50 yaşlı uşağın nağılı

50 yaşlı uşağın nağılı
1 iyul 2013
# 07:00

Mən bir insan tanıyırdım, 50 yaşlı uşaq idi elə bil...

Çox uşaqlı ailənin sonbeşiyi idi. Ailənin o biri uşaqlarından fərqli olaraq ali təhsil almamışdı, bir peşəyə yiyələnməmişdi. Bütün ömrünü tikintidə fəhləlik etmişdi...

Ailə qurmuşdu, övladı olmamışdı. Həyatda gördüyü sonuncu uşaq özü idi. Bəlkə insan övladını qucaqlayanda böyüyürmüş, ona görə də yarım əsr yaşadığının fərqində deyildi... Heç böyüməmişdi... İllər öncə itirdiyi valideynlərindən bir körpə sevinci ilə söhbət açardı o 50 yaşlı uşaq...

Hələ də ona verilən bir konfetə, hətta bir salama belə, körpə kimi fərəhlənirdi. Dayısından, əmisindən ağız dolusu danışırdı... Hələ də böyük qardaşı qəhrəman idi, gəlib bütün dərdlərinə çarə tapacaq, böyük bacısı yaralarını bağlayacaqdı...

Bayramları, ad günlərini tənha keçirərdi...

Hamının yadından çıxmışdı... Öz dediyinə görə, lap Allahın da... Nə bacı axtarırdı onu, nə qardaş... Nə əmi, nə də dayı...

O axtaranda isə “Görən yenə nə istəyir?” deyib uzaq qaçırdılar...

Hər il ad günündə süfrə açdırar, özü isə pəncərədə oturub gözünü yola dikərdi... Axşam saat 11 olandan sonra xanımı ilə süfrəyə oturub səssizlikdə ad günü qeyd edərdi... Telefon kimi, qapı kimi susardılar. Xanımı nəsə deməyə ürək etməzdi...

Onun ad gününü hamı unutmuşdu... Əslində ad gününü yox, özünü unutmuşdular. Nə bacıları xatırlayırdı, nə qardaşları... Nə əmiləri, nə də dayıları...

Nə qədər qəribə olsa da səhəri zəng edib təbrik edirdilər, deyirdilər ki, işdə idik... Kimsə xəstələnmişdi, nəsə iş çıxmışdı... Bəhanələr müxtəlif olurdu, amma səbəb eyni: “Gecə yuxuda gördüm ki...”

Sən demə 50 yaşlı körpə səhərə kimi bütün ailəsinin yuxularını ziyarət edirmiş...

Bir səhər isə yuxulardan qayıtmadı, tamamən yuxulara köçdü... “Ürək tutmasından” – belə dedi həkimlər... Amma heç kəs bilmədi onu kimin yuxusunda öldürüblər... Kimin yuxusunda yaralanıb, kimin yuxusunda can verib, kimin yuxusunda vəsiyyət edib... Kimsə bilmədi...

...hamı işini yarımçıq qoyub gəldi... Xəstəsi də, sağlamı da, məşğulu da, uzaqda olanı da... Hamı xəbər tutdu, hamı vaxt tapdı...

Onun da tək istədiyi hamını bir yerdə görmək idi... Əgər bir neçə dəqiqəlik oyansaydı bir də heç vaxt getməyəcəkdi... Bütün ailəsini evində toplaşmış görsəydi bir də heç vaxt yuxular gəzməyəcəkdi ki, yuxuda qəzaya düşsün...

Amma artıq oyanmaq üçün çox gec idi... İnsansızlıqdan yuxular gəzib, orda ölən insanın dar, kimsəsiz komasına yüzlərlə adam toplaşmışdı... Axı “filankəsin qardaşı”, o biri “filankəsin qardaşı oğlu” idi... Tək qüsuru – həyatı alınmamışdı, “filankəs” ola bilməmişdi...

...Ölümündən bir neçə ay sonra bir səhər o koma yenə adamla dolu idi... “Filankəslər” hamısı bir nəfər kimi gəlmişdi... Sən demə bu gün “Rəhmətliyin” ad günü imiş... Necə də əzbər bilirmişlər... Özü də bu dəfə heç kim onu yuxuda görməmişdi. Bəs hardan xəbər tutmuşdular?

Süfrə açıb, ehsan verdilər, yaxın-uzaq “filankəslər”in yarısı gəldi, yarısı da eşitdi ki, “filankəslər” qardaşlarının ruhunu şad etmək üçün ad gününü qeyd edirlər...

Yasında olduğu kimi, ad günündə də ömür-gün yoldaşı bir küncə çəkilib, kimsəsizliyini qeyd edirdi... Qohumlar isə özləri bişirib, özləri yeyib, uşaqlıq xatirələrinə bölüşürdülər...

Kədərdən öldürdükləri insanın ruhunu şad edirdilər...

Unudaraq öldürdükləri insanın ruhunu yaşadırdılar...

# 3837 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #