Adil Mirseyidin dilini açmaq

Adil Mirseyidin dilini açmaq
18 may 2015
# 11:17

Kulis.Az Cavanşir Yusiflinin “Bir şeirin dedikləri” məqaləsini təqdim edir.

Adil Mirseyidin türküsü: - bir gün mənim göz yaşım axar sənin gözündən...

Cavanşir YUSİFLİ

.... Ölümündən sonra Adil Mirseyid haqqında yazmaq onun şeirlərinin dilini açmaq qədər çətindir. Bəli, “dilini açmaq”. Hər bir şeir, mənim zənnimcə “dili bağlı” doğulur, həmişə onu yaradanın diliylə danışır, onun istədiklərini deyir və bundan əsla kənara çıxmır. Ancaq bir gün şairin qapısına ölüm təşrif gətirir və beləcə şeir bir müddət yerlə göy arasında dilsiz qalır, bu çıxılmaz hadisə məhz ona görə baş verir ki, şeirin içindəki enerji düzənini tapsın, nəhayətdə onun demək, pıçıldamaq istədikıərinə uyar bir dili yaransın və beləcə, şeir əsl libasında doğulur. Bütün həyatı boyu iki dili olan şeirin ruhundakı “ikilik” heç zaman yaddan çıxmır. Ölüb getmiş adamın göynərtili xatirsəi yeni dilin lisanına, leksikonuna qarışır, onun intonasiya və ritmində xəfif dəyişiklik yaradır. Ölüm ayağında nitqini itirmiş adamın geri qayıtmaq ümidi kimi.

Adil Mirseyidin şeirlərində hər şey “paralel baxışla” ölçülür, o mənada ki, bu mətnlərdə dünyanın gərdişinə, gerçəklikdəki nəsnələrə etibar eləmək hissi zəifdir, hər şey anidən tutulur və əldən çıxır. Adilin hər bir şeirində həyat, ömür, dünya... bir an kimi usta şəkildə tutulur və qəfil əldən çıxan şar kimi buludların arasında yox olur. Bu, onun üslubunun, Adil Mirseyid üslubunu formalaşdıran fəlsəfənin diqtə elədiyi bir həqiqətdir. Bu fəlsəfənin əsas qayəsi, zənnimizcə ondan ibarətdir ki, “sözlər bir şeyə yaramır”, - onları yan-yana düzüb qırıq olsa belə bir nəfəs yaratmaq mümkün deyildir. Sözləri baş-başa gətirib, onları bəzi şairlər kimi “toqquşdurub” nəsə əldə eləməyə ümid bağlamaq bihudə işdir, çünki sözlə dünyanı fəth eləmək olmaz, çünki sözün içində belə bir imkan yoxdur. Hər bir şairin mətnlərini incələyərkən bu əsas amili nəzərə almaq, tuta bilmək fikrimizcə əsas işlərdən biri olmalıdır. Diqqət yetirin:

divardan asılmış xalçanın naxışları

dəyişir göz önündəcə

butalar quşa çevrilib uçur qədim xalçadan

buta quşlar uçur kiçik otaqda

sən saçlarını darayırsan güzgü qabağında

və görmürsən otaqda uçan buta quşları

sonra yenidən butaya çevrilir quşlar

sən güzgü qabağından durub keçincə

qonşu otağa

amma əskin hələ də gülümsəyir güzgüdən

Bu tipli şeirlər Adilin kitablarında çoxdur, bəlkə də ard-ardadır. Ancaq məncə onun üslubunun özəlliyi daha çox bu tipli deyimlərin kənarında, bəlkə də bir hovur nəfəs almaq üçün dizinin üstündə yazdığı şeirlərdədir. Məsələn,

Burma-burma buludlar

Asılıb göy üzündən

Bir gün mənim göz yaşım

Axar sənin gözündən

Bunlar heç də gəlişigözəl sözlər və ifadələr deyildir, tam əksinə bu dünyada Adil adında bir şairin inam və ümidsiziliyini, eşq və yalanını... tam şəkildə açıqlamaq gücündə olan misralardır və mən deyərdim ki, şairin özündən xəbərsiz doğulan sətirlərdir. Onun poeziyasında rastlanan bütün əşya və onların obrazlarını bir yerə cəmləsək və düşünsək ki, bunlardan hansı onun içindəki doğulmağa həsrət, insanın Allahla, kosmosla əlaqələrini daha dürüst təyin edə bilər, - şübhəsiz ki, biz “bulud”un üzərində dayanmalı olardıq. Burma-burma buludlar / asılıb göy üzündən / bir gün mənim göz yaşım / axar sənin gözündən...Bütün etibarsızlıqlara, həyata, gerçəkliyə ümidin puça çıxmasına rəğmın, heç nə bihudə deyil, həmişə “su axıb çuxurunu tapdığı kimi”, hər bir əməlin bədəli var, sənə gölgən qədər yaxındır. Adil bəzən nəhəng bir evin – binanın (ədəbiyyatdakı “dünya evi” metaforası) yepyekə, adamı güzgüsündə itirən pəncərəsindən acımasız bir şəhərin mənzərəsinə baxmaqdan vaz keçib, o pəncərənin çölə açılan yerində dən axtaran qaranquşu görürdü. O quşa baxmaq və onu görmək bəs eləyirdi ki Adil misraları ilə əflaka qədər qalxa bilsin, ancaq .... qaldığı yerlərdən, bildiyi (intuitiv hiss etdiyi) yerlərdən yer üzünə düşmək, elə sözün həqiqi mənasında “düşmək” idi (düşüş, padeniye, la şüt....- müxtəlif dillərdə) və elə buna görə, artıq idrakı, ağlı, ürəyi, ruhu başqalaşmış halda, gözü tükü-tükdən seçə bilmək acısına yiyələndikdən sonra bayaq qeyd etdiyimiz kimi, həyatı bir an kimi usta şəkildə tutduqdan sonra əli, barmaqları yanırmış kimi onu tez də buraxır və yenidən o səfər etdiyi yerlərə qayıtmaq istəyirdi, ancaq əsl faciə də bundaydı ki, o məkanlara qayıtmaq artıq mümkün deyildi, yuxuda olsa belə... Şairin həyatı , gerçəkliyi anlaması dəhşətli bir şeydir, həyatın dibini görüb də şeir yazmaq, heç kəsin gözünün görmədiyi inciləri, inci misalı mətləbləri əlində tutub onların saçını, qanadlarını sığallamaq yerinə yarıyumulu əllərinin, yuxuya həsrət yarıyumulu bəbəklərindən ürəyi göylərə uçur, quş kimi.

Ulduzları kəpənək kimi ovlamaq

Və bir çiçək ölümünə ağlamaq

Ölümü şərab kimi son damlasınadək içmək

Və tanrı sevgisiylə özümüzdən vaz keçmək

Bu dünyada ölümdən çox uzaqlara baxmaq

Kəfən geyəndə belə yaxamıza gül taxmaq

Çiçəkləsin könlümüzdə qan qoxulu bir ümid

Yenidən doğsun bizi bəyaz sevdalı bulud

Adilin şeirləri indi həyatda olan şairlərin şeirlərinə bənzəməzdi və FƏRQ baxışda, şeiri görmək, gördüyü kimi də yaratmaq inadında hifz olunurdu. Əşyaları olduğu halında götürüb olmadığı kimi yaratmaq böyük və tükənməz güc tələb eləyir. Sən susursan, əşya danışır, əşyalar susr, sözlər əşyalaşır. Bütün yer üzü, göy üzü, bütün insanlar susur, bir anlığa hamının dili tutulur. Yadımdan çıxıb kimin sözüdü: musiqinin içində elə bir sirr var ki, o açısa bütün dünya alt-üst olar. Şeir yazmağa, nəğmə oxumağa dəyərmi?

Adilin şeirlərindəki qəribə ovqat onun əşya və nəsnələrə başqa, hamıdan fərqli baxa bilmək imkanı sayəsində yaranırdı. Adilin şeirləri haqqında vaxtında çox yazılar yazıldı, çox araşdırmalar aparıldı, amma... onun üslubu çox fərqli olduğu üçün nə onun haqqında yazanlar, nə də özünü ona bənzədənlər bir uğur qazana bildi. Bu hələ zahiri fondur, əsl səbəb fikrimizcə, bambaşqa səbəblər içində gizlənib. Adil digər şairlər kimi misraları və bütövlükdə mətnləri ilə heç yeri (heç bir hədəfi) nişan almırdı, buna görə də hansısa “həqiqəti ” nişan alıb onu bir obçu sərrastlığı ilə vurmaq onun qələminə büsbütün yad idi. Şeiri, poeziyanı öldürən bu primitiv “ustalıqdan” vaz keçib həyatın sürrealist ovqatınının hənirini dinləmək, həyatın hər bir, hətta adidən adi nəsnəsinin “qapağını” da bir mücrü kimi açmaq alışqanlığı Adili fərqli sözlər deməyə məcbur edirdi.

Nə günahın sahibiydim belə uzun yaşadım

Otuz yaş da qocalıqdı mənimçün

Gicgahımda bir ağrı var

Qəfil sancır gicgahımda bir damar

Güllə yeridi bəlkə....

Bir də, belə bir obraz. Amansız fırtınalarda gəminin batdığı anda nəsə yazıb şüşənin içinə qoymaq, onu sulara təslim etmək ki, bu sözləri kimsə oxuya bilsin. İnansın ki, divin canı şüşədədi...

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #