O gülün birin üzəydim

O gülün birin üzəydim
14 aprel 2014
# 07:45

- Ana, dayan, o gülü dərim.

- Hansı gülü?

Yuxudan oyanmış kimi fikirdən ayılıb arxaya boylanıram. Heç bir gül-çiçək gözümə dəymir. Sağda iki yaşlı, çopur ağac, solda həmişəyaşıl sarmaşıqlar var.

Oğlum əlimi buraxıb geri qaçır, birinci ağacı keçib, ikincinin yanında dayanır. Əyilib ağacın dibindəki yeganə, sarı, yabanı gülü balaca barmaqlarıyla olduqca ehtiyatla qoparır.

Bu “gül”ü uşaqlıqdan tanıyıram, acıtəhər qoxusunu, yapışqan kimi şirəsini. Oğlum onu qızılgül kimi qoxulayır. Birdən üzünə məyusluq yayılır:

- Müəllimə bağçada bu gülü məndən alıb atacaq.

- Belə eləyərik, mən onu özümlə evə qaytararam, suya qoyaram, sən gələndə oynayarsan.

- Həqiqi deyirsən?

- Həqiqi deyirəm!

Lap çox arxayın olsun deyə, ona göz vururam.

Hər dəfə oğlumu müəllimlərinə təhvil verib qayıdanda uşaq bağçasından evə qədər olan yolu qaçıram. Bu da mənim səhər idmanım sayılır. Amma bu dəfə belə eləmirəm. Yavaş addımlarla, ətrafı seyr edə-edə geri dönürəm. Bəzi ağaclar çiçəkləyib, bəziləri tumurcuqlayıb, bəzi yerlərdə topa-topa otlar göyərib. Mən baharın ən çox bu rəngini sevirəm, tumurcuqların, otların hələ tam tündləşməmiş, yaşıla çalan rəngini. Məktəbin yanından keçəndə bağçadakı quşların oxuduğunu eşidirəm. Görəsən, mən bunu indiyə qədər niyə görməmişəm. Başımdakı fikirlər baharın gəlişindən, quşların oxumasından daha canlımı olub?!

Yaxşı ki uşaqlar var, bizim itirdiyimiz hisslər onlarda yaşayır, yoxsa hər şeyin sona çatdığını düşünərdik.

Mən aranda böyümüşəm. Öz uşaqlıq sevgimi yalançı çiçəklərə, alaq otlarına sərf etmişəm. Hələ də balaca, yabanı lalələri əsl lalələrdən daha çox sevirəm.

Dörd yaşım olanda atam mənimçün Şuşadan bir qom çiçək gətirmişdi. Bu çəhrayı, bənövşəyi çiçəklərlə məni belə tanış eləmişdi:

- Qızım, bunlar dağ çiçəkləridi.

“Dağ çiçəkləri...” Bu sözləri öz-özümə bir neçə dəfə təkrar eləmişdim. Hüqonun qəhrəmanı-balaca Kozetta parıltılı gəlinciyin önündə dayandığı kimi çiçəklərə heyrətlə baxmışdım. Neçə gün onları əlimdən yerə qoymamışdım. Güllər solub tanınmaz hala düşəndə onu zorla əlimdən almışdılar.

Bir qızmar yay günü atam çöldən balaca, mavi çiçəkləri olan süpürgə kolları gətirəndə sevinclə qışqırmışdım:

- Urra, atam dağ çiçəkləri gətirib.

Gülüşmüşdülər. Mənim uğradığım bu xəyal qırıqlığı evdə lətifəyə çevrilmişdi. Sonralar-böyük qız olanda da anam hərdən mənə sataşardı:

- Get, o dağ çiçəklərini gətir, həyəti süpürüm...

Bax belə uşaqlıq xatirələriylə dolu, güllü-çiçəkli fikirlərlə evə gəlirəm. Armudu stəkana su töküb, əlimdə büzüşmüş sarı gülü içinə qoyuram. Ona baxdıqca oğlumun sifəti gəlir gözümün qabağına.

Güllər də uşaqlar kimidi, məsum, günahsız və qayğıya möhtac.

# 2950 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #