Qaysağın altındakı yara

Qaysağın altındakı yara
29 dekabr 2012
# 08:00

Səhər Əhməd

- Bacarmıram, o hissəni yaza bilmirəm...

Qəfil zəng, girişsiz-filansız, qırıq-qırıq sözlər , üsyan dolu səs məni çaşdırır:

- Nə hissəni? Hansı hissəni? Niyə yaza bilmirsən?

- O gecə, Xocalıdan olan qızların ratsiya ilə dediklərini...

Səsi qırılır. Ya da hönkürməsin deyə susur. Dəstəyi asıram. Bir qadın üçün hönkürtüyə bənzəyən kişi səsini dinləməkdən ağır nə ola bilər ki.

Anlayıram. Ağrını sözə çevirmək çox çətindi. Ona görə də gücü çatmayan bu ağrını səsinə yükləyib Rey...

İndi, bu sətirləri yazarkən mənə də çətindi. Mən də bacarmıram. O səsi ifadə eləyib sizə çatdıra bilmirəm. Leksikonumuzdakı sözlər duyğularımız qədər rəngarəng deyil, təəssüf ki. Siz də məni anlayın.

***

Bir il bundan öncə Rey Kərimoğlu haqqında “ Keçmiş döyüşçünün zəngimcelli” adlı yazı yazmışdım:

“ Biz onun beynində qəlpə kimi daşıdığı xatirələrin bir ucundan tutmadıq. Halbuki bu xatirələrdən öz müharibəmizin və ədəbiyyatımızın “Əlvida, silah”ını yaratmaq olardı. Mənim bu yazım isə heç vaxt baş tutmayacaq bir cəhdin, yazılmayacaq o əsərin ifadəsidi. “

Amma mənim həmin yazım başqa bir cəhdin başlanğıcı oldu. Rey özü müharibə xatirələrini yazmağa başladı.

Əlbəttə, Rey yazıçı deyil. Amma onun yazıları hansısa romançının Qarabağ müharibəsi haqda nə vaxtsa uyduracağı əsərlərdən daha gərəklidi. Çünki həqiqətdi. Nə saxta pafos var orda, nə yalançı laqeydlik.

Xocalı faciəsi haqda yayımlanan eyni kadrlar üzümüzü yana çevirəcək qədər yorub bizi. Ağrıdan insan daha tez yorulur. O ağrı həm də məğlubiyyət qoxuyursa, acizlik aşılayırsa adama. Amma R. Kərimoğlunun yazılarında bu kadrların fonunda başqa hadisələr cərəyan edir. Çoxlarımızın indiyə qədər bilmədiyi şeylər. Döyüş səhnələri, mindən çox azad olunmuş xocalılı girov, alınmış bir neçə erməni postu. Dinc əhalini xilas etmək üçün döyüşən, şəhid olan həmvətənlərimiz. Canpoladın -göz görə-görə ozünü ölümə atan iyirmi yaşlı gəncin qəhrəmanlıq salnaməsi. Bütün bunlar da ağrıdı, amma bir az fərqli. Bu ağrı acizlik aşılamır, əksinə icimizdə öldürdüyümüz döyüş ruhunu oyadır. Məğlubiyyəti unutdurur bir anlıq.

***

Hərdən düşünürəm. O qədərmi zaman keçib aradan? Öz müharibəmizi unudacaq qədərmi? Yəni filmlərdə gördüyümüz, hansısa uzaq, məchul çöllərdə gedən ,haqqında ata- babalarımızın danışdığı müharibəni yox, bizim öz torpaqlarımızda gedən, gözümüz önündə olan ən doğma müharibəmizi. Müharibəni doğma deyə əzizləmək olmaz, bilirəm. Amma onu belə laqeydliklə bir kənara atmaq da düz deyil.

Neçə illərdi yas məclislərində, dini mərasimlərdə “ya Həsən, ya Hüseyn” deyib şivən qoparan, əsrlərdi Kərbəla müsibətini nəsildən -nəslə ötürən biz Qarabağ müharibəsini inadla unutmağa çalışırıq. Özgə dərdinə ağlamaq çox asanmış.

Zaman heç bir yaranı sağaltmır, sadəcə qaysaq bağlatdırır yaralara. Yaranın üstündəki qaysağı düşünməyək, qaysağın altındakı yaranı düşünək deyirəm.

# 3055 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #