Kasıblar dünyanı zibilləyirlər

Kasıblar dünyanı zibilləyirlər
4 oktyabr 2017
# 10:08

İçərişəhərdən turistlərin gəzdiyi yerlərdən reportaj düşünürdüm. Qala divarlarını o tərəfə keçən kimi, bayaqdan izlədiyim, ardınca gedə-gedə şəkillərini çəkdiyim turistləri, “Turist izi ilə” adlandırmağı düşündüyüm reportajı itirdim. Fotokameram turistləri unudub bir kənarda səliqə ilə dayanmış zibil qablarına vuruldu.

Çirkli təkərli, suyu axan zibil qabı demirəm sizə. Kağız tullantıları, şüşə və qeyri tullantılar üçün çeşidlənmiş qablar deyirəm. Bu zibil qabı muzeydəki əsər kimi aparırdı özünü. Kameram camaatın arasında sevgisi faş olan aşıq kimi utana-utana onun şəkillərini çəkirdi.

Söhbəti mədəni olmağa, yerə zibil atmamağa aparıram düşünürsünüz yəqin. Elə deyil. Heç kəsdən bir təmənnam yoxdur. Zatən zibil atan yazı oxumaz. Oxuyan da zibil atmaz. Həm mədəniyyət dərsinə uzaqdan başlamaq lazımdır. Bu zir-zibil hamısı mədəniləşməyin, sivilizasiyanın məhsuludur, kapitalizmin tullantılarıdır.

Məsələn, məhsulun təqdimatı üçün nəzərdə tutulmuş praktik plastik qablaşdırmalar sən demə, ən gec çürüyürmüş. Hələ o gün oxudum ki, inkişaf etmiş ölkələrdə içməli suyun tərkibində xeyli polietilen lifləri aşkarlayıblar.

Az inkişaf etmiş ölkələrdə - Afrikanın hələ sivil dünyanın ayağı az dəyən yerlərində məsələn, sular təmizdir. Bulandırmasalar əlbəttə.

Yəni, istehsal artır, istehsal məhsulları artır, amma istehsal və istehlak mədəniyyəti ləngdir. Bəlkə də istehsal amansızca sürətlə artır. Biz insanlar təkliflərin arasında düşünmək gücümüzü itiririk.

Mətbəxə və tualetə qoyduğumuz salfetkadan ötrü ağaclar kəsilirmi? Kəsilir. Birdəfəlik qablar hər yeri zibilləyirmi? Məhvi çətindirmi, çətindir. Yananda toksin buraxır atmosferə. Amma kimin nə vecinə?

Ucuz istehsal edib, çox qazanmaq istəyirlər. Həm də hər şeyin kasıblar üçün ucuzunu düşünürlər. Nə xeyirxah insanlardırlar. Amma kasıblar? Kasıblar dünyanı zibilləyirlər. Amma nə etməli? Onlar da yaşamalıdır, uşaqlarını ucuz plastmas oyuncaqlarla sevindirməlidirlər.Dözümlü olmaq lazımdır.

Həm birdəfəlik olanlar da tək oyuncaqlar deyil. Qab-qaşıqlardan tutmuş şprislərə qədər. Gigiyenik vasitələr. Artıq həyata vəsiqə qazanmış, əşhədü vacib əşyalar. Hər şey...

Əgər bu konvensiyalar, birliklər, simpoziumlar sivil, mədəni cəmiyyət üçünsə, insanlara bir düşünmək imkanı da yaratmaq lazımdır.

Əminəm ki, o çeşidlənmiş zibil qutularını gətirib qoysalar məsələn, Xırdalana, çətin ki, ora işlənmiş dəftər, lazımsız kağız, şüşə atan çox ola. Bunun effektivliyi də olmayacaq. Amma insanlar düşünməyə başlayacaq ki, nəinki zibili qaba atmaq lazımdır, hətta çeşidləyib atmaq lazımdır, çün, kağız ağac deməkdir, onun qırılmasının qarşısını almaq üçün kağızı təkrar istehsala vermək olar. Qlobal - qlobal düşünəcəklər ki, təbiəti qorumalıyıq, yoxsa məhv olacağıq. Bəlkə əlləri heç nəyə çatmayacaq, amma ən azı uşaqlarına bunu deyəcəklər. Uşaqlarına “Texnologiya” dərsinə sarı yarpaq axtaranda payızın olmayacağından narahat olacaqlar.

Yəni, uzun sözün qısası, o zibil qablarını İçərişəhəri gəzən turistlərə yox, Əhmədlidə səhər zibil atan insanlara göstərmək lazımdır.

Mən şəklini çəkib göstərə bilirəm-əlimdən bu gəldi yalnız...

Bu qədər zibilin içində məhz zibil qabındakı zibillərdən danışdığım üçün “müvəqqəti narahatçılığa görə üzr istəyirəm.”

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #