Əsir düşmüş xalq şairi

Əsir düşmüş xalq şairi
28 mart 2013
# 10:56

Murad Köhnəqala

Sovet imperiyası dağıldıqdan sonra ölkəsinin pis-yaxşı müstəqillik qazanmasını heç cür həzm edə bilməyən qocaman Xalq Şairi son vaxtlar yuxuda sayıqlamalarını intensivləşdirmişdi. Şair yuxularını horra kimi qarışdırdığından, ayılanda uzun müddət özünə gələ bilmirdi. Onu bu yuxuların caynağından xilas edən yalnız vəfalı həyat yoldaşı olurdu. Hər gün taxma dişlərini stolun üstündəki stəkana qoyandan sonra ikiadamlıq geniş taxtda kök arvadına qısılıb yatardı. Yuxuda qorxub sarsaqlayarkən onu dərhal oyatmağı həyat yoldaşına möhkəm tapşırmışdı.

Xalq Şairi bu dəfə yuxuda gördü ki, ruslar yenə Azərbaycana hücum eləyib müstəqilliyi köləliklə əvəz eləmək istəyirlər. Ölkənin hər yerində öldürhaöldür, tuthatutdu.

Ovurdları içəri batmış, ağzıaçıq yatan şair bu mənzərədən sevinib arvadının eşidəcəyi dərəcədə gülməyə başladı. Başının xoşməramlı yuxuya qatışdığını zənn edən vəfalı həyat yoldaşı onu oyatmaq istəmədi. Lakin Xalq Şairinin yuxusu getdikcə tündləşirdi. Artıq Azərbaycanın hər tərəfini zəbt eləmiş ruslar köhnə sovet quruluşunu bərpa eləmişdilər.

Yuxunun bir yerində şairi sorğu-suala tutmaq üçün Mərkəzi Komitənin ideoloji şöbəsinə çağırdılar. Qalstukunu düzəldə-düzəldə ayaqüstə bir stəkan şirin çay içib çağırılan yerə tələsdi. Şair həm də yuxuda özünün xeyli cavan olduğunu hiss eləyirdi.

Mərkəzi Komitədə onu iki nəfər sorğu-suala tuturdu. Səsindən oyanmış həyat yoldaşı yuxuda verilən sualları duymasa da kişinin cavablarını aydınca eşidirdi.

Əvvəlcə soruşdular ki, şair, müstəqilliyə sən də sevinirdin, eləmi? Şair and-aman eləyib qışqırdı: “And olsun kommunist əqidəmə ki, bu müstəqilliyə bir damci da sevinmədim! milli hakimiyyəti quranlara heç vaxt qoşulmamişam! həmişə sizin gəlməyinizi gözləmişəm!”

- Bəs müstəqilliyi bəyənmədiyin haqda bir şey yazırdınmı?

- Bir allah şahiddi ki, milli hakimiyyət qurulan kimi ölkəni tərk elədim!

- Bəs müstəqilliyə qarşı ədəbiyyat sahəsində hansı işlər gördün?

- Gedib yoxlaya bilərsiniz, heç bir gənc istedada göz açmağa imkan vermədim, bacardıqca onlara maneə oldum, ədəbi orqanları sovet vaxtındakından da pis hala saldım! Yaltaqlıqdan başqa yazıçılardan heç nə tələb eləmədim .

- Bura bax, kişi, biz köhnə soveti bərpa eləyirik, hansı yazarları aradan götürməliyik?

- Bayaqdan onu demək istəyirdim, ürəyim partlayır, indi oturub siyahını tərtib eləyərəm! qudurmuşdular! Güllələyin hamisini, hamısını!!!

- Ağsaqqal, eşitmişik, sən də əqidəndə müəyyən redaktələr etmisən, bəs səni neyləyək?

- Qadanız alım, ayağınızın altında ölüm, məni öldürməyin, mən hələ sizə çox lazım olacam! Heç bir əqidə dəyişikliyi eləməmişəm, qarşınızda vicdanim tərtəmizdi! Budur, bu da mənim kommunist biletim! Öpə-öpə gizlicə saxlamışam! Mən sizin əbədi sadiq qulunuzam!!!

Bu vaxt şairi sorğu-suala tutanlardan biri düyməni basıb selektora bağırdı: “Gəlin, aparın bunu! Salın zirzəmiyə! Biz burdan aralanan kimi kiril əlifbasını latın qrafikasına dəyişməyin nə demək olduğunu buna yaxşıca başa salın!!!”

Bu dəfə şair əllərini yorğanın altından çıxararaq qışqırdı: “Yooox!!! Yalvarıram sizə! Kimi istəyirsiniz satım, kimdən istəyirsiniz donos yazım, baxın, görün, hansı əlifbada yazıram! Mən latın qrafikasına nifrət eləyirəm! Həmişə kirildə yazmışam, indi də əqidəmdən dönməmişəm! Siz həmişə mənə vəzifə vermisiniz! Ev vermisiniz, Maşın vermisiniz, xalq şairi kimi yüksək ad vermisiniz! Sizin bu yaxşılıqları unudarammı heç?!”

Şairin darda olduğunu başa düşən vəfalı həyat yoldaşı onu silkələyib zorla oyatdı. Ərinin başını dikəldərək taxma dişlər qoyulmuş stəkanın dibindəki suyu ona içirtdi. Kişi bərəlmiş gözləri ilə ətrafa nəzər saldıqdan sonra gördüklərinin yuxu olduğunu başa düşdü. Həyat yoldaşı: “Noolmuşdu, a kişi, deyəsən, yenə yuxunu qarışdırırdın?” – deyə soruşdu. Şair özünə gəldikdən sonra yuxusunu yavaş-yavaş arvadına nəql eləməyə başladı: “Canım, bilmirəm bu nə yuxu idi, qatıb-qarışdırmışdım! Gördüm, 41-45-di, mən də müharibəyə getmişəm. Möhkəm atışma gedirdi. Yaralanmış səngər dostumu çiynimdə döyüş meydanından qospitala aparırdım. Zalım oğlu da o qədər ağır idi ki! Arada yorğunluğumu almaq üçün səngərə girib siqaret yandırdım. Dərhal sən yadıma düşdün. Əsgər dəftərçəmi çıxarıb sənə sevgi şeiri yazmaq istəyirdim ki, nemeslər üstümü kəsdi: “Həndi xox!” Beləcə xox gəlib məni əsr götürdülər. Süngünün burnunda əsrlər düşərgəsinə gətirdilər. Gördüm, şair dostlarımın çoxu burdadı. Məni alman zabitinin yanına gətirdilər. Faşistlərin komandiri soruşdu ki, bu şairləri tanıyırsanmı? Gördüm, mən bunların hansını tanıyıram desəm onu dərhal güllələyəcəklər. Onu tanıyırsanmı, bunu tanıyırsanmı? Dedim, yox, həyatımda belə adam görməmişəm. Heç birini tanıdığımı boynuma almadım! Beləcə hamısını güllədən xilas elədim, öz başım üçün!”

Arvadı bilirdi ki, şair gopa basır. Gülə-gülə soruşdu ki, bəs, axırda deyirdin, sizin yaxşılığı unutmaram, bunu kimə sayıqlayırdın? Şair boynunu qaşıyıb azca fikirləşdikdən sonra belə dedi: “Kimə deyəcəkdim ki? Onlar məni əsirlikdən buraxıb dedilər, get, sən mərd əsgərsən! Mən də ordan çıxanda faşistlərə elə-belə, dilxoşluğu elədim”.

# 3266 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #