Oğlana qədər doğmaq

Oğlana qədər doğmaq
11 fevral 2015
# 15:57

Bir neçə həftə əvvəl “Xəzər” televiziyasının xəbərlər proqramında qız doğduğuna görə evdən qovulan gəlin haqda süjet verilmişdi.

Ağa Cəfərliyə hadisə ilə bağlı yazıb-yazmamağı məsləhətləşəndə dedi ki, “əlbəttə yaz, amma XXI əsrdəki problemimizə bax”.

Doğrudan da...

Mobil telefon, internet, televiziya vasitəsilə ölkələr arasında sərhədlərin itdiyi, sıravi azərbaycanlının ən azı məişət-sosial həyatında müasirliyə iddia etdiyi dövrdə qıza münasibətdə geri zəkalı düşüncənin əsiri olmaq absurddur.

Yaxın qohumumuzun ailəsində belə şey olmuşdu. Hamilə qadının növbəti UZİ müayinəsində həkim əvvəlcə dünyaya gələcək körpənin ilk övlad olub-olmadığını soruşmuşdu. İlk övlad olduğunu biləndə tərəddüdlə, çəkinə-çəkinə uşağın qız olduğunu dedi. Həkimin ehtiyatlı münasibəti əksər ailələrdə hələ də qıza ikinci növ insan kimi baxılmasının göstəricisidir.

Qızdan fərqli olaraq, oğlan uşağı dünyaya gəlməzdən öncə ailədə mütləq onun müsbət imicini cızırlar: oğul düşmən çəpərdir, ailəyə dayaqdır, nəslin davamçısıdır. Nəticədə patriarxal düşüncəli belə ailələr adətən faydasız, yararsız övlad yetişdirir.

Hətta kasıb ailələr var ki, oğlan doğana kimi doğum prosesini dayandırmırlar. Bu proses bəzən yeddi qıza qədər davam edir.

Qəribə bir şey daha var. Cinsəl münasibətlərə ehtiyatla yanaşan, abır-həya gözləyən azərbaycanlı nədənsə körpə oğlanın çılpaq (qızdan fərqli olaraq) şəklini məsələn, sosial şəbəkələrdə cəsarətlə yayır. Və mütləq “əmi sənin duduşunu yesin” şərhini yazanlar da tapılır. Avropalı yəqin ki, “du.uşunu yesin” cümləsində haqlı olaraq pedofiliyanın izlərini axtarardı.

Amma bunun pedofiliyadan çox oğlan uşağının üstünlüyünü önə çəkən milli mentallığımızı bilməsi üçün bizi yaxşı tanıması lazımdır.

Sanki oğlunun çılpaq fotosunu yayan valideyn əsas aksenti onun cinsiyyət orqanına edir, onu bir növ qürur mənbəyi, düşmən çəpəri kimi görür. Hətta bəlkə alt şüurunda düşmənlərinə, sevmədiyi insanlara mesaj da yollayır: böyüsün, sizin nəslinizi, ana bacınızı belə-belə edər.

Qıza münasibəti isə Həsən Quliyev daha dəqiq izah edir:

“Anadan olan kimi qız uşağı hamının mənəvi nəzarətinə məruz qalır. Hətta evin daxilində də onun həyat sahəsi məhdudlaşdırılır: qonaqların yanına getmək və kişilərin dincəldiyi otağa girmək məsləhət görülmür. Onun hər bir hərəkəti (dəcəlliyi, na­dincliyi, hər şeyə hədsiz maraq göstərməsi və s.) yaşlıların diqqət mərkəzində olur və əgər qadının mənəvi həyat tərzi ilə ziddiyyət təşkil edirsə, onun nalayiq hərəkəti dərhal düzəldilir. Lakin çox az hallarda belə tədbirlərə əl atılır, çünki qız uşağı utancaqlıq hissi ilə (vicdan əzabı sindromu) özü öz hərəkətlərinə nəzarət edir: el içində biabır olmaq təhlükəsi onu ənənəvi qohum-əqrəbanın hazırladığı «əxlaq qəfəsi»ndən kənara çıxmağa qoymur. Qızı daim nalayiq (qadına yaraşmayan) hərəkətinə görə utandıraraq ona son dərəcə qapalı əxlaq məcrasından kənara çıxmağa imkan vermirlər. Onun şüuru demək olar ki, hər bir qeyri-iradi uşaq sərbəstliyindən ötrü total utancaqlıq mənəvi kompleksi ilə formalaşır”.

Yəqin ki, nə vaxtsa sivil, sosial cəmiyyət qurulacaq, bir çox dəyərlər dəyişəcək, amma azərbaycanlının şüurundakı bu arxetip heç zaman köhnəlməyəcək: “Əmi sənin du.uşunu yesin”.

# 2152 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #