"Günəbaxan"da xar olmağımız

"Günəbaxan"da xar olmağımız
12 iyun 2015
# 12:11

Hörmətli redaksiya!

Kulis ruznaməsinin çox hörmətli əməkdaşları!

Bütün dünya ictimaiyyətinin də bildiyi kimi, bir müddətdir kəndimizdə babalardan qalma malikanəmizdə istirahət edirəm. Erkəndən yuxudan qalxıb televizorun qarşısına keçir ölkədə və dünyada baş verən prosesləri izləyirəm. Ölkə televiziyalarında yayımlanan bir-birindən gözəl proqramlar həyatımı rövnəqləndirir. Təxminən saat 09:55-də qulluqçular səhər qəhvəsini gətirir. Qəhvə bir qədər soyuyanadək dəyərli teleaparıcımız Elgiz bəyin təqdimatında “Günəbaxan” proqramı başlayır və mən evdəki sükutu bərqərar edib, günün ilk siqarını yandırıb, bütün diqqətimlə bu möhtəşəm proqrama köklənirəm. Ölkəmizin bir-birindən istedadlı müğənniləri, meyxanaçıları, aktyor və aktrisaları, yüksək musiqi zövqünə malik Dj-i və gülüşü qəlblərə məlhəm aparıcısı günümə müstəsna bir dad qatır. Günə “Günəbaxan”la başlayıram. Malikanəmizin günəşə baxan eyvanından günəşin parlaq şəfəqləri içəri soxulmağa başlayanda qəhvəmdən ilk udumu alıb, kresloya əyləşirəm. Beləliklə günümə uğurla başladığımı bütün əzalarımla hiss edirəm.

O gün qulluqçuların istirahət günü olduğu üçün, malikanənin mətbəxində qəhvəmi bişirə-bişirə növbəti “Günəbaxan”ın başlamasını səbrsizliklə gözləyirdim. Mətbəxdəki televizorda reklamlar başlayanda, közün üzərindəki qəhvə qaynayıb ocağa daşdı. Tələsik qəhvəni fincana süzüb pilləkənlərlə üçüncü mərtəbədəki salona qalxdım. Dolanbac pilləkənlərlə təngnəfəs özümü yuxarı çatdıranda proqram artıq başlamışdı. Studiyadakı qonaqları görəndə bir anlıq içimi çəkdim. Xəyalımın ildırım sürətli köhləni məni tərkinə alıb yaxın keçmişə apardı. İlahi, studiyada kimlər vardı! Bir vaxtlar möhtəşəm Bakı ədəbi mühitində çiyin-çiyinə yazıb-yaratdığım, sözdən, ədəbiyyatdan, sənətdən söhbətlər etdiyim, polemikalar açdığım görkəmli şairimiz Elza Seyidcahan Elgiz bəyin qonağı idi. Onu yenidən ədəbi camiədə görmək, onun ədəbiyyat haqqında fikirlərini eşitmək məni çox duyğulandırdı. Nəhayət ki, o ədəbiyyatımızdan, şeirimizdən, kitabımızdan danışacaqdı. Eyni zamanda bir vaxtlar incəsənətin müxtəlif sahələrində özünü sınamış, gözəl fortopiano ifaçısı, saz-söz adamı, cazla aşıq musiqisinin sehirli sintezini yaratmış qocaman musiqiçimiz, eyni zamanda gözəl rəsmlər müəllifi Şərif Ağayar, tərcümə sahəsində özünəməxsus yeri olan Nadir Qocabəyli, uzun müddətdir efirlərdən uzaq düşən sazlı-sözlü, şeirli-qəzəlli aparıcımız Murad Əzimzadə və Koroğlu rolunun mahir ifaçısı, satirik şeirlər, duzlu-məzəli felyetonlar, bəhri-təvillər müəllifi, ədəbiyyatımızın cazibədar və yaraşıqlı şairi, son dönəm Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən folklorşünas Şəhriyar del Gerani!

Bir anlıq köhnə günlərə qayıtdım. Elza xanımın bir-birindən maraqlı şeir gecələri, tələbələrlə görüşləri, sovxoz və kolxozlarda zəhmətkeşlər qarşısındakı çıxışları, kitab təqdimatları, anşlaqla keçən tamaşaları, imza günləri yadıma düşdü. Şəhriyar o zamanlar çox gəncdi, təcrübəsizdi. Elə gözümüzün qabağında gəlirdi ədəbiyyata. Qəhərlənib bir siqar yandırdım. Kədər məni dərin bir boşluğa atdı. Özümə gələndə iş-işdən keçmiş, Elza xanım növbəti şeirini deyib, studiyanı dərin bir kədərə qərq etmişdi. Qocaman sənətkarımız Şərif Ağayar Elza xanımın dinləyə bilmədiyim, ancaq möhtəşəmliyinə əmin olduğum şeirini mərhum xalq şairlərindən birinin yaradıcılığı ilə müqayisə edirdi. Qəfildən gözüm folklorşünas Şəhriyar Del Geranin “stoyka”sına sataşdı. Şəhriyar şeirdən bir o qədər anlamadığı üçün əsəblərindən bığlarını yolur, hirsindən əsim-əsim əsirdi, üzünü xalqdan gizlətməyə çalışırdı. Deyəsən, sözarası özü də bilmədən görkəmli şairlərimizdən birinin möhtəşəm misralarına artıq-əksik nə isə demişdi. Həyəcanlı nitqində tez-tez peyğəmbərimizdən, səhabələrdən, əhli-beytdən, on iki imamdan sitatlar gətirir, Elza xanıma sataşmağa, onun dəruni poeziyasına çamur atmağa çalışırdı. Yaxşı ki, Nadir bəy vaxtında Elza xanımdan Şəhriyarı bağışlamasını xahiş etdi. Yoxsa allah bilir o studiyada nələr baş verərdi. Mən Şəhriyarın Azərbaycan poeziyasını xaricdə təmsil etməsinə şübhəylə yanaşmağa başladım. Gənc folklor bilicisi Elza xanımın verlibrini bayatılarımızla, sayaçı sözləri ilə müqayisə etməyə çalışır, onun postmodern incisində xəlqilik axtarırdı.

...Kədərlə kresloya çöküb, siqarımdan dərin bir qullab aldım. Siqaret dumanı dağılmadan bilgisayarımı işə salıb Şəhriyara bir neçə misra epistolyar üslübda, klassik ənənələrə sadiqliyi hər misrasından bəlli olan bir şeir ünvanladım:

Ey del Gerani, şairi-dana!

Ey edən əhli-feyzbuku ehya!

Ey çatan aləmə səfa səndən,

Eyləyir Cəlil iltica səndən!

Ki, bu məktub kim, xəyalimdir,

Ədəbi mühitə ərzi halimdir!

Status edəsən, ey gözüm nuri,

Ta ola feyzbuk məşhuri!

Əssalam ey əhaliyi-feyz!

“Əypli” kəşf edibsə Bill Qeyts.

Elza da nəzmi edib icad,

Bunu bilməz biçareyi-bisavad!

O savad əhlidir, deyildir nadan,

Təxəllüsü də, Seyidül-cahan!

Əssalam ey güruhi-xeyri-əsər

Şeirin qeyrətin çəkən kəslər!

Olmasa nəzmidə Elza sənətkar,

Sənətin axırı sizcə nə olar?

Şeirsiz əzilib xar olduq,

Möhnətü qüssəyə düçar olduq.

Bu qədər dərd kim olur hadis,

Buna şeirsizlik olur bais...

Xülaseyi-kəlam, Şəhriyarın efir performansını xeyli tənqid edib, ona doğru yola qayıtmağı nəsihət etdim. Bu məktubumu yayımlasanız və dəyərli Elza xanım məni xatırlasa çox şad olaram. Bir daha Elza xanımdan Şəhriyarı bağışlamasını xahiş edirəm. Onu gəncliyinə bağışlayın, əgər mümkünsə!

Ümid edirəm ki, bundan belə sənət və söz adamları bir-biri ilə mehriban olacaq, şad və firavan ömür sürəcək!

# 1098 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #