Kimsəsiz futbolçu necə öldü?

Kimsəsiz futbolçu necə öldü?
25 iyun 2018
# 11:13

Eyvanımızdakı şkafın lap üst qatında qalın dəftərlər qalaqlanmışdı. Səhifələrinə qəzetlərdən parçalar kəsilib yapışdırıldığından qalın və ağır idilər. Bu dəftərlər atamın ən sevimli məşğuliyyətinin yadigarları idi. Yüngül atletikanın bütün sahələrini əhatə edən dəftərlərdə uzun illərin nəticələri toplanmışdı.

Atamın əlinin bir də o dəftərlərə çatmayacağını anlayanda onları atmaqdan başqa çarəmiz olmadı. Çünki saxlamağa yerimiz yox idi. Bundan başqa, atamın şkaflara sığmayan kitabları da səbrlə öz müqəddaratını gözləyirdi. Elə bil onların da atam kimi “məkansızlıq xiffəti” var idi.

Sonralar, başıma gələn acı olaylar vaxtı “bəlkə də o idman dəftərlərinin ahı tutdu məni” - dedim. Axı onları atam elə sevgi və qayğıyla tərtib etmişdi ki. Yüngül atletika üzrə bütün rekordlar orda qeyd olunmuşdu. Əslində atam o nəticələri az qala əzbər bilirdi. Yüngül atletikaya xüsusi marağı vardı. Amma ən çox sevdiyi futbol idi.

Onda mən balaca, qıvrımsaç qız idim. “Qullit” deyirdilər mənə. Hollandiya (Niderland) milli yığmasının hücumçusu olan Qullitin qıvrım saçları vardı, o da qarayanız idi.

Bilmirəm niyə Qulliti çox sevirdim? İndiki vaxtda bu, “Messini niyə sevirsiz?” sualını xatırladar.

“Uçan hollandlar” deyirdilər onlara. Holland futbolçular da “uçurdu”. 10-u müdafiədə, 10-u da hücumda! Baxımlı futbol idi!

Atamın yazıçı dostlarından biri hətta məni öz hekayəsinin obrazına çevirmişdi. Təxminən belə yazmışdı ki, qəhrəmanın balaca qızı qazanı başına keçirib evdə şəstlə addımlayır və şüar deyir: “Böyük Niderland xalqına eşq olsun!” Təbii ki, yazıçı öz fantaziyasından da məharətlə istifadə etmişdi.

Futbol mənim üçün həyatın bir mərhələsi idi. O mərhələdə mən çox şeyləri dərk edə bildim.

Bir idman idolu həqiqətən çox şeyə qadirdir.

Bir futbolçu vətən üçün bir alimin etdiyindən daha çox iş görə bilər.

Bir anın içində bir xalqı qəhrəman edə bilər.

Ölkəsini dünyanın mərkəzinə gətirə bilər.

Milli himn oxunanda futbolçuların və sadəcə azarkeşlərin gözlərində parlayan yaşlar qəliz mətləbləri elə bir sadəliklə pıçıldayar ki...

Türk poeziyasında “dağ ardı” deyilən məkan var. Həm xəyalidir, həm gerçək. Futbol mənim üçün həmin o “dağ ardı”ydı.

Futbolun oynandığı ölkələr, şəhərlər yuxularıma girirdi. Həmin şəhərlərdəki insanların yuxuları yəqin ki, mənimkilərə bənzəmirdi. Onların yuxularında harasa can atmaq kimi bir istək yox idi çünki.

Atam 60-cı illərdə Braziliya yığma komandasının məşhur oyunçusu, əfsanəvi Qarrinçadan danışanda gözləri dolurdu. Yəqin ki, futbol tarixində ən çox sevdiyi futbolçu o idi. Çünki Qarrinça digərlərinə bənzəmirdi. Sadə, hətta sadəlövh, xeyirxah, genişürəkli... Görünüşü də futbolçulara bənzəmirdi, bir ayağı digərindən qısa olduğundan bir az axsayardı. Qarrinçanı belə xatırlayırdılar.

Atam onun həyatıyla bağlı olmuş əhvalatlar danışardı. Bu əhvalatlardan biri heç yadımdan çıxmır...

Günlərin birində Qarrinça səs-küylü kompaniya ilə - komanda yoldaşlarıyla ən şıq restoranların birinə gəlir. Birdən Qarrinçanın nəzərini restoranın yanında boynunu büküb durmuş nimdaş geyimli qoca cəlb edir. O, şıq restoranın yanındakı, daxmaya bənzəyən kiçik yeməkxananın sahibiydi. Elə bir yer ki, Qarrinçanın yoldaşları heç vaxt elə bir yoxsul məkanda nahar etməzdilər.

Qarrinçanı qocanın gözlərində gördüyü kədər və heyranlıq şaşırdır.

Və o dönüb axsaya-axsaya köhnə yeməkxanaya sarı gedir.

Komanda yoldaşları da qeyri-ixtiyari onun dalınca gedirlər.

Deyirlər, o vaxtdan sonra nimdaş yeməkxanada artıq adam əlindən tərpənmək olmurmuş. Braziliyalılar sevimli Qarrinçanın şıq restorandan üstün tutduğu məkanı görmək üçün ora axışırmış.

Qarrinçanın oturduğu stul da artıq tarix olmuşdu. Onun üzərində olan “burda Qarrinça nahar edib” elanı hələ uzaqdan diqqəti cəlb edirdi.

Bu hekayəni dinlədikcə bir vaxtlar Qarrinçanı təsirləndirən o qocanın gözlərində olan kədər və heyranlığı təsəvvür edə bilirdim. Çünki atam Qarrinçadan danışanda eynilə o cür baxardı.

Bütün dünyanın rəğbət bəslədiyi Qarrinça ömrünün sonunu tənhalıqda keçirmişdi. Qarrinça hər şeyini itirmişdi. Çünki futbol daha həyatında yox idi. Futbol isə onun üçün hər şey idi.

Qarrinçanın məşhur müğənni olan arvadı restoran açıb Qarrinçanı da işə cəlb etmişdi, amma Qarrinça o məkanda nəfəs ala bilmirdi. O, yaşıl meydançaya dönmək istəyirdi.

Bu, Nazim Hikmətin dənizə dönmək istəyinə bənzər bir istək idi yəqin ki.

Maraqlıdır ki, futbol kralı Pele həmişə futbol karyerasını bitirib bizneslə məşğul olmaq istəyirdi. Bu onun ən böyük arzusu idi. O səfərlərdən, zədələrdən yorulmuşdu, səhər işə gedib axşam ailəsinin yanına qayıtmaq istəyirdi.

Amma Qarrinça... O başqa idi.

Braziliyaya gedib Qarrinçayla görüşən rus jurnalisti yazırdı ki, Qarrinça apardıımız “vodka”dan içməkdən imtina etdi. Qürurla “Mən idmançıyam, mənə olmaz” - dedi.

O vaxt Qarrinça 40 yaşına çatmışdı. Və hələ də futbola dönmək ümidi vardı.

Heç olmasa məşqçi kimi futbola yaxın ola bilsəydi. Amma üz tutduğu futbol mərkəzlərindən əliboş qayıdırdı. O boyda Braziliyada Qarrinçaya veriləcək iş yox idi.

Və Qarrinça dərdini unutmaq üçün içkiyə aludə olmuşdu. Bir vaxtlar onu həyatda bircə dəfə görməyi arzulayanlar indi təəssüflə yanından keçirdilər.

İnsanlar onu yalnız itirəndən sonra xatırladılar. Təmtəraqlı dəfn mərasiminə mərhumla vidalaşmağa 300 mindən çox adam gəlmişdi.

Bir gün qabaq isə Qarrinçanın tabutu qoyulmuş Marakana stadionuna səhərdən-gecəyə qədər adamlar axışırdı. O stadion ki, onun ən yaxşı matçları, ən xoşbəxt anları orda keçmişdi.

Qarrinçayla vidalaşmağa təkcə komanda yoldaşları gəlməmişdi. Sonralar Pele ölülərdən qorxduğunu, yas mərasimlərində kədərləndiyini bəhanə gətirərək özünə bəraət qazanmağa çalışırdı.

Bəlkə də ona görə atam üçün futbol kralı Pele deyil, Qarrinça idi.

Əslində Qarrinçalar heç də Aydan-filandan gəlməyiblər və onlarla taleyimiz o qədər oxşardır ki.

Bir vaxtlar Qarrinçanın əllərində tutduğu “Qızıl ilahə” kuboku kimi xatirələr köhnəlib üstünə toz yığsa da, kədərli-sevincli anlar unudulmur...

# 2038 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #