Boğaza yığılan şairlər

Boğaza yığılan şairlər
30 noyabr 2012
# 11:06

«Osmanlı ərazisində dünyaya gələn şairləri doğum yerlərinə görə qruplaşdıranda belə bir mənzərə çıxır ortaya: İstanbul – 609, Bursa – 156, Ədirnə – 150, Konya – 69, Diyarbəkir – 40, Qəstəmonu – 36, Bağdad - 35… şair! Bu siyahı, divan şairlərinin doğum yeri kimi, İstanbulun – rəqibsiz – birinci yerdə olduğunu göstərir…

Şairlərin doğum yerləri ilə bərabər, onları yetişdirən mühit də nəzərə alınarsa, o zaman İstanbulun əhəmiyyəti daha da artar… Özündə istedad hiss edən hər kəs xüsusi, yüksək təhsil almaq üçün İstanbula gəlirdi, bu da, İstanbulda doğulmayan şairlərin belə, bu şəhərin mühitində yetişməsinə yol açırdı…

…Divan ədəbiyyatının əsas inkişafı İstanbulun fəthindən sonra baş verib. Daha çox Fateh Sultan Mehmet və vəziri Mahmut Paşanın qazandıqları etimad sayəsində Fatehin ətrafına 185 şairin toplandığı məlumdur...»

Bu fikirlərə özünün son kitablarından birində yer verən ustad ədəbiyyatşünas, Türkiyə Prezident Katibliyinin rəhbəri professor Mustafa İsen əsərinin başqa bir fəslində göstərir ki, Fateh Sultan Mehmet İstanbulun fəthindən sonra - şəhəri İslam dünyasının mərkəzinə çevirmək məqsədilə – müxtəlif yerlərdən neçə-neçə sənət adamını oraya cəlb etmişdi: «Gələnlərin əksəriyyəti Orta Asiya, İran və Azərbaycandan idi (!)».

Professor yazır ki, bu köçlərə, Osmanlının bir cazibə mərkəzinə çevrilməsindən əlavə, XVI yüzillikdən etibarən Azərbaycan və Orta Asiyanın sənət mühiti baxımından aşağı səviyyədə olması da ciddi təsir göstərib: «İbn Sinanın dediyi kimi, elm və sənət himayə görmədiyi yerdən köç edər. Orta əsrlərdə sənət və elm adamları ancaq sabitliyin olduğu yerdə və hamilərin kölgəsində əsər yarada bilərdilər (təkcə orta əsrlərdəmi?! – S.H.). Azərbaycandan olan sənət adamlarının vəziyyəti buna tipik nümunə idi (!)».

Bu məqamda «söz oyunu»na fələk öz oyunu ilə gen-bol fürsət yaradıbsa, onu fövtə vermək acizlik olar: Belə bilinir ki, o vaxtlar ayrı-ayrı məmləkətlərin – xüsusən də Azərbaycanın – min cür keşməkeşdən təngə gələn, növbənöv çətinlikdən boğaza yığılan şairləri öz yurdlarından köçüb, Boğaza - Boğazdakı Osmanlı paytaxtına yığılırmışlar; fitrətən uşaq təbiətli olan sənətkarlar həmin dövrdə «Ümm-üd-Dünya» («Dünyanın Anası») da adlandırılan-İstanbula sığınırmışlar!

“Mədəniyyət mərkəzi”, “Ədəbiyyat paytaxtı” ünvanı tarix boyu bir çox şəhərin taleyinə yazılıb: Pekin, Afina, Perqam, Roma, Bağdad, Gəncə, Şamaxı, İsfahan, Venesiya, Rotterdam, Milan, Paris, Barselona... XV yüzilin ortalarından da İstanbul belə bir ünvana çevrilməkdəymiş, şairlər, sənətkarlar hər yerdən Boğaz kənarına axışırmışlar.

Belə olmağına beləydi, ancaq bu cümlələr də, professor İsenin bunlara zəmin yaradan mülahizələri də «Boğaza yığılan şairlərin Boğaza böyük köçü»nün yalnız ümumi xarakteristikasını, çox yığcam, sadə panoramasını verə bilir. Reallıq isə, aydın məsələdir ki, bundan qat-qat mürəkkəb, dedikcə də qəliz idi.

Lələk-dəvatını götürən kimi «Ya Allah! Bismillah!» deyib yola çıxan şairlərin hamısının İstanbul səfərini ikicə-üçcə motiv altında ümumiləşdirmək çox səthi, yarıtmaz yanaşma olardı. Söz yox, «təngə gəlmək, boğaza yığılmaq» o səbəblər arasında ən geniş yer tutanı, xüsusi çəkisi ən ağır olanıdır. Bunun qədər olmasa da, professor İsenin qeyd elədiyi «xüsusi təlim, yüksək təhsil görüb yetişmək əzmi» də mühüm səbəbdir. Eyni vacibliyi qoy bir başqa səbəb də - sultandan, baş vəzirdən ayrı-ayrı şairlərə göndərilən dəvətlər, «saraya təşrif buyurmaq» məzmunlu təkliflər də daşısın: o cür ali ünvanlardan gələn təkliflərə həvəslə, ya da bəlkə candərdi razılıq verənlər də olsun 6-7 adam, ya da ötə başı, 10 nəfər. Bəs qalanları? Axı söhbət cəmi 3-5 ildən, həmin illər ərzində ora-bura köçən vur-tut 30-40 şairdən getmir. Müddəti onilliklərlə, bütöv bir əsrlə, iştirakçılarının sayı yüzlərlə, minlərlə hesablanır bu «yerdəyişmə»nin! Deməli, yuxarıdakı 3 əsas motivdən əlavə, çeşid-çeşid, «türlü-türlü» səbəbləri olub şair babaların İstanbul yolçuluğunun.

Misal üçün, o səbəblərdən biri elə bu «yolçuluq» kəlməsinin bizdəki mənasına – «mədəni» dilənçiliyə, «ver yeyim, ört yatım… arabir oyanıb mədhiyyə yazım» təmənnasına söykənə bilərdi. Bir səbəb də, bəzi əliqələmlilərin nimdaş qafiyələr dolaşan beynində «təki sarayda yaşayım, nə fərqi var kimindir, hardadır» devizinin özünə möhkəmcə yer eləməsi olub, bəlkə də. Yaxud hansısa şair(lər) «köhnə yurd»da nəsə bir fitnə, «intriqa» törətmiş, sonra da cəzadan qaçmaq üçün İstanbulu «təzə yurd» bəlləmiş olmazdı(lar)mı?! Əlacsızlıqdan, sıxıntıdan yox, lap xırda, adi bir mövqe geriləməsini özünə sığışdırmamaq səbəbindən, «dost-düşmənin acığına» Dar-üs-Səltənə yolunu tutanlar da varmış, yəqin ki. Bunlardan əlavə, o dövrün də macəraçı, bir yerdə bənd almayan, hər ay sorağı başqa səmtdən gələn söz adamları da olmamış deyildi, hər halda. Bəlkə canındakı «transfer naxoşluğu» üzündən, köçəri quş kimi tez-tez bu saraydan-o saraya qonanlar da tapılırmış. Ya da canında - hər dəfə zəmanəsinin hökmdarlarından ən güclüsünə pənah aparmaq, daima güclünü haqlı bilmək kimi - “üzrlü” şakər daşıyan şairlər də ola bilməzdimi? Bu siyahıya, ildə-əyyamda bir yol sultanın ətəyini öpmək şərəfinə nail olmaq, sonra da orda-burda «hünkarımız məni dindirdi» deyib «hava atmaq» azarkeşləri də əlavə ediləndə mənzərə lap dolğunlaşır. Əlbəttə, «Şərq – incə məsələdir», şairləri özündən də «incə»! Dövran çoxdan sübut eləyib ki, bu gözəl məmləkət, bu cənnət ölkə - elə indinin özündə də - hər xislətdə, hər “fason”da şair yetişdirə bilir...

Bu cür həssas mövzulara aid “mübhəm” məqamlara ətraflı aydınlıq gətirəsi bilgilər sarıdan mənbələr – təzkirələr çox zəngin deyilsə də, varını verən utanmaz: lazımlı məlumatlar yenə az-çox onların yaddaşında qalıb. Məsələn, İstanbul yolunu tutan ilk şair babalardan biri - Hamidi təxminən 30 il «diyar-diyar gəzəndən» sonra güzarı Osmanlı paytaxtına düşür,

Mahmut Paşaya yazdığı bir qəsidənin hesabına Fateh Sultanla ünsiyyət imkanı qazanır. Sultanın yaxın həmsöhbəti, şairi statusunda 20 ilə yaxın rahat yaşayır. Ancaq günlərin birində, Sultanın qulağı eşidə-eşidə, Hamidinin ağzından elə bir söz çıxır ki, şair gözdən düşür, tənbeh yeyir. Amma tənbeh də nə tənbeh: Osmanlının əvvəlki paytaxtı Bursaya şeyx kimi göndərirlər onu. Durduğu yerdəcə şairliyinin üstünə şeyxlik qoyub, az qala Nizaminin mövqeyinə qaldırırlar Hamidini, amma yenə gileyi kəsilmir:

Niyçün, ey mah (“şah”? – S.H.), cənnəti-kuyində bar olmaz mana?

Niyçün əvvəlki kimi hiç etibar olmaz mana?

Hamidinin oğlunun da şair olduğu, Cəlili təxəllüsüylə xeyli əsər yazdığı barədə qeydlər qalıb mənbələrdə.

Bir başqa şair - Bəsiri əvvəlcə Orta Asiyaya, Herata yollanıb, orda oxuyub, Hüseyn Bayqaranın sarayında olub, Nəvaini, Camini görüb-tanıyıb, ordan gəlib Uzun Həsənin oğlanlarının yanına, onlara qəsidələr yazıb, bir ara yenə Heratda görüblər, sonra dönüb Ağqoyunlu Əhmədin sarayına, onun nümayəndəsi qismində İstanbula – İkinci Bayəzidin hüzuruna göndərilib, nəhayət, biryolluq qalıb Sultanın sarayında.

Qamu əğyarə yar etdi tərəhhüm,

Mənə nə yar rəhm eylər, nə əğyar...

- desə də, yaxşı yaşayıb, diqqət-qayğı görüb, xüsusi təqaüd alıb.

Ya da elə Həbibinin özü: Azərbaycanda – Göyçayın Bərgüşad kəndində doğulduğu, əvvəl-əvvəl Şirvanda, Sultan Yaqubun sarayında yaşadığı bilinir. Şah İsmayıl Xətainin şəxsi rəğbəti sayəsində Səfəvi sarayında məlik-üş-şüəra (şairlərin başçısı) olan Həbibi Təbrizdə böyük ehtiram görüb. Ancaq sonra, “ortalıq qarışanda”, səsi İstanbuldan - Yavuz Sultan Səlimin sarayından eşidilib. Əhdə vəfa, eşqə sədaqət mövzulu bir qəzəli xüsusilə məşhurdur:

Gər səninçün qılmayam çak, ey büti-nazikbədən,

Gorum olsun bu qəba, əynimdə pirahən – kəfən!

Çıxmaya sevdayi-zülfün başdan, ey mah («şah»? – S.H.), gər yüz il

Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən!...

Süruri də, Şahi də, Qəbuli, Səffi, Qədri, Nitqi, İzzi… də aşağı-yuxarı eyni yolu keçiblər, cismani həyatları da oxşar olub, mənəvi ömürləri də bir-birinə bənzəyir. Bunların arasında fərqli əsrlərin şairləri var. Bəzilərinin yaradıcılıq taleyi heç gətirməyib – Füzulidən sonra gəliblər divan ədəbiyyatı meydanına! Bu meydanda Füzulinin sələfi sayılanlar – Xəlili, Hamidi, Bəsiri, Həbibi isə, nisbətən, “salamat qurtulublar”, təkcə vaxtda, dövrdə yox, başqa bir cəhətdən də qabağa düşüblər: heç olmasa, Füzulinin gəlişi ərəfəsində - bacardıqları qədər – “yolu-rizi açıb, yeri-yurdu sahmanlayanlar”, gözlənilən təntənənin müjdəsini gətirənlər kimi arada-bərədə xatırlanırlar:

Gəlir ol sərvi-səhih, ey gülü lalə açılın,

Vey məhü mehr, çıxın, qüdrətə nəzzarə qılın!...

Bəs Füzuli özü necə: boğaza yığıldığı dəmləri o necə ötüşdürüb? Onun da Boğaza yığılanlara qoşulmaq – İstanbula, Sultan sarayına üz tutmaq kimi bir niyyəti olubmu? “Cihan Padişahı” Sultan Qanuni ilə - Möhtəşəm Süleymanla Füzulinin münasibətləri nə cür qurulub, hansı şəkildə davam edib? İstanbuldakı, Saraya yaxın olan şairlər haqqında nələr düşünüb, nələr yazıb?...

«Hamısını indi desək, nağıl qalmaz» sonraya…

# 3788 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #