Dəli Rövşənin sim-arabası

Dəli Rövşənin sim-arabası
7 aprel 2014
# 13:21

11.12.2013


Əvvəla onu deyim. Ki, mən günəşi içməyi ondan öyrənmişəm. Məndən soruşdu – heç günəşi içmək istəmisən? Dedim – yox, o necə olur? Oysa cəld əllərini birləşdirib arxın suyundan dopdolu bir cüt ovuc götürdü və mənə uzatdı – bax, günəşi görürsənmi? Cavab verdim – hə. Doğrudan da görürdüm. Günəş onun ovcundakı suda apaydın əks olunurdu. Yenə əlavə elədim - əlbəttə görürəm, odey lap günəşin özüdü. O da dodaqlarını yaxınlaşdırıb qurtum-qurtum içdi ovcundakı suyu. Sonra mənim də içməyimi istədi. Mən də ömrümdə ilk dəfə günəşi içdim. Amma, deyim. Ki, fantastik enerjisi var. Yorğun, həvəssiz, düşkün vaxtınızda yoxlayın.

Rövşən adında bir oğlanıydı. Çəlimsizin biri. Bir süyümündən də mənə oxşayırdı. Pələqulaq, yekəburun, qıvrımbaş. Bir az da kəkələyirdi. Qabaqlar mən də kəkəc idim. Qapıbir qonşuyduq. Sim-araba sürərdi. Yəni, nə vaxt görsən alüminium məftildən düzəldilmiş “maşın”ı uğuldadardı. Cürbəcür siqnallar verərdi. Özü də təkcə adamlara, heyvanlara yox, ağaclara da siqnal verib keçərdi. Bu adın hansısa mistikası var əlbət. Mən bu adda 14 dəli tanıyıram, onların da altısı qonşuluqda yaşayırdı, bu altı nəfərin də dördü bir ilin içində öldü. Elə-belə dedim bunları. Maraqlı statistikadı. Bilirəm, hər birinizin bu adda ən azı bir dəli tanışınız var. Yəqin oxuyub gülümsəyirsiz indi.


Dəli – gözəl sözdü. Və bütün dəli adamlara dəlicəsinə simpatiyam var. Özümdən asılı deyil. Ən sevdiyim adamlara da dəli, yaxud dəlicə deyirəm. Zatən heç ağıllı adamları sevməm. Bunları da elə-belə dedim. Maraqlıydı deyə. Həqiqətən maraqlıdı. Kim ki, o məzmunsuz dodaqların büzdü onların səmimiyyətinə inanmadım getdi. Düz sözümdü, özünüz bilin.


Anası Rövşəndən razı qalmazdı. Qətiyyən razı qalmazdı. Deyirdi “ay balam, camaatda da dəli var də, gül kimi yaşayırlar, yoxsa mənimki kimi, bütün günü simaraba sürür”. Mən də o bibiyə heç vaxt başa sala bilmədim. Ki, dəlilər heç vaxt gül kimi yaşaya bilmirlər. Və ya gül kimi yaşayan adamlar hamısı axmaq ağıllılardı.

Hər gün danlayırdı Rövşəni. Bir dəfə lap qanına bələdi yetimi. Nədi-nədi küçədən pişik balalarını gətirib yığmışdı həyətlərindəki əldamına. Əldamı-rayon yerlərində həyətin bir küncündə xırda-para məişət əşyalarını, gündəlik ərzaqları-filan yığmaq üçün düşünülmüş bir tikilidi. Arvadın beyni necə çönmüşdü. Elə iyrənc görsənirdi ki. Həqiqətən qadına əsəb-qəzəb-məzəb yaraşmır. Çox bayağı görünür. Mən bütün hirsli qadınları unitaza oxşadıram. Nə isə, böyüklərdən, seyidlərdən, və bu kimi başqalarından üzr istəyirəm. Həmin o günü bibican, Rövşənin gətirib əldamında un kisələrinə bükdüyü bala pişikləri elə həmin kisələrdən birinə yığıb vıyıldatdı arxa. Sonra da donunun ətəyinə yığdığı çaylaq daşlarını bir-bir selbə sıxdı torbadakı pişik balalarına. 15 ildi qulağımdan getmir o pişiklərin səsi. Vicdan haqqı düz deyirəm. Dünyadakı bütün çarəsiz səslər arxa atılmış, daşlanan, ağzıdüyünlü torbadakı bala pişiklərin səsləri kimi tükürpədəndi yəqin. Rövşən cəld özünü arxa atdı onda. Atılan daşlardan biri də təpəsini yardı zavallının. Torbanı arxın o üzünə çıxartdı. Amma, artıq pişiklər ölümcül idilər. Və hamısı öldü.


Rövşəni həmişə simarabayla görərdim. Nömrə də vurmuşdu – 11.12.2013. Bir dəfə niyə belə nömrə yazdığını soruşdum. Dedi ki, “atamın başdaşındakı rəqəmlər öldüyü tarixdi, atam da maşını aşırdıb, düüüüy, avariyada ölüb”. Dedim axı nə dəxli var? Maşın nömrələri başqa olur. Məsələn, gəl bunu dəyişib 11 RN 013 eləyək. Nə billah elədim razı olmadı. Dedi, “sən mənasız danışırsan, dəxli var, hələ 2013-ə də çox var”. Daha bir söz demədim. O da rulu burub “düüüüüy” eləyib uzaqlaşdı.

Bir gün də yamanca döymüşdülər bunu. Soraqladım dedilər filankəs döyüb. Getdim qaqaşı tapdım. Dedi, “bacım məktəbdən gələndə küçədə sataşıb, “nə gözəl qızsan” deyib. Mən də döydüm”. Nə gicbəsər adamlar var özüm ölüm. Dedim ay qaqaş, o zavallıdan sənin bacına nə ziyan gələcəkdi axı? Sənin bacın elə dəli birisinə meyl salmaz qətiyyən. Ancaq ağıllı adama vurula bilər. Ancaq ağıllı birinə ərə verə bilərsiz bacını. Və həmin ağıllı adam bacını yoldan çıxardar ancaq. Nə bilim, özünə 1-2 il arvad eləyib doğuzdurar, sonra da uşaqla baş-başa qoyub atıb gedər-filan. Nə bilim, min cür hoqqabazlıq edər. Axı Rövşəndən bacına, ya sənə nə xətər gələr? Deyib, deyib də, bir pis niyyəti olsa deyərəm hə, axı o uşaq kimidi, safdı. Nə isə, gördüm boynuyoğun heyvərənin biridi, çox baş qoşmadım. Dana kimi gözümün içinə baxırdı.

Dedim, gedək üzr istə. Deyəsən lom başına nəsə batdı, razılaşdı. Gəldik. Amma, Rövşəni tuta bilmədik. Yazıq bizi uzaqdan görüb götürüldü. Çağırdım, dedim səndən üzr istəməyə gəlib ee, qayıt! Amma, o hay vermədi, simarabasın qucağına alıb qaçıb gözdən itdi.


Bir dəfə də fəhlələrin pulunu kəsmişdi anası. Bu əlinə döndüyüm də evdən 2 dənə göy “əlliminlik” oğurlayıb aparıb vermişdi fəhlələrə. Onda da bibican həmin o bala pişiklərin gününə salmışdı Rövşəni. Deyirdi, “dəli kopoyoğlu, pul qazanıb gətirməkdən evin pulun paylayır çölün dılğırlarına”. Rövşən də ağlaya-ağlaya deyirdi, “onlar dılğır deyillər, Cavidin, Rüfətin, Orxanın atalarıdı, bə onlar marojna yeməsin”?.


Belə dəlilikləri çox idi Rövşənin. Ən son dəliliyi mən həbsdə olanda eləyib. Gecənin 3-ündə simarabasıyla gəlib bizə. Atamı haraylayıb. Kişi çıxıb görüb bu. Deyib, “hə başına dönüm, nə yaxşı gəlmisən bu vaxt”? O da qayıdıb ki, “ürəyim partlayır Şəhriyarçün, nə vaxtı günəş içmirik, gəl gedək bir günlüyə gətirək, lap lazım olsa (simarabanı göstərib) maşınımı da zalok qoyaram”. Kişi də kövrəlib. Deyib lazım deyil, özüm gedəcəm, səni də apararam gedəndə. O vaxtdan atamla küsülü qaldı. Heç mən qayıdıb gələndə də barışmadı. Hey deyirdi sənin atan gopçudu. Düz də deyirdi.


Mən hərbi xidmətdə olanda Rövşən öldü. Keçən ilin sentyabrın 11-i. Zəng eləyib əmisindən xahiş elədim onun sevimli sim-arabasının şəklini başdaşına çəkdirsin. Özü də “qeydiyyat nişanının” da qeyd eləməklərini istədim. Sağ olsun, sözümü yerə salmadı.

Əsgərlikdən qayıdanda getdim qəbrini ziyarətə. Elə bildim bu dəqiqə çıxıb sim-arabasını uğuldadacaq yenə. Bir dənə də “düü...y” eləyib ağaclara siqnal verib gedəcək. Rövşənin sim-arabasının nömrəsiylə ölüm tarixində cəmi 2 ay fərq vardı. Həqiqətən də bizim bilmədiyimiz çox şeylər var. Yəni, Rövşən demiş, biz mənasız danışırıq, çox şeyin çox şeyə dəxli var. Nə isə...

# 4240 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #