Alın yazısının surəti

Alın yazısının surəti
4 fevral 2014
# 15:08

İlqar Rəsul yazır

Qazana baxırdı. Pıqqapıq qaynayırdı. Əynində yalnız ağ kətan köynək vardı. Nə altda, nə də üstdə başqa heç nə. Saçları çiynində dağılmışdı. Ayaqları yalın, əlləri əlsiz. Gözləri bəşəriyyətin ən qatı şorbasının içində yol çəkirdi. Burada zaman çox ləng, hadisələr sürətlə gəlib keçirdi göz önündən...

Əsmər Allaha çox inanırdı. Bütün başına gələn müsibətlərə rəğmən naşükürlük eləmirdi.

“Buna da şükür” deyib davam edirdi həyatına...

O internatda böyümüşdü. Gecə-gündüz yatmayıb oxuyaraq ali məktəbə qəbul olunmuşdu. Təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdu. Universitetin son kursunda tərbiyəsinə və bacarığına bələd olduğu bir oğlanla ailə qurmuşdu. İki uşağı olmuşdu.

Evliliyindən beş il sonra əri ölmüşdü. Yol qəzasında. Yetərincə istəyəni olsa da ikinci dəfə ərə getməyib həyatını uşaqlarına həsr eləmişdi. Onları böyüdüb yaxşı tərbiyə, təhsil vermişdi. Qızı gənc yaşında bir narkomanın şirin dillinə aldanıb onunla ailə quraraq bədbəxt olmuşdu. Sonra intihar eləmişdi. Oğlu vəhhabilərin təsirinə düşüb Suriyaya getmişdi. Ərindən sonra iki övladını da belə itirmişdi Əsmər...

Harada işə düzəlirdisə bir ay sonra namusunu qorumaq üçün oradan getməli olurdu. Ayda bir iş dəyişdiyinə görə qonşular, tanış-biliş onu əxlaqsız hesab edirdilər.

Yenə də hər şeyə dözüb inamını itirmirdi. Bir gün səhər adamlar qapısını döyüb evinin qeyri-qanuni tikili olduğunu dedilər. Hara getdi, kimə yalvardısa xeyri olmadı. Şikayətə getdiyi ünvanlarından birində ağlamaqdan huşunu itirdi. Ayılanda namusuna toxunmuşdular. Geri qayıdanda evini sökmüşdülər...

Alın yazısının surətini çıxardıb təsdiq üçün Tanrıya göndərdi:

- Bax, gör, bu sən yazdığındı, ya sonradan kimsə dəyişib?

Səhəri gün Tanrı alın yazısının surətini təsdiqləyib geri qaytardı. O gündən Əsmər daha inanmadı...

Öləndə cəmi 45 yaşı var idi Əsmərin. Amma xeyli qocalmışdı. İnanmadığına görə cəhənnəmə düşdü. Sorğu-sualdan imtina elədi. “Mənə qır qazanının yolunu göstərin” dedi. Göstərdilər.

Getdi, qazanı tüstüsündən tapdı. Heç bir kömək olmadan nərdivanı çıxıb qazanın kənarında dayandı.

Əynində ağ kətan köynək. Saçları çiynində. Ayaqları yalın, əlləri boş...

İndi pıqqapıq qaynayan qazana baxıb ümid edirdi ki, qırın yanğısı taleyinin acısından daha çox yandıracaq onu. Unutmaq istəyirdi əvvəlki acılarını. Canı çox yanmışdı Əsmərin.

Gözlərini yumub özünü qazana atdı. Qır çox sərin idi. Dalğalar aparıb onu qızıl qumlu bir sahilə çıxartdı. Uzaqdan üç nəfər gülə-gülə ona tərəf qaçırdı. Ərinə və övladlarına oxşayırdı gələnlər. Əsmər yenə inanmağa başladı...

# 3816 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #