Bizim evrənin Aqşini

Bizim evrənin Aqşini
6 dekabr 2016
# 12:41

İki Aqşinimiz var. Biri Yenisey, o biri Evrən.

Aqşin Yeniseyi ilk dəfə “Sizin eradan əvvəl” kitabı ilə tanımışam. Yarasa kimi həssas gözləri ilə hədəfə sancılan misralarla onda qarşılaşmışdıq: “İçdiyi suyun alnından öpər atlar”.

Yenisey o dönəmlərdə yazdığı bu cür şeirlərlə diqqət çəkirdi. Bir də var idi onun alovlu, süngərli, qılınclı yazıları. Muğamatçıları ələ salmağı, dindarlarla üz-üzə gəlməyi, üstəgəl taxtda oturan vəzifəli yazıçılarla qovğası.

Yeniseyin yumora bulanmış iynəli yazıları hələ də yaddaşımdadır. Hər müsahibəsi çıxanda da eyni pozisiyada idi: qeyri-adi fikirlərlə hara gəldi atəş açırdı.

Ancaq zaman keçdi, sular duruldu, Yeniseyin şeirləri o yazılardan bir neçə pillə yuxarıda dayandı. Bütün hoqqaları, məzələri ilə bərabər şair kimi qaldı. Heç bir yazısını bu misraya dəyişmədik: “Özümdən bədbəxt adamlar görəndə utanıram, ata”.

Bir az da zaman keçdi və ortaya Evrən çıxdı. Bu Aqşin artıq bizim Aqşin idi. Bizim nəslin Aqşini. Əslində bu yazını yazmaqda məqsədim öz nəslimizin ən istedadlısını elan etmək istəyindən doğur. Bizdən əvvəlki nəslin ən istedadlısı Yenisey idisə, bizim nəslin də ən istedadlısı şübhəsiz, Evrəndir.

Aqşin adına ikinci bir şairin bu dərəcə də uğur qazanmağı heyrətləndirdi bizi. Bunu dostlardan biri də demişdi: Aqşindən sonra Aqşin adında bir şairin doğuluşu elə də asan məsələ deyil.

Evrən bu gün Yeniseyin kölgəsində deyil. Sizi əmin edirəm ki, Evrən uğursuz olsaydı, o zaman Aqşin adından imtina etməsi də onu xilas etməyəcəkdi. Hətta zarafat da qoşacaqdılar: “Budur gəldi istedadsız Aqşin”.

Bizim nəslin Aqşini isə öz nəğməsi ilə doğuldu.

Hərdən boynunu üşüdər onun aldığı şərf də

barmaqların əllərindən sırsıra tək sallanar.

Tez-tez bu şeiri oxuyuruq evdə. Daha doğrusu səsli dinləyirik. Bu şeir bizim evin himni olub. Hətta bir az da irəli gedib belə deyə bilərəm: bu bizim nəslin himnidir.

Bu Aqşin o Aqşinə bənzəmədi. Evrənin nə mollalarla, nə muğamatçılarla, nə də məmur yazıçılarla işi olmadı. Hay-həşir, səs-küy qoparmadı. Sakit-sakit öz yolunu tapdı. Dava ilə gələn Aqşinin cığırından yol almadı, özü bir cığır yaratdı. Bəlkə də o davanı öz içində yaşadı və hələ də yaşamaqdadı. Ancaq Aqşin Evrəni hamımız bu cür sevdik. Onun yalnız siması danışdı, özü yox. Bir də təbii ki, şeirləri.

Bu yazı əslində çoxdan yazılmalıydı. Sadəcə tənbəllikdən, bir az da qısqanclıqdan gecikdi. Həqiqi sözümdü. İstedad təhlükəlidir. Mən Aqşinin istedadı qarşısında acizəm. Və bizim nəsildə onun qədər uğurlu ikinci imza tanımıram.

Yazının səbəbi də budur. Bizim nəslin Aqşininin dəyərini vermək. Hərdən zarafatla deyirəm ki, o Ramiz Rövşəndən böyükdür. Camaat da bunu ciddiyə alıb mənə nələr demədi ki... Mən sadəcə yaşı keçmiş, ədəbiyyatda sözünü demiş Ramiz Rövşənin yerinə öz Aqşin Evrənimizi seçdim. Bu qədər. Fikrimi böyüdüb filə çevirmək lazım deyil. O fikir də Aqşin kimi sakit bir oğlanın yanından ötüb keçəcək.

Aqşin Evrən də Yenisey kimi təkrarsız və orijinaldır. Qoy bunu da deyim, inciməsin. Tənbəldir. Neçə vaxtdır kitabını gözləyirik, hələ səs-soraq yoxdur. Kitabsız bəlkə də yaddaşlara düşən yeganə şairdir Aqşin. Az-az şeirləri çıxır. Özü bu haqda bir dəfə belə demişdi: “Elə şair var, deyir, günə beş şeir yazıram. Sanki şeiri kartof qızartmasıdır, istədiyin vaxt ortaya gətirə bilərsən. Bu qədər ağrı, acını həzm etmədən yazılan şeiri başa düşə bilmirəm. Ayrılan kimi şeir yazırlar”.

Yazımı Aqşinin, bizim Aqşinin bir misrası ilə bitirirəm: “Atam siqaretin tüstüsü ilə öyrətdi bizə gələcəyin dumanlı olacağını”.

# 1345 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #