Anar niyə məmurluğu seçdi?

Anar niyə məmurluğu seçdi?
10 iyul 2017
# 13:01

Anar müəllimin APA-ya verdiyi sonuncu müsahibəsini oxudum. Hələ də onun dəyişilməyən fikirlərinə baxıb təəssüfləndim.

Düz 30 il keçdi. 30 il.

Bu 30 ildə nələr oldu nələr. Kimlər dəyişdi gözümüzün qabağında, ancaq Anar öz Anarlığına sadiq qaldı.

Mənim 25 yaşım var. Yəni Anarın Yazıçılar Birliyinin sədrliyindən 5 yaş balacayam.

5 il əvvələ baxıram... Necə də dəyişmişəm. İnkişaf etmişəm, çoxlu kitablar oxumuşam, çoxlu filmlərə baxmışam. Hələ üstəlik AYB-nin üzvü də olmuşam. Sonra üzvlükdən çıxmışam. Söyülmüşəm, döyülmüşəm, təriflənmişəm.

Hər yaşın öz hökmü var. Bəlkə də Anar müəllim mənim yaşımda olanda da dəyişikliyə, inkişafa bağlıydı. Oxuyurdu, dostları ilə görüşüb yazdığı əsərləri müzakirə edirdi. Qələmini ədəbiyyat naminə sınayırdı, yazıb-yaradırdı. Bəlkə də. Kim bilir?

Mən həmişə içimdə Anar müəllimi yazdığı bir-birindən gözəl əsərlərə görə bağışlamışam. Hər dəfə onun haqqında sərt danışılanda bir anlıq düşünmüşəm: Axı, “Ağ liman”, “Mən, sən, o və telefon”, “Əlaqə”, “Dantenin yubileyi” kimi əsərləri yazan bir yazıçıdan niyə belə danışırlar? Anar gözəl yazıçıdır. Nə oldu da birdən-birə onu yazıçı kimi yox, sədr kimi şərh etdilər?

Məsələn, gəlin müsahibədə Anarın səsləndirdiyi fikirlərə diqqət kəsilək: “Nankorluq mənim ədəbi siyasətimi bəyənib-bəyənməmək məsələsi deyil, nankorluq həmişə yaxşılıq etdiyim, həmişə səndən xeyir görən birisinin birdən dönük çıxması, çörəyi dizinin üstündə olmasıdır. Bu isə tamamilə başqa məsələdir. İkincisi, on bir yox, yüz on bir nəfər də haqsız ola bilər. Mənim tək bir özümü haqlı saymağım haqqında sizin fikrinizin müqabilində onu deyə bilərəm ki, bu məsələdə mən heç də tək deyiləm. Məni dörd qurultayda açıq səsvermədə yekdilliklə sədr seçən, mənim ədəbi siyasətimi qəbul edən yüzlərlə yazıçı hər halda on bir nəfərdən çoxdur.”

Sizcə, bunu deyən bir yazıçıdır, yoxsa AYB sədri?

İllərdir (30 il!) Anar müəllim yazıçı yox, sədr olduğunu bəyan etməklə məşğuldur.

AYB sədri olsun, məmur olsun, problem deyil. Burda nə var ki?

Amma Anar müəllim məhz bu postda olduğu üçün tənqidlərə tuş gəldiyini nəzərə alıb niyə yazıçılığını qabağa vermir?

Yoxsa o gənclik ehtirası sona çatıb?

Yazdığı əsərlər Anar müəllimin sədrliyinin beşinci mərtəbəsinin altıncı mərtəbəsinə niyə yüksələ bilmir?

Hələ də Anar müəllim müsahibədə qəzəblidir. Tam bir sədr kimi danışır. Məsələn, o müsahibədə Anar müəllimin adını silib hansısa məmurun adını yazsaq heç nə dəyişməz.

Nə yazıq ki, Anar məmur olmağı seçdi. Bu müsahibədə də o fikir açıq-aydın görünür. Halbuki, “Dantenin yubileyi”nin müəllifi üçün AYB sədrliyi heç nə olmalı idi. Əvvəl onu daş-qalaq edən gənc yazarların yerinə, indi oxucular ona daş atır. Qəribə taledir!

Anar müəllim AYB-də yer alanların onu dəstəklədiyini düşünüb feyziyab olmaqda olsun, amma sən sosial şəbəkədə fırtınalar əsdirən gənclərə bir bax! Anar müəllim heç vaxt bu gəncliyə qalib gələ bilməyəcək.

Deyir, Mircəfər Bağırov olmasaydı, hansısa sürgündə çürüyəcəkdim. Ailəsini sürgündən xilas edən Bağırova təşəkkür edən Anar görəsən ona “dönük çıxan” hansı yazıçının dərkənarına “ostavit” sözünü yazdı. Ona qarşı çıxan hansı yazıçı haqqında öz həqiqi sözünü dedi?

30 il keçdi. Düz 30 il. Anar müəllim dəyişmədi. Mən dəyişdim, siz dəyişdiniz, ölkə dəyişdi, əziz oxucular, ancaq Anar müəllim dəyişmədi. Hələ də gənclərə qəzəblidir, hələ də sədrlik kreslosundan bərk-bərk yapışıb.

“Dantenin yubileyi” isə Anarsız öz ömrünü davam etdirir...

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #