Dur, rədd ol burdan

Dur, rədd ol burdan
13 fevral 2014
# 11:16

1990-cı illərin sonlarında Soros Fondu hamı üçün üç günlük pulsuz internet kursu açdı. Həmin kursu başa vurandan sonra özümdən əmin halda Bakının ilk internet-klubuna girdim, açıq kompüterlərdən birinin qarşısında əyləşdim. Ünvan yazmalı olduğum yerə www.yahoo.com yazdım, “Enter”-i basmadan gözləməyə başladım. Üç dəqiqə gözlədim, beş dəqiqə gözlədim. Ünvanı silib bir daha yazdım. Sağa boylandım kimsə yox, sola boylandım hərə öz işində. Silib yazdım rambler.ru. Çox istəyirdim bu yeni meyvədən dadmağı. Lap çox istəyirdim. Amma Enter-i basmaq lazım idi. Birdən ekranın ortasında iri hərflərlə belə bir cümlə peyda oldu: “Dur, rədd ol burdan!”

Yəni başa düşdünüz də, gözləmə rejiminə keçmək üçün kompüterlərə 10-15 dəqiqə limit qoyubmuşlar. Həmin rejimə keçəndə monitorda göstərilmək üçün internet-klubun adını yazırlar günümüzdə...

Mən diksindim. Necə deyildisə, elə də elədim. Cəld ayağa qalxdım, çantamı götürüb adminə yaxınlaşdım, borcumu ödəyib küçəyə çıxdım. Çıxdım və düz dörd il internet adı çəkmədim. 1998-ci ildən 2002-ci ilə qədər.

Demək ki, insan çox gənc olanda onu həvəsdən salmaq bu qədər asan olur.

***

Valideyn olmağın möcüzəvi təsirləri var. Sənin ürəyin təkcə öz uşağına yox, bütün insanlara qarşı hədsiz mərhəmətlə dolur. Adamların üst-başına baxırsan; belə şaxtada bu zavallının boynu açıq, şarfı yox, əlcəyi yox, əlləri qıpqırmızı, anası ölsün bunun. Təmizlənmiş zibilqabı hücrəsini görəndə ac qalacaq siçovulların dərdini çəkirsən. Xəbərləri sakit həzm edə bilmirsən, uçan binanın altında qalanların anası, Afrikada palçıqlı suyu gölməçədən fincana yığıb uşağına içirən gənc qadınların atası olursan.

Bundan iki-üç il əvvəl bir idarənin pilləkənində keçmiş iş yoldaşıma rast gəldim. Tarixçidir. On ilə yaxındı görüşməmişdik. Dedi, iki oğlum var... “dörd yaşında bir oğlumsa öldü, cızdağım çıxdı...” Mən də öz növbəmdə suallara cavab verdim. O dedi gözəlləşmisən, mən dedim yaxşılaşmısan. Sağollaşanda bu cavan oğlan heç vaxt tapa bilməzsiniz mənə nə dedi: “Nərmin, çalış sulu xörəklər bişir, özünüzə yaxşı baxın”.

Deyirlər, bu hislər tez keçib gedir. Gün gəlir, 90 yaşlı ata-ana 70 yaşlı uşaqlarıyla “Yunlarımızı oğurlayıb apardın, özünə yorğan-döşək saldın” - davasına çıxır.

Məndə də keçib gedəcək, yenə paltarlarını niyə başqalarına verdiyinə görə anasıyla dalaşan qız olacağam.

Amma kimlərdəsə bu valideynliyin gətirdiyi sovqat deyil. Məsələn, Şərif Ağayar. O, ata olmayanda da dediyim kimiydi. Sənə elə gəlirdi ki, o hamının və sənin paltonuzun qalın olub-olmadığına göz qoyur, ayaqqabınızın su buraxıb-buraxmayacağını fikirləşir. Nə dediyimi anlamaq üçün Şərifin özünü tanımalısan, ya da yazılarını oxumlısan. Məsələn, son yazısı “Məkrli roman müzakirəsi”ni.

Gənclər, sizə sevdiyiniz bir işin başında “Dur rədd ol burdan” - mesajı versələr, heç zaman durub bayıra çıxmayın. Şərif kimi insanlara yaxınlaşın. Onlar ekrandakı yazının səbəbini sizə də, qarşı tərəfə də izah edəcəklər.

# 11935 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #