“Mənim hekayə onluğum” silsiləsindən
Hədiyyənin “Barış” hekayəsi – müharibədən sonra
Hədiyyə Şəfaqətin “Barış” hekayəsi mövzu seçimi və onun həlli baxımından maraq doğurur. Necə deyərlər, hamının yanından səssizcə keçdiyi bir mövzunu hekayəyə çevirmək elə də asan deyildir. Bunun üçün insanları susduran fikrin alt qatlarına enməyi bacarmalısan. Yəni, belə deyək, şüurda yatıb heç cürə dilə gəlmək istməyən mətləbin məxsusi ifadə formasını tapmaq. Bizim hekayə meydanımız ucsuz-bucaqsız bir xarabazara bənzəyir. Bax, bu təbii seçimi görməmək, anlamamaq mənasında. Çünki yazıçıların bir çoxu tənqid haqqında tənqidçidən daha çox düşünürlər, həm də yazdıqlarından daha çox, daha şiddətlə düşünürlər. Ürəklərində istəyir, yazılarında onun ölümünə fərman verirlər.
Uydurma mövzular, uydurma süjet, uydurma hislər və ən əsası mətnin qurulmadan dağılması…
Hədiyyənin üslubunda, bilmirəm belə demək olarmı, dərin bir həssaslıq var. Ancaq o, bu həssaslığı, - ayrı-ayrı hekayələrini oxuyarkən hiss etmişəm, - melodramanın sərhədlərindən geri qaytarır, deməli onun üslubunda həm də bədii məntiq güclüdür, ən gözəl cəhət də budur ki, həmin hissiyyatla o güclü bədii məntiq birləşməyə can atır və bu anda sən müəllifin təqdimatında sözləri və əşyaları qəribə bir şəkildə görə bilirsən. Onun təsvirləri şeirdən, poeziyadan dönmüş ifadələri xatırladır, bu o deməkdir ki, bədii mətn təbiəti və xarakteri etibarı ilə sinkretikdir, ətrafındakı hər şeyi "qamarlayıb" özününküləşdirmək, öz donunda görsətmək istəyir. Hədiyyə başqa yazıçılardan (şübhəsiz ki, yaşıdlarından) onunla fərqlənir ki, hadisəni, yaxud hadisələri qurmur, necə deyərlər, "ssenariləşdirmir", hər hansı mif... modelinə tabe tutmur, əksinə onları min-bir "oyunun" təhlükəli sərhədlərindən geri - özünə, yəni bədii mətnə tərəf döndərir. Qeyd edək ki, hekayə kompozisiyasında bu vacib xüsusiyyətdir. Bir var, nöqtəni böyütmək, həmin nöqtənin ucundakı, hadisə, süjet, kompozisiya "qırıntısını" genişləndirib, görüş bucağını görsətmək, bir də var, həmin bucağın bir küncündə kirimişcə qalan bir detala olmazın (yəni heç kəsin ürək eləmədiyi) əhəmiyyət vermək, onu vasitəli sual altına qoymaq. Belə də olarmı? Artıq hekayə yazılandan, insanın ürəyinin lap dərinliyindəki şübhə hekayətə çevriləndə bu sual da susdurulur. Təqribən belə: müharibə qurtarsa nə olacaq? Torpaqlar qaytarılsa, buna görə bir kəsin də qanı axıdılmasa, burnu belə qanamasa, necə olacaq? İnsanlar, yəni uzun müddət müharibənin və dürlü-dürlü tanımadıqları hislərin içindən sıyrılıb çıxan insanlar... yurdlarına qayıtmaq istəyəcəklərmi? Hələ o cəhənnəm, bu yurd yerlərini yuxusunda belə görməyən uşaqları onları bu yolda tək buraxmayacaqlarmı? Axı bu uşaqların üzünə o yerlərin küləyi dəyməyib. Hərənin kök saldığı bir yer... ancaq hamının kökü də bir yerdən kəsilib. Bir az da qalsa, nəsillər dəyişəcək, o yerlərə dönməyin əhəmiyyəti qalmayacaqdı, çünki o yerlər üçün ağrıyan yaddaşlar tam sönüb qurtaracaqdı.
Əsl müharibə barışdan sonrakı müharibədir, insanın özü-özüylə, dostları, vətəni, torpağı, ölümü, allahı ilə. Bu adam düşmən gülləsinə tuş gələn bacısının gözündəki ağrının onun gözlərinə necə hopduğunu görüb. Güllə bacısını kürəyindən haqlamışdı, ona doğru sürünərkən. Güllə dəyən anda qızın gözlərindəki ağrı, fəryad qardaşın gözlərinin dərinliyində batır, kədər, ağrı boğulur ki, insan xilas olsun. Ancaq olmur… Güllə kürəyindən dəymişdi, gözlərini qardaşının gözlərinin içinə hopdurub yıxılmışdı. Bax, burda hər şey donur, şeir qurtarır, poeziya susur, bu məqamda hadisəni içindən görsə də bilən detal gəlməlidir. Və gəlir də.
Yəni, normal vəziyyətdə bunu müharibə görməyən adama danışsan, heç kəs inanmaz. Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlunun tamaşasında mən də bunun şahidi oldum. Vaqif özü bu tamaşada bir neçə rola “girmişdi”. Həm Cavidi, həm də onu dindirən müstəntiqi oynayırdı. Cavid qiyafəsində kədərə "Dur" deyirdi, kədər dururdu, dayanırdı və sair. Onda, elə sonra da bunu kimə danışsaydım, heç kəs inanmazdı. İnsanın yazdığı hekayə, xəyalları ilə qurduğu bədii mətn virtual aləmdən gəlir. Yazıçının üslubu gerçək aləmlə (yəni müəllifin gerçək aləmdə müşahidə etdikləriylə) virtual aləmin sərhədini cızır. Hədiyyə, sevinirəm ki, bu hekayəsində o sərhədi tapıb və orda nəfəsi çatana qədər dayanıb bizə nələrisə nağıl edir və bu nağıl deməliyəm ki, çox maraqlıdır, maraqlı olduğu qədər də ibrətli və sirayətedicidir.
Hekayədəki bəzi məqamlar ilk baxışdan gözünün önündən sadəcə fraqment kimi keçir, özü də bildiyin, danışdığın, yaxud danışmağa qıymadığın, içində saxladığın həqiqət kimi... Ancaq bu fraqmentlər bir yerdə oxunduqda, yəni, hansısa mistik qüvvənin təsiri ilə bir nöqtədə birləşdikdə içindəki dillənməyən həqiqətdən daha ağrılı, daha dəhşətli həqiqətlərlə rastlaşmalı olursan. Hekayədə paralel motiv və detallar var. Bunların hekayə, təhkiyə məkanında ayrılıb və sonra bizim təxəyyülümüzdə rastlaşması “nağılın” içindəki dəhşətin elə belə olmadığını aydınlaşdırır. İki detala diqqət yetirin. Bu iki detalın ikisində də “ağırlıq” sözü, bu sözün insan qəlbinin dərinliklərindən gələn, onu gerçəkliyə, lap elə yaşadığı dünyaya qarşı qoyan bəlirtiləri olmamış deyil. Hekayənin əvvəlində (mətləbin razvyazka - açılış hissəsində) belə bir deyim keçir: “…qaçqın adının ağırlığı altında əzilən çox az adam var. Elə bil başqaları onların sevincinə daha çox sevinirdilər...”. Son zamanların “neologizminə” bu baxış sözlə bərabər bizim taleyimizin bir hissəsi olan hadisənin mahiyyətinə işıq tutur. Bu sözü müxtəlif vəziyyət və dönəmlərdə, dürlü əhvallarda... nə qədər yuxarı qaldırmaq istəsən də, ağır basır, əlini qırmaq dərəcəsində incidir, yerə düşür, param-parça olur. Bu sözü yuxarı qaldırıb ürəyinin tən bərabərində tuta bilməmisən. Söznən oyun çıxarmısan. Budur, müharibə qurtarıb, torpaqlar geri qayıdıb və sən o sözün içində qurduğun oyunun tələsinə ilişibsən...
Bu detalın içindən başqa bir məna da şaxələnir: hər kəs danışmağa söz axtarırdı... Bu ifadəni hekayənin içindən seçdik. Şəhərdə, məlum hadisə ilə bağlı həmən sözün içində insanların gizlətdikləri bütün mənfi emosiyalar sevincin gur işığına qarışaraq zahirə çıxır. Bir müddət, insanlar susur, altından xətt çəkdiyimiz sözün özü danışır. Vətənindən, yurdundan, doğulub böyüdüyü evindən didərgin salınan insanlar sadəcə əl verirlər, uzun-uzadı susur, əllərini çəkməyi unudurlar. Şəhərdəsə sevinən yalnız və bəlkə də bu sözün özüdü. Nəhayət, içinə necə gəldi qalaqlanan mənfi, qapqarışıq hislərdən qurtulmaq ümidi ilə. Bu söz “yad adamların” dili ilə tut yemiş bülbül kimi danışır. Gedin deyin, Xan Çobana, gəlməsin bu il Muğana, Muğan batıb qızıl qana... İnsanlar danışa-danışa fərqinə varmırlar ki, indi onlar yox, içəridən üşüyən sözlərin üstünə çəkilən pərdələr yellənir, danışmaq dilində. İkinci detal Səmədin nəhayət ucqar dağ kəndindəki evinə ziyarətindən sonra cücərir. Bir neçə dəqiqənin içində qarşılaşdığı hadisələr, içinin təlatümü, kənd icra nümayəndəsinin ailə xronikası və gəldiyi “xoxlar” və birdən Səməd hiss eləyir ki, ev üstünə gəlir. Evin kölgəsinin ağırlığı basır onu. Bundan əvvəl isə, evə daxil olduqdan bir neçə dəqiqə sonra yerə tökülü kağızların içində burda yaşamış gənc ailənin fotosunu görür. Ana, ata və uşaq. Hamı ona baxırdı. Həyətdə ikən paltar ipinin üstündə yaddan çıxmış oğlan uşağının şalvarını görür. Əgər bu evdə bizdən sonra da uşaq doğulubsa, o uşağın səsi bu evin divarlarına hopubsa... silmək mümkün və lazım olmayacaq onları. İnsanı yerin üstündən yerin altına göndərən o tay-bu taylı düşmən silahı, düşmən kini deyilmiş təkcə... Bu evləri söküb yerində standart, iki otaqlı mənzillər inşa edəcəklər. Və bir də... birdən bu ev o uşağın yuxularına girsə...
Bəli, müharibədən sonrakı müharibə daha dəhşətli olur: “...Bir tərəfdə paltar ipinin üstündə balaca bir uşaq şalvarı atılıb qalmışdı. Yəqin kiçik uşaqları varmış. Ürəyi yenidən sıxıldı. Deməli, onlardan sonra kimsə də doğulmuşdu bu evdə. Deməli, hansısa körpənin səsi onun evinin divarlarına hopmuş, kimsə onun evində ayaq açmış, onun pəncərəsindən dünyaya boylanmışdı... Deməli, o uşağın doğum yeri onun evi, onun ünvanı idi. Deməli, o uşaq bütün indiyədək olan izlərini bu evdə qoyub gedib. Onun evində oynayıb, onun meyvə ağaclarının meyvəsindən dadıb, hələ bəlkə bu ağaclardan birindən yelləncək də asıb yellənib. Yəqin onun da anası “yıxılarsan” deyib qorxub, oğlunun onun hovuzunun içindəki suya düşüb islanmasından ehtiyat edib. Paltarından görünürdü ki, uşaq burdan gedəndə elə də kiçik deyilmiş... Deməli, yaddaşında nələrisə aparıb gedib. Üşəndi, birdən o uşaq qayıtmaq istəsəydi? Ya da bir gün tanımadığı biri onun qapısını, bəli, onun qapısını döyüb “bu bizim evimiz olub, mən burda doğulmuşam” desəydi? Ya da bu ev yuxularına girsəydi o uşağın...”
Çətin sualdı...