Bakıya tüpürmək haqqı

Bakıya tüpürmək haqqı
30 aprel 2018
# 10:49

Sevda Sultanova

Müasir kinomuzda sevdiyim epizodlardan biridir: “Düyün” (rejissor Ali İsa Cabbarov) filminin personajlarından biri, gün uzunu salondan çıxmayan, ədalı-boyalı Nərminə kəndə qayınatasının yasına gəlir. Qlamur gənc qadın yas məclisinə girir. Döşəmədə oturan, yaslı-yaşmaqlı kənd qadınlarını görəndə duruxur. Məxsusi onun üçün gətirilmiş stulda əyləşir, psixoloji narahatlıq keçirir. Sezdirmədən yaylıqla çılpaq çiyinlərini örtür, ehmalca əyilərək ayaqqabılarını çıxarır. Axırda stuldan qalxıb ayaqlarını altına yığaraq hamı kimi yerdə oturur.

İlk baxışda epizod iki fərqli mədəniyyətin, dünyagörüşün toqquşması kimi görünə bilər. Ancaq konkret bu situasiyada mədəniyyət toqquşmasından yox, qadının qeyri-adekvatlığından söhbət gedə bilər. Çünki yasa ənlik kirşanlı, uyğunsuz qiyafətdə gəlməyin şəhər mədəniyyətinin və ya dünyagörüşü ilə əlaqəsi yoxdur, bunun ümumən mədəniyyət anlayışıyla bağlantısı var.

Epizod-sitatı təsadüfən çəkmirəm. Keçən həftə metropoliten əməkdaşı olan xanımın, qaynar saatlarda metroda qatarların hərəkət intervalı ilə bağlı tənqidi statusa iradını bildirən gəncə yazdığı şərh-cavabı ("Çastpik” yazanlar öz kəndində qalsaydı, metro həm təmiz, həm də rahat olardı") sosial şəbəkə istifadəçilərini iki yerə böldü.

Etiraz edənlərin və dəstəkləyənlərin emosional polemikasında bu, eyni zamanda kənd-şəhər mədəniyyətinin qarşıdurması müstəvisində qiymətləndirildi.

Metropoliten əməkdaşı olan o xanımın, gəncin yanlış yazdığı - “çastpik” sözünə fokuslanaraq, istehzalı-qəzəbli şərhi onun şəhər mədəniyyətinin daşıyıcısı olduğunu ifadə eləmir.

Çexov “Mədəni insan kimdir?” sualının lakonik tərifini verir: “Mədəniyyətli olmaq şorbanı süfrəyə dağıtmadan yemək deyil. Mədəniyyətli olmaq, qonaq pərt olmasın deyə, o, şorbanı süfrəyə dağıdanda özünü görməzliyə vurmaqdır”.

Sərnişinin haqlı tənqidinə cavab kimi-fokusunu “çastpik” kimi əhəmiyyətsiz nəsnəyə yönəltməsi, üstəlik, təhqiramiz intonasiyadakı şərhi onun mədəni kimliyində sorun olduğunu göstərir.

Bir azərbaycanlının hansısa əcnəbi kəlməni təhrif olunan şəkildə yazması ayıb deyil. Bir azərbaycanlının doğma dilinin sadə qanunlarını bilməməsi, rus aksenti ilə dili eybəcərləşdirərək dialektologiya elminə məlum olmayan ləhcədə danışması ayıbdır.

Polemikalardan belə anladım ki, qəzəblənmiş şəhərlilər mədəniyyətsizliyin ən vacib göstəricisi kimi - küçənin zibillənməsini (təbii ki, bunda kənddən köç edən əhalini suçlayırlar) qəbul edirlər niyəsə. Elə bu münasibətin dominantlığı – ümumilikdə şəhərləşmə, urbanlaşma haqda təfəkkürümüzün kasıblığından xəbər verir.

Ona qalsa, yay gələndə bürküyə dözməyib, səfalı kəndlərə qaçan da, orda yeyib-içib, “piknik”dən sonra meşələri, otlaqları zibilləyən də daha çox şəhərlilərdir.

Bakıda doğulub-boyümüşəm. Gözümü açandan Bakıda ideal təmizlik görməmişəm - indiyədək külək əsəndə sellofan, kağız torbalar uçuşur, konserv qutuları “rəqs edir”, zibil qutuları vaxtında boşaldılmır. Yaşadığım binada - həyəti zibilləyənlər arasında hər cür millətin nümayəndəsi vardı, rusu da, ermənisi də, yəhudisi də, tatarı da, rayondan gələni də, şəhərlisi da.

Yəni küçəni zibilləmək, şəhərli olub-olmamağın yox, individual mədəniyyətin bir parçasıdır.

Şəhər mədəniyyəti geniş anlayışdır. Onun kiminsə küçəni zibilləməsi ilə məhdudlaşdırmaq da savadsızlıqdır.

Şəhər, daha doğrusu şəhərləşmə mədəniyyəti ilə daha ciddi sorunlarımız var: şəhərin relyefini nəzərə almadan binalar salınır, nəqliyyat infrastrukturu bərbaddır, kanalizasiya sisteminin keyfiyyəti aşağıdır, yağışda Bakının ətrafı bir yana, mərkəzi küçələri gölməçəyə dönür, yaşıllıq zolaqları azdır və s. Məgər bunun məsuliyyətini kənd əhalisi daşıyır?

Və bu özü sualdır: Bakı sözün əsl mənasında şəhər olubmu? Və indi şəhərdirmi?

Ümumən isə urbanlaşma baş veribmi? Şəhər deyəndə, ağla ancaq Bakı gəlir. İqtisadi, mədəni fürsətlərin daha çox mərkəzdə cəmlənməsi, digər şəhərlərdə bu fürsətlərin azlığı və ya yoxluğu, şəhərlərin cəmiyyətin inkişafında rolunun qeyri-funksionallığı, kiçik şəhərlərin böyüməməsi və s. bu fikri istisna edir.

...Sonda bir daha “şəhəri zibilləmək” məsələsinə qayıdıram. Adətən depressiyada olan adam baxımsız olur, özünə nəzarəti çox hallarda itirir. Toplum depressiv ovqatdadır. Küçə, ictimai nəqliyyat - əsəbi, qəzəbi hər an püskürəcək adamlarla doludur. Bu səbəbdən depressiv toplumun küçəni zibilləməsi də, növbələrdəki hövsələsizliyi də, tıxaclarda deyinməsi də, kimisə vecinə almadan tüpürməsi də... təbiidir.

# 2528 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #