Döyüşən qız şəkilləri

Döyüşən qız şəkilləri
26 dekabr 2013
# 16:00

…Və gün gəlir, kəndini, anasını, sevgilisini uca-uca dağlara əmanət edən bir cavanı uzaq Əfqanıstana-o barıt qoxan ölkəyə göndərirlər. Əsgərlər, çavuşlar vağzalın qarşısında sıraya düzülüb. Hamının içində dəhşətli narahatlıq var, gözlərdən bircə sual oxunur: “Görəsən, bizim axırımız nolacaq?”

Zabitin səsi dər-divara dəyib on doqquz yaşlı cavanların içini oyum-oyum edir:

- Arzum budur ki, hamınız Əfqanıstandan ata-ananızın, sevgilinizin, dostlarınızın yanına sağ-salamat qayıdasınız.

­

“Hamımız eyni vaxtda siqaret yandırdıq, siqaretin tüstüsünü içimizin tüstüsünə qarışdırdıq. Çox qəribə mənzərəydi. Elə bil, barmaqlarımızın arasındakı siqaret deyil, yaş odun kösövüydü - əlimizdə, dodaqlarımızda öz-özünə tüstülənirdi. … Küçə boyu irəlilədikcə, evlərin eyvanından, həyətlərdən, yolun qırağındakı səkilərdən mülki geyimli adamlar (ən çox da qadın və uşaqlar) bizim tamaşamıza durmuşdular. Qadınlar, qızlar və uşaqlar arasında bizə əl eləyib, öpüş göndərənlər də vardı. Yolun qırağında dayanıb, bizə baxa-baxa ağlayan yaşlı qadının görkəmini elə o andaca göz yaşıma köçürdüm. Anamı xatırladım, ürəyimin başı göynədi: “Təki yuxusuna girməsin”, - dedim”.

***

Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanı “Lent.az”ın kitabxanası seriyasından “Qanun” Nəşriyyatında çap olunub. Kitab müharibənin dəhşətini şişirtmədən, süni vahimə yaratmadan oxucuya nağıl kimi anladan xatirə-romandır. Zakir Sadatlı Əfqanıstana girən ilk Sovet hərbi birləşmələrinin tərkibində 2 il ərzində gördüklərini – savaş iztirablarını, dost itkilərini gec yazsa da, yaxşı yazdı, ağrılı yazdı, artırıb-azaltmadan yazdı. Adama elə gəlir, kənddən min-min arzuyla çıxan o cavan, təcrübəsiz kəşfiyyatçı döyüşçünün əsgər yoldaşısan, Əfqanıstanın sərt qayalı dağlarında o darıxan, qorxan döyüşçü ilə bir yerdə ölüb-dirilirsən, səngər qazırsan, o doğma kəndin dağlarına əmanət etdiyin qızın həsrətini yana-yana çəkirsən. Müharibə bütöv olsaydı nə vardı ki!.. Doğranan odun talaşaları kimi onun qırıntılarını toplamaq zülmdür. Onun xırdalıqlarına axıra kimi dözmək müsibətdir. Biz vərdiş vermişik: müharibə romanlarında yalançı qəhrəmanlıq olur, ölümə qorxmadan qucaq açmağın imitasiyası olur, ucuz vətənpərvərlik olur… “Əfqanıstan uçurumu” romanını bunlardan uzaqdır və nə gözəl ki, belədir. Yoxsa, oxumaq olmazdı, sevmək olmazdı, inanmaq olmazdı.

Ölən əsgərlərin ciblərini “soyanda” hər birinin yan cibindən iki qutu siqaret, kibrit, dırnaqtutan, əl boyda çörək və döş ciblərindən bir qom məktub, bir qız şəkli çıxır. Ölən gənc zabitin arvadından aldığı məktublarına, iki-üç yaşlı bapbalaca, qəşəng bir qız uşağının gülümsər şəklinə kim dözərdi? Əfqanıstanın vəhşiyə çevirdiyi o Sovet kəşfiyyatçıları nə qədər qan, ölüm-itim görsələr də, ürək yaman şeydi, nə qədər qəribə də olsa, ölən döyüş yoldaşlarından daha çox onların cibindən çıxan qız şəkillərinə yazıqları gəlir.

* * *

- Sevdiyin var? – Soruşdum.

Sevindi, bir az qırışığı açıldı:

- Əlbəttə, - dedi.

- Sənə şəklini veribmi?

- Hə, cibimdədi.

- Olar, mən də baxım?

Məxmər parçaya bükülmüş şəkli ehtiyatla cibindən çıxartdı. 15-16 yaşında, başında araxçın, gözəl bir türkmən qızı yazı lövhəsinin önündə dayanmışdı. Şəkilləri dəyiş-düyüş elədik. O, mənim, mən onun sevdiyi qızın şəklinə xeyli baxdıq.

- Hansı gözəldi? – soruşdum.

- Hər ikisi… - dedi.

… Deyəsən, belə sərfəli cavab hər ikimiz, bir anlıq da olsa, xoşbəxt elədi…

***

Şəkkim yox: indi Zakir Sadatlının da ruhu xoşbəxtdir. Xoşbəxtdir ki, özündən sonra belə əsər qoyub getdi. Milli Kitab Mükafatının qaliblərinin elan olunduğu o iyun gününü xatırlayıram. Zakir Sadatlının qızı səhnədə qəhərləndi, boğula-boğula dedi ki, atamın ruhu bu gün bizimlədir, sevinir, xoşbəxtdir. Sevinir ki, həyatının bir parçası olan romanı birinci oldu.

Və oxuculardan bir istəyim var: yolunuzu kitab mağazalarından salıb müəllifini itirəndən sonra bir az yalqız, bir az kədərli, bir az da nisgilli olan “Əfqanıstan uçurumu”nu istəyin. O, yaxşı yol yoldaşıdır, sizə müharibə haqqında hər şeyi danışacaq. İnandıracaq ki, dünyada insanlığın xilası avtomatdan keçmir…

# 7184 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #