Evdə tək qoyduğumuz uşaqlar

Evdə tək qoyduğumuz uşaqlar
14 oktyabr 2015
# 16:20

Bu gün böyük qızımı məktəbə apardım... Oğlumu evdə tək qoymağa məcbur qaldım. Getmirəm deyib ayağını yerə dirədi, ağlamağa başladı. Tərs damarı tutmuşdu. Ən yaxın qonşum da köçüb getdiyindən qonşularla sıx münasibətim yoxdur. Qızım dərsə gecikirdi. Çarəsiz qalıb qapını arxadan bağladım, qızımın ağır çantasını kürəyimə aldım. Həmişəki kimi deyindim: “Nə çox kitab yığmısan yenə bunun içinə?” Qızım da mızıldadı: “Kitabları evdə qoyanda müəllimələr hirslənir. Artıq bir şey qoymamışam”.

Bu ağır çantalar da başqa bir dərddi. Dünyanın bir çox ölkələrində məktəblilər təkcə bir planşetlə məktəbə gedirlər. Dərslikləri də odur, dəftərləri də.

Qızımı məktəbin darvazasından ötürüb geri qayıdanda sinif yoldaşının anasına rast gəldim. Gördüm ki, söhbətləşmək istəyir. “Oğlumu tək qoymuşam, tələsirəm”- dedim.

İçini çəkdi: “Etmə, eləmə” - dedi, “Üç gün olar məhəlləmizdəki binalardan birinin beşinci mərtəbəsindən beş yaşlı uşaq düşüb öldü” - dedi. Anası telefonu əlinə veribmiş, oyna bununla, tez qayıdacam deyibmiş.

Evə götürüldüm. Yol boyu may ayında baş verən yanğın zamanı evdə tək qalıb yanan uşaqları düşündüm, binadan düşüb ölən balaca qızı düşündüm....

Qaça-qaça, təngnəfəs evə yetişdim. Qapını əllərim əsə-əsə açdım. Rəşidi səslədim.

İçəri otaqda kompüterin arxasında qoyduğum kimi oturmuşdu. Amma onu orda görməyə də bilərdim!!!

Keçirdiyim həyəcanı, stressi haqq eləmişdim. Axı mən dəfələrlə internetdən, qəzetlərdən oxumuşdum ki, uşaqları evdə tək qoymaq ən dəhşətli hadisələrlə sonuclana bilər. Ən azından “Evdə tək” adlı filmin üç seriyasına baxmışam.

Bəs bu səhvi niyə edirəm?

Sonra fikirləşdim ki, mən bu səhvi edirəmsə, başqa qadınlar daha çox, daha tez-tez edir. Beş dəqiqəyə, bir dəqiqəyə qayıdacam deyirik, amma hər şey bir anın içində baş verə bilər.

Anaları da qınamıram. Normal uşaq bağçaları olsa, analar bu qədər əziyyət çəkməz. Bizim yaşadığımız məhəllədə bir dənə də dövlət uşaq bağçası yoxdu. Özəl olanların ən ucuzunun aylığı 150 manatdan başlayır. Bahası 250 manatdı. Orta statistik gənc ailə üçün bu kifayət qədər böyük məbləğdi. Mənim də uşağı bağçaya qoymamağımın ən böyük səbəbi budur. Dövlət bağçaları uzaqdı. Zatən yaxın olsa da, adam güvənə bilmir. Rəşidi axırıncı dəfə bağçaya qoyanda suçiçəyi virusuna yoluxdu, bütün ailə xəstələndi. Bağça Lənkəranın mərkəzində adla deyilən bağçalardan idi. Dayə uşağı quru döşəmənin üstünə uzadıb altını dəyişirdi. Belə eləmək olmaz deyə irad tutanda deyirdi ki, hər gün tozsoranlayırıq, nə olacaq?!

Bayılda yaşayanda Nilufəri dövlət bağçalarından birinə yazdırmışdım. Elə ilk gün idi uşağı bağçaya qoyub qayıdırdım, bir gənc qadın yaxınlaşdı. “Uşağınızı bu bağçaya qoymusunuzsa, orda vəziyyət acınacaqlıdı” - dedi, - “Uşaqları döyür, incidirlər. Mənim də qızım bu bağçaya gedirdi, dayəsi döyəndə üstünə çıxmışam”.

Dərhal geri qayıtdım. Qızımı təhvil verdiyim otağa getdim. Bütün uşaqlar xorla ağlayır, dayəylə müəllimə ağız-ağıza verib uşaqlara “Səsinizi kəsin!” - deyə bağırırdı.

İçəri girdim. Məni görən kimi dayə də, müəllimə də zorla gülümsəməyə çalışdı. Nilufər üstümə qaçdı. Uşağı götürüb bağçanı həmişəlik tərk etdim. Sonra “Alma” qəzetində “Detskiy sadizm ” adlı yazı yazmışdım....

Uşağımı niyə bağçaya qoymadığımı xatırladım. Sonra məktəblə ev arasında girinc qalan anaları xatırladım. Həm məktəbli uşaqlarına, həm körpələrinə yetişə bilməyən anaları düşündüm.

Üç gün əvvəl beşinci mərtəbədən yıxılıb həyatını itirən körpəni düşündüm....

Əgər o uşaq həmin vaxt uşaq bağçasında olsaydı, bəlkə də hər şey belə faciəli qurtarmayacaqdı deyə düşündüm bir də...

# 1502 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #