Məmməd getdi, Araz qaldı

Məmməd getdi, Araz qaldı
25 dekabr 2013
# 12:18

Qan Turalının yazısı

Məmməd Arazın adı gələndə həmişə “Akademkniq”də gördüyüm yoxsul geyimli qocanı xatırlayıram. Cibindən çıxartdığı pulu dəfələrlə sayıb kitabın üzərində qiymətlə yoxlayan, o qiymətə inanmayıb dəfələrlə satıcıdan qiyməti soruşan o qocanı... Dördcildliyin qiyməti baha idi, yoxsa qocanın pulu az idi? Hər halda qoca məyus-məyus o dükanı tərk etdi. Bəlkə də onun bu dünyada Məmməd Arazın kitablarından başqa təsəllisi yox idi.

Oxucuları kimi şairin özü də arzularla gerçəklik arasında vurnuxmuşdu. “Bir vaxt onu tapanda olmazdı dərdim” dediyi qırmızı qələmi “bürokrat əlində” görmüşdü. Amma o nəinki ictimai hətta anası haqqında yazdığı fərdi şeirlərini belə ictimai müstəviyə, poeziya meydanına daşıya bilməyin haqlı qürurunu yaşamağa layiq idi. Çünki o öz həqiqətlərini poeziyanın sərvətinə çevirməyi bacarmışdı.

Onu ancaq bircə dəfə, Bakı Dövlət Universitetinin akt zalında görmüşdüm, ölkənin bir nömrəli universitetində şəninə düzənlənən tədbirdə o bircə söz də danışmadı, sakitcə zalı seyr etdi, haqqında deyilən fikirlərə, şeirlərinə qulaq asdı. O sükutun musiqisini dinlədi, illərlə etdiyi də ancaq bu idi, xora qoşulmamışdı, içindən söylədiyi şeirləri dinləmişdi və bu şeirlərlə ədəbiyyatımız yeni bir istiqamətə qovuşmuşdu. Şairə susmaq da yaraşırdı.

Böyük şairlərin yaradıcılıq kredosu öz sələflərnə münasibətdə formalaşır. Mirzə Cəlilinin Mirzə Fətəli haqda məşhur essesini bir də oxuyaq: “Mirzə Fətəli haqqında ya az yaxşı yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır”. Əli Kərim Füzuliyə, Nəsimiyə həsr etdyi şeirlərdə öz yaradıcılıq prinsiplərini cəsarətlə necə elan etmişdisə Məmməd Araz da Səməd Vurğunun ölümündən 10 il sonra ustad haqqında yazdığı şeirində poeziyaya öz münasibətini sözü əymədən, bükmədən elan etmişdi. Bu şeirə keçmədən Məmməd Arazın Heminqueyin intihar etdiyi ildə (1961) ona yazdığı şeirin son misrasını xatırlayaq: “Qoca getdi, dəniz qaldı”. Bəli, Heminquey ov tüfəngi ilə özünü göylərə uçurtmuşdu, dəniz yaşayırdı və yaşayacaqdı. Məmməd Arazın Səməd Vurğuna yazdığı şeirdə də dənizin əbədiliyinə inam vardı. Lakin bu inam göydən enməmişdi, bu inam kor-koranə bir inam deyildi, dərin düşüncələrdən, istedadın dolambaclı yollarından keçmiş bir inam idi. Bu inamı şübhə daim izləmiş, ona idrak yollarında yoldaş olmuşdu:

Səndən sonra səni bir az silkələdik,

Çox aradıq, çox çevirdik, çox ələdik.

Sonra isə bu “çevirməyə, ələməyə” bəraət gəlirdi:

Sağ olsaydın çox nidalı sətrini sən

Çırpıb yerə ayaqlardın

Biz saxlayan çox şeyləri

Az güman ki sən saxlardın.

Daha sonra isə etiraflar:

Səndən sonra

Şeirimizin xəritəsi təzələnib

Ona yeni şeir adlı

Çox şəhərlər, kəndlər düşüb

...

Şeirimizə təzə-təzə yollar gəlib.

Şeirimizə qol olmayan qollar gəlib

Səməd Vurğunu “silkələyən” Məmməd Araz əslində bütün bu proses ərzində özünü tapacaqdı, bu əslində Səməd Vurğundan çox Məmməd Arazın özünün özüylə hesablaşması idi. Çünki Məmməd Araz nə Səməd Vurğun epiqonçularına bənzəyəcək, nə də “yeni şeir” adıyla istedadsız bədii nümunələrini novatorluq cəhdi kimi xalqa sırımağa çalışan şairlərdən olacaqdı. Onun öz yolu vardı, Səməd Vurğuna yaxın olduğu qədər Nazim Hikməti də qucaqlayan, öz yolu. Məmməd Araz yolu... Bu yol Səməd Vurğunu da, Mikayıl Müşfiqi də, Rəsul Rzanı da kəsəcək, axırda gedib böyük poeziya dənizinə töküləcəkdi.

O öz “fəlsəfi kəşflərini” qəliz cümlələrlə, oxucuya əziyyət çəkdirərək “bədii axtarışların məhsulu kimi” təqdim edən uğursuz “eksprimentalistçilərdən” olmadı. O Səməd Vurğunun nəfəsi ilə qoşma-gəraylı istehsal edib orijinallıqdan məhrum olan şairciyəzlərdən də deyildi. Onun öz yolu vardı: Məmməd Araz yolu. Bu yolda poeziya yolunda şairin kəşf etdiyi tapıntılar, yeni yanaşmalar, aydın müşahidələr dupduru bir dillə oxucuya çatdırılırdı, bu yolda nə təkrarçılıq nə də cümləpərdazlıq vardı.

1972-ci ildə Türkiyədə dar ağacları üç fidan, üç inqilabçı üçün quruldu. Onların ən gənci, ən məşhuru Dəniz Gəzmiş idi. Heç kimi öldürməsə də ona ölüm hökmü kəsilmiş və bu ölüm hökmünü Türkiyə Böyük Millət Məclisi təsdiqləmişdi. Dəniz o zaman 25 yaşındaydı. Nə məhkəmə, nə də edam zamanı o əfv diləmədi. Edam edilərkən ona nə istədiyini soruşdular. Viktor Xaradan mahnı və bir siqaret istədi. Dəniz edam edilən il Məmməd Arazın 39 yaşı vardı. Viktor Xaraya şeirini iki il sonra yazdı. Viktor Xara da xüsusi amansızlıqla, heç gitara çala bilməsin deyə əlləri sındırıldıqdan sonra öldürülmüş qəhrəman bir inqilabçı, şair və musiqiçi idi.

Təbəssümü necə ağ

Səsi necə durudur

Son dəfə öz qanını

Son nəğməsi qurudur.

Sinəsinə söykənib

Sahibini uyudur.

Bir gitara oxuyur,

Viktor Xara oxuyur.

Götürüb yerdən onun

Kəsik barmaqlarını,

İndi bütün əllərdə

Bir gitara oxuyur,

İndi bütün dillərdə

Viktor Xara oxuyur.

Məmməd Araz da Viktor Xara kimi bütün dillərdə oxuyurdu. Özünün dediyi kimi bütün vəznlərə sığırdı. O vəznlərin yox, mənaların şairi idi. O qiymətdə vəznsiz, vəzndə qiymətsiz idi. İllər əsrlər keçəcəkdi. Onun oxucuları həmişə kasıb olacaqdı. Onun kitabını tapmağa pul tapmayacaqdılar. Çünki o özü kimi sadə, təmənnasız insanların şairi idi. Onun şeirləri ancaq poeziya hadisəsi deyildi, eyni zamanda oxuların əxlaqına işləyən, ürəklərinin dərinliklərinə qədər enib onları əclaflıqdan qoruyan müqəddəs bir nəsihət idi. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı. Məmməd gedəcək, amma Araz qalacaqdı.

P.S. Bu yazı “Kaspi” qəzetinin keçirtdiyi “Məmməd Araz 80” müsabiqəsində mükafata layiq görülüb.

# 3753 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #