Başsız qalan qızlar

Başsız qalan qızlar
13 avqust 2013
# 13:11

Kənddən aralı daxmada yaşayırdı Şahsuvar. Zalım oğlu kefinin ağasıydı – yanında iti çaqqal ayağına ver, gözünün ucuyla baxsa, südümə tüpürmüşəm. Çıraq yanan vaxt çatdımı, Şahsuvar çöldə-bayırda ləngiməzdi: ekskavatorunun belində siqaretdən tüstülədə-tüstülədə eniş aşağı yumalanardı. Biri deyirdi: onun qazandığını kim qazansaydı, indi Bakıda villası vardı. O biri yana-yana danışırdı: arvadının bişirdiyini bəyənmir, rayondan kolbasa, konserva alır, otağının qapısını bağlayıb, tək-təkcənə kinoya baxa-baxa içəri gillədir. Arvadı boğaza yığılanda çayı keçib gələrdi biz tərəfə, nənəmə dərdini danışardı. Allah, Allah, Şahsuvar belə edərdimi yəni:

- Bibi, o məçiddəki ələm haqqı, aldığından uşaqlara bir qırığ da vermir. Dünən görürəm, balaca qız divanın altında girib, kalbasanın qabığlarını, kanserva qabını yalıyır.

O balaca qız Əminəydi: anadangəlmə ayaqdan şikəst, qıçının birini çəkərdi. Arvadı qaragün fağırın biriydi, əlləri cadar-cadar, evdə iki kəlağayısı vardısa, Aşura günü birini İmam Hüseyn yolunda ələm ağacına bağlayardı. Mənim gözümdə ucalığı bir tərəfə, kəndimizin arvadları da elə hey deyərdilər ki, Şahsuvarın evindən-ocağından soyumağında arvadı günahkardı.

“Kül onun başına!!!”

“Bəy qızı bəyim olub mənə!!!”

“Dilində ilan zəhəri var!!!”

Haqqına, Şahsuvar yaxşı qazanardı. Ekskavatoru gədiyi qalxdımı, çörək öz-özünə tapardı Şahsuvarı: yer qazdıran, yol çəkən, bənd vuran nə çox... Bəlkə rayonda arvad saxlayır, bəlkə qumara qurşanıb, bəlkə narkomandı, bəlkə... Bircə onu bilirəm, Şahsuvarın baxmadığı kino yoxuydu, evində qutu-qutu kitabları vardı, bekar oldumu, bir romanı bir nəfəsə oxumamış, ayağa durmazdı.

Hə, Şahsuvarın yaxşı qazandığını həm də ondan bilərdik ki, o yastı-yapalaq daxmasında videomaqnitafon vardı. İndi nostaljiyə çevrilən, o vaxtlar kəndimizdə toy kasetinə baxmaq üçün adamları yerindən oynadıb, qonşuya minnətçi düşürən o Yapon malı...

Şahsuvar əlinə düşən puldan nə özünə gün ağladı, nə uşaqlarına. Bircə gümüşü “zapı” aldı, axırda onun da ətini-sümüyündən ayırıb hissə-hissə satdı, yerdə qalan quruca damında arvadı toyuq basdırdı. Oğlanlar bir tərəfə, dörd qız əkmişdi Şahsuvar - biri o birindən zavallı. Nənəm yaman narahat olardı: ağam Əbəlfəzdən istəmişəm, özü o tifillərin dadına çatsın, yeri-göyü yaradan nəzərini o qızların üstündən çəkməsin, zamana pis zamanadır!

Şahsuvarın qəpiyə güllə atan vaxtları da gəlib çatdı. Kasıbladı, yaman kasıbladı. İçini gözəl qız şəkilləriylə bəzədiyi qoca ekskavatoru leş olub həyətində iylədi, pulu-parası olmadı sınan yerlərini düzəltdirsin. Köçdü dədə evinə, guya həyət-baca becərəcək. Dəyən qoca anasına, bir də bacılarına dəydi: qonşuları danışırmış ki, arvadın saçından yapışıb həyətin ortasında sürüyürmüş. Arvad deyirmiş, südümü halal eləmərəm ona. Öləndə qızları dilindən halallığı qoparıblar: “Şahsuvarı bağışlayıram, bağışlayıram”.

Şahsuvarın dərdi nəymiş, görəsən?! Bilən olmadı, olmadı!!!

Kəndimizin o kasıb günlərində Şahsuvarın ailəsi bir tikə çörəyə möhtac qaldı. Undan ötrü ağız açmadıqları qonşu qalmadı. Nənəm, könlü dağ nənəm! O şikəst qız Əminə qapıda göründümü, əvvəl oturdub qarnını doyuzdurar, sonra torbadolusu un, qənd-çay yığıb əlinə verərdi. Və o qızılı saçlı Əminə ayağını çəkə-çəkə payız çiskinənə qarışıb gözdən itərdi. O günlərin birində mən örüşdən ördəkləri gətirirdim, Əminəyə rast düşdüm. Un torbası əlindən sürüşüb dağılmışdı, ora-bura boylanıb ağlayırdı. Köməkləşib izi itirdik, baxma, beş-altı yaş böyükdüm, ona can yandırmağımdan ürəkləndi, gözünün yaşını köynəyinin qoluna hopdurub uzaqlaşdı.

* * *

Şahsuvar dədə evinin də çırağını söndürdü. Köçünü çəkdi Bakıya. Xırdalan tərəflərdə ev tutdu, əvvəl fəhlə işlədi, sonra qarovulçu qaldı. Bu dəfə qazandığını kontura verdi, ovuc-ovuc telefon nömrələri aldı, çörək sexində xəmir yoğuran, kafedə aşpazlıq edən qadınlara bağışladı, gündə bir telefon dəyişdi. Çox çəkmədi, arvadını boşayıb evdən çıxdı, ərgən qızları başsız qaldı. O əli cadarlı arvadı şirniyyat sexində özünə iş tapdı, dörd qızının hərəsi bir işin qulpundan yapışıb kasıb-naəlac gün-güzaran sürdülər.

Yeri-göyü yaradan nəzərini çəkmədi o qızların üstündən. Hərəsi bir kasıb oğlana qoşulub qaçdılar. O qızlar əllərinə xına yaxmadılar, cehiz seçib-sonalamadılar. Bəlkə “Vağzalı” səsi də eşitmədilər. Eləcə, o kasıb adaxlıları ilə əl-ələ verib gecə-gündüz işlədilər, başlarını aşağı salıb sakit-səssiz yaşadılar. Hər dəfə eşidərdim: pis ocağa düşməyiblər.

O gün Şahsuvarı toyda gördüm. Görüşdük. Qızları da gəlmişdi. İlahi, necə dəyişmişdilər, gözəlləşmişdilər. Hərəsinin qucağında bir uşaq, ərlərinin yanına sığınıb sakit-dinməz oturmuşdular. Onlarınkı oynamaq deyildi, bəxtəvər-bəxtəvər süzmək idi, uçmaq idi. Mənə elə gəldi, o qızılı saçlı Əminə birdəncə süzə-süzə mənə sarı gəlir, bir torba unun izini itirdiyimiz günün “sağ ol”unu deyəcək, sonra bir-birimizə qoşulub oynayacağıq.

Şahsuvar qızları oturan səmtə yaxın düşmədi, siqaret tüstülədib fikirli-fikirli başını aşağı salanda qızlarından biri uşağını onun qucağına verdi. Və dünya dağıla, o dörd tifil atası Şahsuvarın üzündəki ifadələri yazmağı bacarmaram.

# 2674 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #