Şoudan qaçmaq olmur

Şoudan qaçmaq olmur
30 sentyabr 2015
# 10:46

Bir az öncə həmkarım Qan Turalı şoudan necə xilas olmağın yollarını göstərmişdi. Özü də çox sadə: baxmayın.

Məncə bu, çıxış yolu deyil, çünki sən baxmasan da ailə üzvlərindən kimsə maraqlı veriliş tapmaq həvəsiylə kanalları bir-bir dəyişəcək və sən dördkünc qutudan evinə soxulan həyasız bir ifadə eşidib, qulaqlarını “şəkləyəcəksən”...

O başqa məsələ ki, Qan Turalıdan da xeyli əvvəl yazarlarımıza və tənqidçilərimizə belə bir sual ünvanlanmışdı: Ədəbiyyata şou lazımdırmı?

Hər kəs də öz bilik və bacarığına, dünyagörüşünə uyğun fikir sərgiləmişdi. Hörmətli tənqidçilərimizin bəziləri “şou” sözünün leksik mənasını doğru ifadə eləmiş, amma mahiyyət tam açılmamışdı.

Bəli, ingiliscə məlum söz “göstərmək, nümayiş elətdirmək” deməkdi. Amma indiki anlamda, özü də Azərbaycan məkanında öz mənasını itirib və çox kobud səslənir. Mən desəm ki, bəziləri mübahisəli məqamlarda tumanlarını, az qala, başlarına keçirirlər, bəndənizi ədəbsizlikdə qınayacaqlar. Halbuki, məlum ifadə sadə xalq deyimidir. Tuman – uzun, taxtalı yubkaya deyirlər.

Özü də bu qəbildən olan adamlar zaman-zaman onun xeyrini də görüblər. Vaxtı ilə kimsə tumanını yuxarı qaldırıb, sosial şəbəkədə paylaşırdı, kimisə məşuqəsinin sayını bilmədiyini deyirdi. Axırda çox şeyə nail oldular.

Hələ bir cütlük də var, həftədə bir dəfə boşanır, bir dəfə də evlənirlər. Belə əxlaq daşıyıcılarını isə televiziya kanallarımız reklam edir. Tamaşaçılar da abırdan düşür.

Məşhur xanım müğənnilərdən biri deyir: “O, Nadir Qafarzadə yox, Nadir şahdır. Mən dedim, qurtardı”.

Mən bu ixtiyarı xanım müğənnimizə kimin verdiyini bilmirəm, amma sadə bir sualım var: Nadir Qafarzadə hansı auditoriyanı fəth edib? Nadir şah dünyanın yarısını fəth eləmişdi. O başqa məsələ ki, özünə məxsus ifadə tərzi və auditoriyası var.

Başqa bir misal. Müğənnilərdən biri öz həmkarını qınayır ki, niyə onun ilk dəfə oxuduğu mahnını repertuarına salıb. Gülməli (bəlkə də ağlamalı) vəziyyətdir. Adamdan soruşarlar, məgər o mahnının müəlliflik hüququnu sən almısan?

Mahnının sözlərinin müəllifi, bəstəkarı qalıb bir qıraqda, onu ilk dəfə ifa edən şeşələnir...

Sözümün mustafası ədəbiyyatla bağlıdır. Bəli, bizə bu cür şoular lazım deyil. Ədəbiyyat çığır-bağırı sevmir, əsəri sevir. Nə yazıbsansa odur. Tarixdə çox yazıçı və şairlər olub, dövlətdən hər şey də alıblar, amma indi adları heç yerdə yoxdur. Belə adamlar üçün bizlərdə daha kobud ifadə işlədirlər. Amma mən ondan vaz keçirəm.

Bəzən bizə çatacaq payı əvvəlcədən almaq istəyirik. Ona görə də bəzi cavan yazıçılarımız tələsirlər. Bir neçə status yazan, nisbi müsabiqələrdə həvəsləndirici mükafat alanlar atılıb qabağa düşmək istəyirlər. Mən həmişə cavan yazarları dəstəkləmişəm, onları ürəkləndirmişəm. Ədəbiyyat naminə hər bir aksiyaya da yaxşı baxmışam, çünki hamısı ədəbiyyat üçündür. Başa düşürəm ki, bəzən onlar kiminsə və nəyinsə kölgəsində qalırlar və cırnayırlar. Ona görə də şouya meyl edirlər...

Kimlərsə AYB-yə girib, təqaüd və mükafatlar alır, sonra bəyanat verərək çıxır, amma anlamır ki, üzünə deməsələr də, bu cür adamları heç kəs bəyənmir. Ortada etibar məsələsi var.

Sözümün canı başqadır. Ədəbiyyatda göstərinin başqa formaları da var. Məsələn, sosial reklamlar çərçivəsində yaxşı əsərlərin və müəlliflərin təbliği. Deyək ki, televiziyalar biznes planlarına uyğun olaraq sosial reklamlar çərçivəsində kitab təbliğ edə bilərlər. Düzdü, burda da bir qorxu yaranır: görəsən, həmin reklamları yenə də mənsəb sahibləri və imkanlı yazarlar ələ keçirməyəcəklər ki? Narahatçılığa kifayət qədər əsas var.

Yaxşı kitabı müəyyən eləmək üçün başqa bir variant da var: televiziyalar Milli Kitabxanamızda monitorinq apara və kimlərin kitablarına daha çox tələbat olduğunu öyrənə bilərlər. Müxtəlif səpgili sorğular keçirilə bilər, yəni hansı tip kitaba oxucunun istəyini nəzərə alıb, ədəbi mühitimiz üçün yararlı kitabları reklam edə bilərlər...

Onda şou da bir az azalar. “Bir az” ona görə deyirəm ki, indiki zamanda şoudan qurtulmaq mümkünsüzdür...

# 1430 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #