənərik.

Ağrısını içkiylə ovutmaq istəyən yazara, “gəl bir araq içək” deyərik.

İşsizlikdən dəli olmaq həddinə çatmış yazara, “satqın”, “dostlarını qoyub qaçan”, “üzüdönük” deyib qınağa çevirərik.

Biz o qədər zəifik ki, yazar sağalmaz xəstəliyə tutulsa, onu dəyərləndirən insanları ondan diksindirmək üçün yüz yola əl atarıq.

Biz tənhalığın, danışacaq bir adam tapmamağın nə qədər çətin olduğunu bilirikmi?

Çətin sualdır, bilirəm. Bilirəm ki, bilmirik.

Ucuz qeybətdən, nifrət püskürməkdən başqa əlimizdən heç nə gəlmir.

Öz maraqlarımızdan başqa, heç nə sizə maraqlı deyil.

Ucuz şoulara, teleproqramla baxıb göz yaşı tökməklə içimizdəki sadə mərhəmət hissini də qusub, rahatlaşırıq.

Gözləyirəm ki, bir gün hansısa yazar dözə bilməyib yalvaracaq:

“Çıxın həyatımdan, imkan verin yaşayım.

Tərk edin yataq otağımı, imkan verin sevişim.

Əlinizi çəkin yaxamdan, imkan verin rahat ölüm”.

P. S: Ən gülməlisi də budur ki, bu yazını oxuyandan sonra məni səhv çıxarmaq üçün əlinizdən gələni edəcəksiniz, danlayacaqsınız. Hətta “biz” müraciəti edib, özümü sizlərlə bir tutduğuma qıcıq olacaqsınız. Siz belə deyilsiniz axı…

Bəri başdan deyim ki, umrumda deyilsiniz. Özünüzü bu qədər doğma və yaxın hiss etmənizə gərək yoxdur.

# 2853 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #