Mən necə axmaq oldum

Mən necə axmaq oldum
19 dekabr 2012
# 08:00

Hərbi xidməti başa vurmağa on gün qalmışdı. Vaxt öldürmək üçün formamı qaydaya salırdım. Yanımda saatı bilməyən, Nizami Gəncəvini tanımayan, kombata “milis paltarında gəzən kişi” deyən avam bir əsgər oturmuşdu. Sakitcə oturub mənə baxırdı. Birdən sual verdi.

- Evə gedəssən?

- Hə.

- Kefdəsən.

- Niyə?

- Şirinçay içəssən...

Mən o avam əsgərdən azadlıq və sərbəstlik haqqında fikir gözləyirdim. O isə demə mənim mülki həyatda istədiyim qədər şirinçay içə biləcəyimə həsəd aparırmış. Mən bu dialoqu çox yazmışam. O əsgərin avamlığı haqqında çox danışmışam. Hələ hərbi xidmətdə olanda baxırdım onun üzünə, düşünürdüm, kaş cadugər olaydım, girəydim bu insanın beyninə, dünyaya onun gözüylə baxaydım, görəydim dünya onun gözlərində necə görünür. Onun avamlığı haqqında çox danışıb məclislərdə adam güldürmüşəm. Sonradan başa düşdüm ki, adama qarşı haqsızlıq etmişəm. Ədəbiyyat belə insanları anlamaqda, onları hiss etməkdə adama kömək edir. Akutaqava Runeskonun “Şirin kartof sıyığı”, Qoqolun “Şinel” hekayəsi belələrini anlamaqda mənim üçün hiss xəritəsidir...

Sən hərbi hissənin hasarından o tərəfə mümkün qədər tez keçməyə ona görə can atırsan ki, sərbəst olasan, istədiyin vaxt yatıb istədiyin zaman oyanasan. Dostlarla görüşəsən. İstədiyin paltarı geyinəsən. O isə hərbi hissənin hasarından o tərəfə keçməyə ona görə can atır ki, sadəcə ürəyi istəyən vaxt, ürəyi istəyən qədər şirinçay içə bilsin. Bəyəm buna görə insan illərlə lağa qoyulmalı və lətifə qəhrəmanına çevrilməlidir?

Henrix Böllə sən “niyə yalnız balaca adamlar haqqında yazırsan?” sualı veriləndə o bu suala “balaca adamla böyük adamın sərhədin kim müəyyən edir” cavabı vermişdi.

İki-üç il əvvələ qədər mən xoşbəxtliyin avamlıqda olduğunu düşünürdüm. İndi başa düşürəm ki, xoşbəxtlik avam olmaqda deyil. İndi belə düşünürəm, sonra necə düşünəcəm bilmirəm. Həyatdır, hər şey ola bilər. Nofəl müəllim demişkən, insanlara başa salmaq olmur ki, həyat Hindistan kinosu deyil.

İki-üç il əvvəl gözəl tərcüməçi, ədəbiyyatı dərindən bilən, şair Nicat Məmmədov oxumaq üçün mənə Martin Pajın “Mən necə axmaq oldum” romanını verdi. Nicatın zövqünə çox inanıram. Mükəmməl mütaliəsi var. Ona görə romanı diqqətlə oxudum. Həcmcə balaca, məzmunca tutumlu olan “Mən necə axmaq oldum” romanı müasir nəsrin tələblərinə tam cavab verir. Bununla belə müəllifin klassik nəsri çox dərindən mənimsədiyi az qala hər səhifədə hiss olunur. Romanın mövzusu çox işlənib: intellekt insanın xoşbəxt olmasına maneçilik törədir. İnsan ağlını itirdikcə özünü xoşbəxt hiss etməyə başlayır. Bu çox işlənmiş mövzuda yazıçı çox maraqlı, asan oxunan, mükəmməl bir roman yazıb.

Əgər Martin Paj həqiqətən də bu romanı 27 yaşında yazıbsa, biz niyə yazırıq, bilmirəm. Bir tərəfdən də düşünürsən ki, Balzakın, Hüqonun, Stendalın, Mopassanın, Russonun, Floberin, Andre Moruanın, Fransua Moriakın doğulduğu və yaşadığı, yaratdığı ölkədə 27 yaşlı bir yazıçının şedevr yaratması həm də bir az qanuna uyğundur. Ənənə çox vaxt öz sözünü deyir. Bizim nəsrin cəmi yüz yaşı var. Ədəbiyyat və reallıq adlı yazımdakı bir cümləni tirajlamaq istəyirəm. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa mövzuda hekayə yazar və bizim ədəbiyyatımız dünya ədəbiyyatında gedən proseslərə bir az yaxınlaşardı. Novruzəli məktubu poçt qutusuna ata bilmirsə, Mirzə Cəlil başqa mövzularda necə rahat hekayə yazsın? Üstəgəl əgər düz əməlli bir ənənə yoxdursa...

Tomas Vulf deyirdi ki, alman, fransız yazıçıları öz bellərini böyük bir ənənəyə söykəyiblər, biz, amerikan yazıçıları isə hər şeydən əvvəl Amerikanın necə bir yer olduğunu Amerika vətəndaşlarına başa salmalıyıq. Fransız, alman yazıçıları Amerikada yaşasaydılar, bu şəraitdə onların çoxu yazıçı ola bilməzdi... Cem Yılmaz demişkən “beni s..tir et, Tomas Vulf böyle demiş”. Mark Tvenin yaşadığı və yaratdığı bir ölkədə Tomas Vulf ənənənin olmamağından şikayət edirsə, görün biz nə gündəyik, görün bizim çiynimizə necə ağır bir yük düşüb.

Bəli, “Mən necə axmaq oldum” romanının qəhrəmanı gəlir bir firmaya. Bu firma intihar etmək istəyən insanlara yardım edir. Yəni intiharın uğurla həyata keçməsini reallaşdırır. Romanın bu yeri bizə Andre Moruanın “Tanatos mehmanxanası” hekayəsini xatırladır. Dediyim kimi müəllif klassik ədəbiyyatı dərindən mənimsəyib. Firmanın otaqlarında intihar etmiş məşhur adamların portretləri asılıb. Necə ki, fizika otağına Eynşteynin, kimya otağına Mendeleyevin portreti asılır, burda da divarları intihar etmiş məşhurların portretləri bəzəyir. Yəni bu da bizim əjdahalarımızdır. “Mən necə axmaq oldum” romanının qəhrəmanı niyə intihar etmək istədiyini belə əsaslandırır. Mənim həyatım alınmadı. Faciə bunda deyil, faciə ondadır ki, mən bunu başa düşürəm...

Bəli, məhz belədir. Mən hal-hazırda xoşbəxtliyin məhz eşşəklikdə, gönüqalınlıqda olduğuna qəti əmin olmuşam. Söhbət avamlıqda, savadlı və yaxud savadsız olmaqda deyil. Söhbət məhz eşşək və gönüqalın olmaqdadır. Həssas və düşünən adamın xoşbəxt olması çətin məsələdir.

Həssas adamlar yalnız çox qısa müddətdə xoşbəxt ola bilərlər. Bu xoşbəxt anlar çox yox cəmisi bir neçə saatdan, bir neçə gündən, bir aydan sonra nostalgiyaya çevrilib həssas adama ikiqat əzab verəcək... Bu adamlar cəmisi bir ay əvvəl baş vermiş hadisəni on il əvvəl baş vermiş hadisə kimi nəql edəndə onları başa düşməyə çalışın. Onlar bilirlər ki, bu xoşbəxt anların bir də nə vaxtsa təkrar olunması çox böyük sual altındadır. Mən heç vaxt adamların puluna, yaraşığına, maşınına, tirajına həsəd aparmamışam.

Təbiətin və yaxud tanrının (kim necə istəyir ad qoysun) yaratdığı gözəlliyə, gözəllərə aşıq gözüylə baxıb, ilhamlanaraq özüm də nəsə yaratmağa çalışmışam. Mən adamların eşşəkliyinə və gönüqalın olmasına həsəd aparmışam. Qalınqabırğa və eşşək adamların necə rahat və xoşbəxt yaşadığını görəndə içimdə yaradana qarşı bir üsyan oyanıb. Axı bu doğurdan da ədalətsizlikdir. Eto kakoy - to pozor...

# 10014 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #