Ayxan Ayvazla çay söhbəti

Ayxan Ayvazla çay söhbəti
27 iyun 2018
# 17:00

Kulis.az Rəvan Cavidin Ayxan Ayvaz haqqında yazdığı "Çay" yazısını təqdim edir.

Ədəbiyyat nə yaşamadıqlarından aldığın qisasdır, nə yaşadıqlarından xatirə qalanlar, nə də bu qəribə dünyada ikrah hissi doğurmayacaq tək bir şey. Ədəbiyyat ya darıxdığımız keçmişdir, ya da gözlədiyimiz gələcək. Yəni ya darıxmaqdır, ya da ümid etmək. Ya da Onun dediyi kimidir ədəbiyyat. Tənhalıq ərazisi. Bilmirəm nədir, nə deyil, amma Bizim ən yaxşı bacardığımız iş, Bizi görüşdürən ən yaxşı məkan, zaman, səbəb, Bizi ayıracaq ən gözəl ayrılıqdır ədəbiyyat.

Bir gecə yuxuda mənim dəfn mərasimimdən reportaj hazırladığını gördüm. Yuxum çatmadı ki, qolundan tutub dayandırım Onu. Həmişə lazım olan vaxt, lazım olan yerdə olduğunu xatırladım və içimdəki təəssüfü öldürdüm. Bəlkə, elə düz yerdəydi, düz adamdan reportaj yazırdı.

Biz həmişə çay süfrəsində görüşmüşük. Nə qədər də saf. Nə yemək yeyəndə, nə içəndə. Bir stəkan çay olub, bir də Bizim söhbətlər. Ədəbiyyat məhz budur. Sıxılırsan. Dünyanın maddiliklərindən yorulursan. Yorulursan. Sonra çay içirsən. Çay ədəbiyyatın ən yaxşı meyarı olmalıdır, məncə. Onunla nə qədər görüşmüşük, nə qədər çay içmişik, nə qədər pis şeylərdən, nə qədər yaxşı şeylərdən danışmışıq, yadımda deyil. Çox olmayıb. Bir dəfə dedi ki, ona görə çox yazmaq lazımdır ki, yaxşı danışa biləsən, adam fikirləşdiklərini yaxşı yazır, yazdıqlarını da yaxşı danışır. Mən də bu yazını ona görə, yazıram ki, Ondan yaxşı danışa bilim. Ədəbiyyat haqqında yaxşı danışa bilim. Hardan gəlib, hara gedəcəyini bilmirəm bu yazının. Sadəcə, yazıdır. Yazıram də.

Onunla məni Qvazimoda birləşdirir. Bir dəfə çay içəndə "ən sevdiyim obrazlardandır” dediyi yadımda qalıb. Qvazimoda dünya ədəbiyyatının ən kədərli obrazıdır. Ən bədbəxt obrazı. Onu tərifləmək, ya da tənqid etmək kimi bir niyyətim yoxdur bu yazıda. Biri Onu sevməyənlərin işidir, o biri də tənqidçilərin. Mən Onunla bağlı üç-dörd xatirəmi danışmaq istəyirdim. Birdən yadıma "Məsumiyyət muzeyi”, Kafka, Don Kixot, Yasamalın itləri, futbol düşdü. Bizi təkcə o yazıq Qvazimoda birləşdirmirmiş. Nə qədər kinolar var, məktublar var, şeirlər var, hətta, adamlar da var. Məsələn, İkimizdə Onur Ünlünün yaratdıqlarının xəstəsiyik. "Leyla və Məcnun”da da salamlaşırıq biz. Hələ Mənim və Onun bilmədiyi nə qədər belə yarımçıq serial var. "Behzat Ç” də var. Yəni Bizi xoşbəxt edən belə mövzulardır. Biz də çayı belə içirik.

Onun səmimiliyi Mənə hələ reportajlardan, müsahibələrdən, hekayələrdən tanış idi. Bəli. Öncə reportajlardan. Mən Onu belə tanımışam. Ən çox da Yasamalın itlərindən yazanda elə bildim, Yasamal artıq yoxdur. Çox kədərli yazıydı. Qucaqlamaq istəmişdim Yasamaldakı bütün itləri. Onlarla bərabər bir gecə də olsun Qanlı gölün səliqəsiz qamışlığında yatmaq istəmişdim. Gülsatan qocadan yazdığı o məlum yazı da mənə bütün on səkkiz yaşımdan ibarət olan ilk sevdiyim qızı xatırlatmışdı. Ümumiyyətlə, mənə elə gəlir ki, Onun hazırladığı bütün reportajlarda hər kəsdən nəsə var. Ya da elə hər kəs var.

Yaradıcılıq tənhalığının ərazisidir. Onun bu sözünü ən çox əlimə skripkamı alanda başa düşürəm. Şeir yazanda adam tənha ola bilmir. Yazmağa başladığın andan yanında olmayan hər kəs gəlib girir misraların arasına. Sonra misraları pozursan, "hər kəs” qalır.

Bizim çay tünd olur. Rəngi tünd mavi, ya da çəhrayinin qırmızı tonunda. Sürrealist cümlə deyil bu. Həqiqətən elə olur. Danışdığımız o qədər müqəddəs sözlər öz mavi rəngini çaya qatıb qarışdırır. Biz isə masadan qalxanda bunun fərqinə varırıq. Xoşbəxt oluruq. Bu da çəhrayi şəkər.

Məncə, bütün çaylar belə içilməlidir. Bütün "O”lar belə olmalıdır.

Nuş olsun!/adalet.az/

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #